Fərsiz başçı, komsomol deputat

16-02-2014 [18:17]

Əsilində, bu barədə yazmaq istəmirdim. Çünki hər dəfə bu mövzudan yazanda məni qərəzli olmaqda, görülən işləri görməməkdə, hər şeyə qara eynəkdən baxmaqda suçlayanlar tapılır. Söhbət Sumqayıtın icra başçısı Eldar Əzizovun səriştəsizliyindən gedir. 

Yanvarın sonunda yağan qar Azərbaycan hökumətinin bədii dildə demsək, papağını yerə soxdu. Bir gecədə yağan qar bütün ölkəni iflic elədi, yollar bağlandı, sular dondu, qaz kəsildi, işıqlar söndü və həyat öldü. İş o yerə çatdı ki, bəzi dükanlarda çörək bir tərəfə dursun, un tapılmadı. Camaat nətər qorxdusa, bir həftəlik un alıb tədarük gördü. 

Qışın oğlan çağında yağan bu qarın ən böyük zərbəsi Sumqayıtın icra başçısı Eldar müəllimə dəydi. Bəli, təbiət bu dəfə Eldar Əzizova qarşı daha amansız oldu. Bakı meri Hacıbala Abutalıbova güzəştə gedərək paytaxta 6 sm, amma Sumqayıta 24 sm qar ələdi. Bununla da Sumqayıtın və bu şəhərin kasıb camaatının kitabı bağlandı. Qarın yağmağa başlamısandan iki saat keçməmişdi ki, şəhərin yarısının işıqları söndü. Sular kəsildi, yollar bağlandı, hətta Sumqayıtın məşhur 7 saylı marşurutunun "at oynadan" sürücüləri də yola çıxmağa cəsarət eləmədilər. Hətta bir gündə şəhərdə çörək böhranı da yarandı. Axşam çağı evə qayıdanda yalan olmasın, bəlkə də 20 dükana baş çəkdim çörək tapa bilmədim. Həyətimizdəki dükanlarda un da tapılmadı. 

Bütün bunlar qəbul ediləcək, başa düşüləcək məsələlərdir. Amma biz 19-cü əsrin sonu, 20-ci əsrin əvvələrində yaşamırıq. Şükr Allaha ki, müharibə filan da yoxdur. (Hərçənd 20 faiz torpağımız işğal altındadır-Z.Ə.) Nə hikmətdirsə, başçı gələndən bəri adı dillər əzbəri olan Eldar Əzizovun performansını da don vurdu. Sumqayıtda çovğunun təsiri bir həftə çəkdi. Düz yeddi gün camaat yollarda Allah-Alahla işə gedib-gəldi. Qardan təmizlənən bir Eldar Əzizovun idarəsinin qabağı, bir də onu Bakıdan Sumqayıta gətirən yol oldu. Bu qar Eldar Əzizovu sumqayıtlıların gözündən saldı. Artıq heç kim onun Sumqayıta gələndən sonra bişirtdiyi 50 metrlik tortdan və paxlavadan danışmır. Hər kəs Sumqayıtın bir qarın əlində əsir qaldığından, şəhər rəhbərliyinin isə nə qədər fərsiz olmasından söz açır. 

İndi isə məni toydan sonra nağara məsəlindəki kimi qardan yazmağa vadar edən səbəbə keçək. Onsuz da hamı bilir ki, bizdə hər bir rayonun, şəhərin deputatı icra başçısının «qorxma qoçağım» deyən qardaşı rolunda çıxış edir. Amma Sumqayıtın deputatı Muxtar Babayevin dünənki açıqlaması məni cin atına mindirdi. Deməli, qardan sonra Sumqayıtdakı vəziyyəti şərh edən deputat deyir: "Bu, bir təbiət hadisəsidir. Hesab edirəm ki, qarın yaratdığı problemi aradan qaldıraq üçün aidiyyətidövlət qurumları ilə yanaşı, şəhər sakinləri, şəhərdə fəaliyyət göstərən müəssisələr də könüllü olaraq belə vəziyyətlərdə səylərini birləşdirməldir. Bütün dünyada bu praktika var. İnsanlar könüllü şəkildə öz məhəllələrini, müəssisələrinin qarşısını təmizləyir. Bu şəhər hamımızındır və hər birimiz bu cür təbii hadisələr baş verəndə problemləri vaxtında aradan qaldırmaq üçün səfərbər olmağa çalışmalıyıq”. 

Deputatın bu cümlələrini oxuyan adama elə gəlir ki, SovİKP-nin hansısa bir şəhər qurultayında fəal komsomol çıxış edir. «Böyük Dayaq» filmindəki Rüstəm kişinin sözünü yerinə düşür.Partkomu Şirzad olanın, komsomolu da sənin kimi olar…



SON XƏBƏRLƏR