Bu günlərdə Azərbaycanda yüzfaizli İran kapitalı ilə fəaliyyət göstərəcək bankın açılacağı xəbəri verildi. Ardınca isə xəbər gəldi ki, Bakıda "İmam Xomeyninin təfəkkürü" adlı elmi konfrans keçirilir. Anlayacağınız İran öz pulları və İmam Xomeyninin təfəkkürü ilə Azərbaycana daxil olur. Oysa biz tam əksini düşünürdük. Bu ölkənin Avropa ailəsinin bir hissəsinə çevriləcəyini, demokratik dəyərlərin, çağdaş mədəniyyətin Azərbaycana da gələcəyini gözləyirdik. Buyurun qarşılayın: əvəzində İmam Xomeyni təfəkkürü təşrif buyurur.
Bakı sürətlə molla şəhərinə çevrilir: indi burada addımbaşı İran obyektlərinə rastlamaq mümkündür. Təkcə "Nizami" metrosunun ətrafında 6-7 İran mağazası saymışam. Əksəriyyəti dini geyimlərin, kitabların, ətriyyatların satışı ilə məşğuldur. Bura iranlıların kafelərini, klinikalarını, müxtəlif adlar altında mədəniyyət mərkəzlərini, şiə məscidlərini də əlavə edin. Yalnız o zaman nə qədər acınacaqlı bir mənzərənin yarandığına siz də əmin olacaqsınız. Özü də bütün bunlar Azərbaycanda demokratik institutların tamamilə sıradan çıxarıldığı, üç Qərb radiosunun qapadıldığı, Azərbaycanın gələcəyini demokratik Avropanın parçası kimi görmək istəyən partiyaların qərargahsız qaldığı, divara sıxışdırıldığı, gözümçıxdıya salındığı bir şəraitdə baş verir. Bunun bir təsadüf olduğuna inanmaq çətindir. Qısacası, demokratiyaya bağlı qüvvələr meydandan çəkilməyə məcbur edildikcə həmin meydanı dini irticanın doldurması da qaçılmazdır. Bir çoxlarından fərqli olaraq, mən bunun təbii proses olduğunu qətiyyən düşünmürəm. Bu, hakimiyyətin də razılığı və dəstəyi ilə baş verən, gündən-günə daha da sürətlənən bir prosesdir.
Çox təhlükəli bir mərhələ başlanıb Azərbaycanda. Hakimiyyət demokratiyadan tamamilə üz çevirir, onun yoxluğunu isə dinlə kompensasiya edir. Xalqın əlindən ən elementar hüquq və azadlıqlarını alır, bunun əvəzində isə xalqın əlinə aftafa, təsbeh, əmmamə verir. Demokratik dünyayla üz-göz olur, bunun əvəzində isə Liviyayla vizanı aradan qaldırır. Xalqın gözündə Avropanın "əxlaqsız, tərbiyəsiz" obrazının yaradılması da təsadüfi deyil. Məhz bu hakimiyyətin ideoloqlarının, qəzet və telekanallarının sayəsində artıq azərbaycanlıların böyük çoxluğu Avropanı bir-birinin anası-bacısı, arvadı ilə yatan insan topluluğu kimi təsəvvür edir. Məqsəd aydındır: hakimiyyət xalqı Avropadan iyrəndirməklə onun "əxlaqlı, tərbiyəli, milli-mənəvi dəyərlərin qorunub-saxlandığı" feodallaşmış, geridəqalmış, anti-demokratik müsəlman Şərqinə sığınmasına çalışır. Çünki yalnız bu halda yaptokratiyanın uzunömürlülüyünü təmin etmək mümkündür. Çünki yalnız din yaptokratiyanın uzunömürlülüyünü təmin etmək üçün bütün tələblərə cavab verir. Taleyinə razı ol, dinməz otur, orucunu tut, namazını qıl, axirətini gözlə, budur həyatın mənası! - yaptokratlar üçün bundan daha sərfəli nə ola bilər ki?
Bir sözlə, İranın Azərbaycanda güclənməsi siyasi hakimiyyətin işinə hər mənada yarayır. İranın Azərbaycanda güclənməsi tiraniyanın güclənməsidir, despotizmin güclənməsidir. İranın Azərbaycanda güclənməsi zülmün, işgəncənin güclənməsidir. Taleyin hökmünə boyun əyən, aqibəti ilə razılaşan, oturub axirətini gözləyən, mütiliyi, köləliyi həyat tərzi seçən bir orta əsr zehniyyətinin güclənməsidir. Qaranlığın güclənməsidir.
Elə ona görə də Azərbaycanda hər yer siyasi müzakirələrə qapalıdır, əvəzində saatlarca hədisləyə bilərsən. Elə ona görə də cümə namazlarına onminlərcə insan sərbəst toplaşa bildiyi halda siyasi məqsədlərlə iki-iki, üç-üç belə gəzmək qadağandır. Elə ona görə də Xomeyninin üzünə bütün qapılar açıqdır, amma Rəsulzadənin yox. Elə ona görə də Bakıda imamların şəkillərinin əlyayımı sərbəstdir, amma qəzetlərin yox. Elə ona görə də hansısa məscidin qapadılmasından qəzəblənən İran ayətullahının hədə-qorxusu işə yarayır, amma üç radionun bağlanmasına etiraz edən ABŞ dövlət katibini sayan yoxdur.
Sabir Rüstəmxanlının sağ əli
"Sağ əlimiz digər partiyaların başına" - bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair-deputat Sabir Rüstəmxanlı deyib. Bilirsiniz ki, Sabir bəy Bakının mərkəzi rayonlarında partiyası üçün 6 mərtəbəli bina tikdirib. "Sağ əlimiz digər partiyaların başına",- deyərkən də cənab Rüstəmxanlı guya dəhşətli dərəcədə kövrək qəlbli olduğunu nümayiş etdirmək istəyib. Guya bu gün qərargahsız qalmış, başını soxmağa bir toyuq hini belə tapmayan müxalifət partiyalarına ürəyi yanıb. Mən Sabir bəyin bu hisslərində səmimi olduğuna qətiyyən inanmıram. Ona görə yox ki, cənab Rüstəmxanlı belə ürəyi yanan olsa, indi də qərargah arzuladığı real müxalifət partiyaları ilə eyni sırada dayanardı. Ona görə ki, artıq mən Sabir bəyin ümumiyyətlə, səmimiyyət hissindən məhrum olduğunu düşünürəm. "Şöhrət" ordenindən imtina edib, "xalq şairi" titulunu sevinə-sevinə alan, hətta yağlı bir təşəkkür məktubuna belə imza atan bir adamda səmimiyyət hissinin olduğuna məni kimsə inandıra bilməz.
Heç indi həmin 6 mərtəbəli dəbdəbəni Sabir bəyin hansı pullar hesabına tikdirdiyini sorğulamaq kimi bir fikrim də yoxdur. Qafama takılan cənab Rüstəmxanlının sağ əli ilə bağlı arzusudur.
Sabir bəyin sağ əli qələm tutan əlidir. O qələm ki, artıq illərdir hakimiyyət əleyhinə bircə cümlə qaralamayıb. O qələm ki, Heydər Əliyev haqqında ən bəlağətli xatirələri yazıb. O qələm ki, Urmiya gölünün qurumasına görə Əhmədinejatı asıb-kəssə də, Kür daşqını qarşısında susub. O qələm ki, Gəncanda Güney Azərbaycan türklərinin döyülməsinə görə od-alov püskürsə də, Bənəniyarda baş verənlər qarşısında "mıkk" eləyə bilməyib. Siyahını sonsuzadək uzatmaq mümkündür.
Belə bir qələmi tutan istənilən sağ əlin sahibi neçə mərtəbəli istəsə qərargah tikdirə bilər. Problem deyil. Ona görə də Sabir bəyin arzusunu təbəssümlə qarşılamaqdan başqa çarəmiz qalmır.