Rektorun tələbəyə məğlub olması

23-02-2014 [22:50]

Bakı Dövlət Universitetinin məzunu kimi bu təhsil ocağında işlərin necə getdiyini yaxşı bilirəm. Bəli, bizim vaxtımızda BDU-da rüşvətxorluq üst səviyyədə deyildi, amma vardı. 

Oxumaq istəməyənlar o vaxt da indiki kimi pulunu verib qiymətini ala bilirdi. Öz gücünün, savadının qarşılığında qiymət alanlar da az deyildi. İnanıram ki, indi də elədir. Çünki 20 minə yaxın tələbənin hamısından pul alıb qiymət yazmaq mümkün deyil. Bu mənada, səs-küy yaradanları səbrli olmağa çağırıram. Amma sözümün canı bu deyil. Azərbaycanda haqqın nahaqqın ayağına verilməsi, doğrunun yalançının gözü qarşısında diz çökdürülməsi, əmanətə xəyanət edilməsi adi hala çevrilib. Ona görə də hansısa universitetdə bir tələbəni haqsız yerə imtahandan kəsib, ondan pul tələb etmək qeyri-adi hal deyil. Bir qədər dikbaş oldunsa, mütiliyi rədd etdinsə, rektorun, dekanın, lap elə adi müəllimin qarşısında boynunu bükmədinsə, istənilən ləkəni sənə yaxar, qiymətini kəsib yola salarlar. Ədalətsizliyin at oynatdığı bu məmləkətdə nə desən olar. Bir tələbə qızı imtahandan kəsib rüşvət istəmək nədir ki? Nəhayət, siyasi mənsubiyyəti olmayan, müxalifət liderlərinin "fətva"sı ilə hərəkət etməyən bir qrup gənc etiraz etmək hüququnun olduğunu xatırladı və BDU-nun qarşısında aksiya keçirdi. Ertəsi gün BDU-nun rektoru Abel Məhərrəmov kəsir imtahanlarının pullu olmasına etiraz edən tələbələri qəbul elədi. Tədbir zamanı tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva mikrafonu əlinə aldı və nə lazımdırsa, dedi: "Özüm şəhid övladıyam, atasız böyüyən bir insanam. Bu günə kimi heç kimə rüşvət verməmişəm. 17 yanvarda "Rusiyanın Qafqaz tarixi" fənnindən imtahan vermişəm. Nəticələrim yaxşı olsa da, müəllim məndən 70 manat istəyib. Mənə deyib ki, pul verməsən, səni imtahandan kəsəcəm. 25 nəfərin 12 nəfəri imtahandan kəsilib. Nəyə görə? Cavablar göz qabağındadır. Nə vaxta qədər bu rüşvətxorluq olacaq?". 

Bəlkə də Abel Məhərrəmova bu günə qədər belə "sillə" vuran olmamışdı. Həmin o tələbənin cəsarətinə də, ötkəmliyində də alqış düşür. Zalda olan tələbələr bunu anladıqları üçün onu alqışladılar. Amma tələbə qızın haqlı sualı qarşısında arqument gətirə bilməyən rektor "Səni elə qovaram ki, burada izin qalmaz", - deyəcək qədər cılızlaşdı. Ardıycan tələbəni məhkəmə ilə hədələyərək, olan-qalan hörmətini də itirdi. Bu qızın cəsarətinin mənbəyi bəllidir. Damarında axan qan şəhid qanı olduğu üçün haqqı deyib universitetdən qovulmq onu qorxutmadı. Azərbaycan cəmiyyətinin bu cür müsbət nümunələrə ehtiyacı var. Sabah o tələbə qızla bağlı minbir "fakt" ortaya qoya, şər-şəbədə qoşa bilərlər. Amma fakt faktlığında qalır: imkansız tələbə qız ölkənin ən stajlı rektorlarından birinin üzərində parlaq qələbə çaldı. 

Abel Məhərrəmov, adam deputat, rektor, akademik ola bilər. Məhkəmə ilə hədələdiyiniz, qovmaqla təhdid etdiyiniz o şəhid qızının da bir gün deputat, rektor, akademik olması mümkündür. O zaman yenə onu hədələməyə cəsarətiniz çatacaqmı? İnanmıram! Sizin gücünüz ancaq arxasız bir tələbəyə barmaq silkələməyə çatır. Amma unutmayan ki, zülm ilə abad olanın, sonu bərbad olar... 



SON XƏBƏRLƏR