Məmur oğlu professorun oğlunun evinə basqın etdirib - Ağır döyülmə

img

10-04-2014 [10:34]


"Badamdar qəsəbəsində polis və mülki geyimli şəxslər Zakir Hüseynov adlı vətəndaşa qarşı təxribat törətmək istəyirlər”.

Mia.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov məlumat verib. Onun sözlərinə görə, Zakir Hüseynovla keçmiş kürəkəni arasında problem yaranıb: "Zakir Hüseynovun qızı 2 ay gəlin olduqdan sonra dözülməz şəraitdən ata evinə qayıdıb. 


Bundan sonra kürəkən Tural Əhmədov daim qayınatasına zəng edib, təhdid edib, onu deşik-deşik edəcəyi barədə SMS-lər yazıb ki, qızını qaytarsın. 17 fevral 2014-cü il tarixdə kürəkəni 4 nəfərlə onun evinə gəlib. Həmin şəxslərdən biri polis əməkdaşı olub. Onlar Zakir Hüseynovun qızını zorla geri qaytarmaq istəyiblər. Zakir Hüseynov buna razılıq vermədikdə onu öz evində ölümcül döyüblər”.

Vəkilin sözlərinə görə, bundan sonra Z. Hüseynov təcili yardımla xəstəxanaya aparılıb. Ona çoxlu sayda xəsarət yetirildiyi, burun sümüyünün sındırıldığı müəyyən edilib. Dərhal hadisə yerinə gələn polislər izahat alıblar. Heç bir tədbir görülmədiyindən Z. Hüseynov dəfələrlə daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova şikayət ərizələri yazıb. Amma Səbayel Rayon Polis İdarəsində Z. Hüseynovun özünə xuliqanlıq ittihamı irəli sürülüb.

"İş materialları tam saxtalaşdırılıb. Bunun səbəbi odur ki, Zakir Hüseynovun yeznəsinin valideynləri vəzifəli şəxslərdir. Onun anası Nazirlər Kabinetində, atası isə Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tuturlar. Zakir Hüseynovu həbs etmək istəsələr də, vəkilin müdaxiləsindən sonra sərbəst buraxıblar. Amma ittiham qüvvəsində qalır”,- deyə Aslan İsmayılov bildirib.

Onun sözlərinə görə, dünən səhər saatlarında Badamdarın sahə müvəkkili və mülki geyimli şəxslər Z. Hüseynovun evinə gəlib: "Zakir Hüseynovun anası, yaxından tanıdığım Lalə xanım və atası, professor, elmlər doktoru Əli müəllim mənimlə əlaqə saxlayıb. Onun evinin qarşısında iki maşın keşik çəkir. Onlardan biri 90 FC 404 nömrə nişanlı ”Mercedes", digəri isə 10 XC 999 nömrə nişanlı "Lexus”dur. Hər ikisində mülki geyimli şəxslər var. Sahə müvəkkili Cavad Cavadov da onlarladır. Mülki geyimlilərdən biri özünü əməliyyatçı kimi təqdim edib.

Onlar iddia edirlər ki, baş verənlərinin onlara dəxli yoxdur. Gözləyirlər ki, Zakir Hüseynov çölə çıxsın və ona qarşı hər hansı təxribat törətsinlər". Hüquqşünas deyib ki, hadisə barədə Bakı Şəhər Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib: "Lakin heç bir nəticəsi yoxdur. Açıq-aşkar dərəbəylikdir. Bir daha Zakir Qaralov və Ramil Usubova müraciət edirəm ki, bu özbaşınalığın qarşısını alsınlar”.

Baş Prokurorluğun mətbuat xidmətindən isə "Yeni Müsavat”a bildirilib ki, mətbuatda gedən yazıdan xəbərdardırlar: "Şikayət ərizəsi Baş Prokurorluğa daxil olub və rəhbərlik tərəfindən həmin ərizə nəzarətə götürülüb”.

Sahə inspektoru, polis kapitanı Qoşqar Məmmədtağıyev qeyd edib ki, heç kimin sözü ilə heç kimi polis bölməsində döymürlər. Bölmənin növbətçi hissəsindən hadisə barədə məlumatlı olmadıqlarını bildiriblər. Səbayel Rayon Polis İdarəsindən isə bildirilib ki, onların baş verənlərdən xəbəri yoxdur və hadisəyə nazirlik münasibət bildirə bilər.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə qeyd edib ki, həmin fakt araşdırılmayıb və mətbuatda yazılanlardan xəbərdardırlar: "Onu deyə bilərəm ki, əgər vətəndaş üzləşdiyi hər hansı bir qanunazidd hərəkətlə bağlı DİN-in yerli qurumlarına, 102 xidmətinə zəng edərsə, rəsmi qaydada məlumat verərsə, həmin müraciət, həmin məlumat dərhal və obyektiv olaraq araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni tədbirlər görülür, buna heç kimin şübhəsi olmasın”.

Digər xəbərlər
SON XƏBƏRLƏR