Səfir müavininin başçılıq etdiyi heyət Novosibirskdə! - Rəsmi səfər- Fotolar

img

12-04-2014 [16:48]



Aprelin ayının 10-u 11-də aprel tarixlərində Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfirinin müavini Qüdsi Osmanovun rəhbərliyi altında səfirliyin diplomatlarından və diaspor üzvlərindən ibarət nümayəndə heyəti sözügedən ölkənin Novosibirsk vilayətində səfərdə olublar.

 Mia.az-a daxil olan məlumata görə, səfər zamanı Novosibirskin Qubernatoru səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Qorodetski ilə görüş keçirilib. 

Qarşılıqlı anlaşma şəraitində baş tutan görüşdə Qüdsi Osmanov səfir Polad Bülbüloğlunun salam və ən xoş arzularını qarşı tərəfə çatdıraraq, cənab V.Qorodetskiyə Novosibirsk meri işlədiyi zaman Azərbaycana baş tutmuş səfərindən söz açıb. 

Səfir müavini bildirib ki, Azərbaycan Rusiyanın müxtəlif vilayətləri ilə iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır: «Cavab olaraq, V.Qorodetski Novosibirsk vilayətinin nümayəndə heyətinin Azərbaycana yenidən xoşməramlı səfərinin təşkilinin mümkünlüyü ifadə etmiş və bu səfərin ikitərəfli əlaqələrin möhkəmlənməsində faydalı olacağına inandıqlarını deyib». 

Məlumatda o da qeyd olunur ki, Azərbaycan səfirliyinin nümayəndə heyətinin Novosibirskə səfəri çərçivəsində vilayətin Qanunverici məclisinin sədri İvan Moroz və məclisin deputatları ilə də görüş keçirilib. 

Görüşdə Novosibirsk vilayətinin Qanunverici məclisinin sədri İvan Moroz Novosibirsk hökumətinin Azərbaycanla parlamentlərarası əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının, orta və kiçik sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstəyi, tətbiq edilən qanunvericilik və uğurlu islahatlar sahəsindəki təcrübənin öyrənilməsi Novosibirsk üçün maraq kəsb edir.             

Azərbaycanın Rusiyadakı Səfirliyini təmsil edən nümayəndə heyəti Novosibirskə səfəri çərçivəsində "Turbis-2014” Beynəlxalq Turizm sərgisində də iştirak ediblər. Açılış mərasimində çıxış edən səfir müavini Qüdsi Osmanov Azərbaycanın geniş turizm potensialından və istirahət infrastrukturu barədə sərgi iştirakçılarını məlumatlandırmaqla bərabər, gələn il keçiriləcək Turbis sərgisində ölkəmizin təmsil oluna biləcəyini vurğulayıb.

Mia.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Novosibirsk Regional Elmi Kitabxanasını da ziyarət ediblər. Ziyarət zamanı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın adından Azərbaycanın tarixi və mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri əks etdirən çox sayda kitab və CD-lər kitabxanaya hədiyyə olunub.

 Kitabxananın direktoru Svetlana Tarasova təqdim olunmuş hədiyyələrə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirərək, Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə təqdim olunmuş kitab və CD-lərin kitabxana üçün əvəzolunmaz hədiyyə olduğunu xüsusi qeyd edib. 

 Səfər çərçivəsində, Səfirliyin nümayəndələri ilə Novosibirskdəki yaşayan Azərbaycan diaspor üzvləri ilə Rusiya-Azərbaycan Evində görüş də keçiriblər. Rusiya-Azərbaycan evinin rəhbəri Mais Məmmədov Səfirlik nümayəndələrinin Novosibirskə səfərlərini mühüm hadisə adlandıraraq, bu səfərin diasporun fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb. 

Səfir müavini Qüdsi Osmanov diaspor qurumları arasında məhsuldar fəaliyyətin həyata keçirilməsi üçün birlik və həmrəylik kimi vacib amillərin həlledici rol oynadığını deyərək, bildirib ki, xaricdə yaşayan hər bir azərbaycanlı milli-mədəni dəyərlərimizi qorumaq və təbliğ etməklə yanaşı, həm də yaşadığı ölkənin və şəhərin ictimai həyatına da inteqrasiya olmalıdır. 

Görüşün yekununda Rusiya-Azərbaycan Evinə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin adından kitablar hədiyyə olunub. 

Səfər çərçivəsində baş verən daha bir əlamətdar hadisə dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettasının Novosibirskdə səhnələşdirilməsi olub. 

Novosibirsk vilayətinin Mədəniyyət nazirinin müavini Viktor Bulankin tamaşadan əvvəl çıxış edərək, Üzeyir Hacıbəyovun bütün şərq aləmində və dünyada tanınmış incəsənət xadimi olduğunu bildirmiş və dahi bəstəkarımızı bəşəriyyətin sərvəti adlandırıb. 

Daha sonra çıxış edən səfir müavini Qüdsi Osmanov "Arşın mal alan” əsərinin Azərbaycanın mədəni irsi və dünya mədəniyyəti üçün kəsb etdiyi mənəvi dəyərdən söz açaraq, 2013-cü ildən etibarən UNESCO-nun qərarı ilə "Arşın mal alan” operettasının 100 illiyi bütün dünyada qeyd olunması barədə iştirakçıları məlumatlandırıb. Qüdsi Osmanov deyib ki ki, "Arşın mal alan” operettasını Azərbaycan xalqı üçün əvəzolunmaz edən vacib amillərdən biri də odur ki, əsərdəki hadisələr Azərbaycanın incisi sayılan və bir çox dünya şöhrətli mədəniyyət xadimini yetişdirmiş Şuşada cərəyan edir. 

Qeyd edək ki, Üzeyir Hacıbəyovun "Arşın mal alan” operettası Novosibirsk Dram və Teatr İnstitutunun 4-cü kurs tələbələri tərəfindən diplom işi kimi səhnələşdirilib.











Digər xəbərlər
SON XƏBƏRLƏR