Aşağılar niyə hiddətlənib?

img

01-12-2013 [21:43]


Prezident seçkisi ərəfəsində efirdən əxlaqsızlıq püskürən nazmizədlərə qarşı sadə mübarizə üsulu təklif etmişdim: onlara salam verməyin!

Şəxsən mən prezidentliyə keçmiş namizəd, ASDP sədri Araz Əlizadə ilə analoji qaydada davranmışdım. Həmin vaxt Araz Əlizadə facebook sosial şəbəkəsində mənə dostluq təklifi göndərsə də, bu adamla hətta virtual aləmdə də dostluq etməyə razı olmamışdım. Adını Araz Əlizadə kimi "qara siyahı"ya saldığım başqaları da var. Heç vaxt siyasətdən danışmasalar da, tərbiyəsiz adam olduqları üçün onları özü-məməxsus üsulda cəzalandırmağa qərar vermişəm...
Budəfəki prezident seçkisi mənim yadımda maraqlı nüanslarla qaldı. Bir daha əmin oldum ki, əxlaqsız adamlara heç bir siyasi düşərgədə yer yoxdur. Axşam efirdə özünü ləyaqətsiz aparan adamları səhər sosial şəbəkələrdə ən çox qınayanlar hakimiyyətyönlü qəzetlərin və saytların əməkdaşları olurdu. Cibində hakim partiyanın biletini gəzdirən gənclərin efirdə söyüş söyən adamları necə şiddətlə qınadıqlarının dəfələrlə şahidi olmuşam. Hakimiyyətin kursunu dəstəkləyən adamlar belə hakimiyyətə yarınmaq üçün nalayiq hərəkətlər edən buqələmunları bağışlamırdılar.
Son illər Azərbaycan xalqı siyasi cəhətdən xeyli yetkinləşib. İnsanlar ağla qaranı bir-birindən ayırmağı bacarır, yaxşı ilə pisin fərqini bilirlər. İnsanlar başa düşürlər ki, hakimiyyətin kursunu dəstəkləmək heç də hakimiyyətdəki pis adamların əməllərinə haqq qazandırmaq deyil. Əksinə, zaman keçdikcə həmin pis adamlara qarşı daha geniş cəbhə yaranır. İndi hakimiyyət təmsilçiləri özləri də problemlər barədə danışmağa başlayıblar. Hətta bəzi YAP-çı deputatların da ağzındakı qıfıl götürülüb...
İki həftə əvvəl Gəncəyə gedəndə ölüm təhlükəsi ilə üz-üzə qalmışdıq. Yolda məlum olmuşdu ki, bizim də sərnişini olduğumuz avtobusun sürücüsü psixi xəstədir, cibində "dəlilik kağızı" gəzdirir. O, sürücülük vəsiqəsi olmadan avtobus idarə etməsini atasının Nəqliyyat naziri Ziya Məmmədovun köhnə tanışı olması ilə əlaqələndirmişdi. Bakıya qayıdan kimi "Nazirin himayə etdiyi dəli" adlı məqalə yazıb, ictimai diq-qəti bu problemə yönəltməyə çalışdım.
Ötən çərşənbə TUMİB-in təşkilatçılığı ilə YAP-ın Binəqədi təşkilatında keçirilən tədbirdə iştirak edəndə bir neçə gənc mənə yaxınlaşıb, həmin yazıya görə təşəkkür etdi. Açığını deyim ki, çox məmnun qaldım. YAP-çı gənclərin yazılarımı oxumasından çox, problemə biganə qalmamaları məni sevindirdi. Təqdirəlayiq haldır ki, insanlar getdikcə daha realist olmağa çalışırlar. Ziya Məmmədovun özünün də, oğlunun da, digər ailə üzvlərinin də, hətta nökərinin də avtomobili var. Amma mənim kimi həmin gənclər də ictimai nəqliyyatdan istifa edirlər. Bu isə o deməkdir ki, cibində "dəlilik kağızı" gəzdirən sürücülərin sükan arxa-sına keçməsi Ziya Məmmədovun və yaxınlarının deyil, bizim həyatımız üçün təhlükəlidir. Həmin YAP-çı gənclərin, onların valideynlərinin də nə vaxtsa cibində "dəlilik kağızı" gəzdirən sürücünün idarə etdiyi avtobusun sərnişini olmayacağına heç kim təminat verə bilməz. Görünür, onları hiddətləndirən də bu reallığı dərk etmələridir.
Necə deyərlər, aşağılar artıq əvvəlki qaydada yaşamaq istəmir. Yuxarıların vəzifəsi aşağıların bu arzusu-nu nəzərə alamaqdır. Tarixdən ibrət götürmək lazımdır...


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR