İcra başçısı keçmış məmur və direktor müavinini ölümlə hədələdi - Şikayət

img

16-04-2014 [10:53]


Ağcabədi rayon 6 saylı Tam Orta Məktəbinin sabiq direktor müavini Quliyev Bulud İnqilab oğlu şikayət edib. 

Mia.az Yenicag.az-a istinadən xəbər verir ki, redaksiyaya müraciət edən B.Quliyev icra başçısı Şahin Məmmədov tərəfindən təhdid olunduğunu bildirir.

İcra başçısı tərəfindən "razborka”ya dəvət edildiyini bildirən şikayətçi başçının rayonla bağlı faktların mətbuatda dərcinə görə, onu günahlandırdığını bildirir. Onun sözlərinə görə, o, icra başçısı ilə söhbətində bildirib ki, "siz cənab prezidentin rayonun sosial-iqtisadi inkişafı üçün ayırdığı vəsaitləri dağıdırsınız. Yol çəkmək, məktəb təmiri kimi adlarla dövlət vəsaiti dağıdılır. Sizin birinci müavininiz Rövşən Əhmədovun qardaşı məktəblərə ayrılan vəsaitin bir qəpiyin belə təyinatı üzrə xərcləməyə qoymur. Parklar, küçələr iş adamlarına təmir etdirilir”.

Bulud Quliyev qeyd edir ki, Şahin Məmmədov və birinici müavin Rövşən Əhmədovun rayonda onlarla böyük obyekti var ki, onlar vergidən yayınırlar: "Bununla bağlı vergilər naziri Fazil Məmmədova da müraciət etdim. Bildirdim ki, 8 sayli ərazi vergilər idarəsi Şahin Məmmədovun qanunsuz biznesinə göz yumur və külli miqdarda məbləğ dövlətdən mənimsənilir”.

Rayonda sahibkarlığın belinin qırıldığını bildirən şikayətçi icra başçısı tərəfindən təhdid edildiyini vurğulayır: "Mən bunları icra başçısına söylədiyimdə, o, əsəbi şəkildə məni təhdid edərək, başıma oyun açacağını bildirdi. Mən də cavabında bildirdim ki, mən şoferinizlə birlikdə döyüb, sonra şikayət etməsin deyə qorxutduğunuz adamlardan deyiləm. Mən haqqımı hər yerdə arayacağam”.

Bulud Quliyev birinci müavin Rövşən Əhmədovun da onu hədələdiyini qeyd edir: "Rövşən Əhmədov deyir ki, "görmədin filankəs öldürüldü, qanı da batdı. Sən onu istəyirsən?” Bunlar Ağcabədidə imperiya qurublar və bu imperiyaya kimsənin toxuna bilməyəcəyini düşünürlər. Necə ola bilər ki, hərbi xidmətdən yayınan R.Əhmədov YAP sədri və birinci müavin ola bilir? Onlar öncə bu suala aydınlıq gətirsinlər”.

Bulud Quliyev bildirir ki, onun ittihamlarına cavab verə bilməyərək, əlacı onu təhdid etməkdə görən icra başçısı onun xəstəliyi ilə əlaqədar bülletenə çıxmasını fürsət bilərək, aprel ayının 1-də işdən çıxarılmasına nail olub: "Direktor açıq şəkildə mənə dedi ki, "mən kiməm, adam çıxaram. Sənin tapşırığın icradan gəldi”. Mən hazırda məhkəməyə hazırlaşıram və bu ədalətsizliyə qarşı yeganə güvəncim cənab prezidentdir”.

Qeyd edək ki, Bulud Quliyev məktəbdən öncə Ağcabədi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun adı o zaman Ağcabədini çalxalayan böyük bir qalmaqalda hallanmışdı.

***
Məsələyə münasibət bildirən Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov isə bildirir ki, Bulud Quliyevin söylədikləri həqiqətə uyğun deyil: "Bulud Quliyev 4 il öncə cinayətə görə həbs olunmuşdu və həbsdən azad olduqdan sonra işsiz qalmasın deyə, onu direktor müavini təyin etdik. Lakin işdə verdiyi nöqsanlara və işə gəlmədiyinə görə, direktor tərəfindən aktlaşdırılaraq işdən azad edilib. Onun saxta bülleteni də ifşa edilib. Onun bu arayışı zorla aldığı həkim bunu etiraf edib ki, məni hədələdiyi üçün yazmışam”.

Digər xəbərlər
SON XƏBƏRLƏR