Azərbaycanda orta məktəb şagirdlərinin yay tətilində dincəlməsi üçün heç bir istirahət düşərgəsi fəaliyyət göstərmir. Təhsil Nazirliyinin yetkililəri bunun səbəbini belə izah edirlər: "Sovet dövründə inşa olunan bütün düşərgələrdə qaçqın və məcburi köçkünlər məskunlaşıblar".
Misir Mərdanovun işçiləri bu sözləri elə kinayə ilə deyirlər ki, guya, qaçqın və məcburi köçkünlər ağacda yatmalıymış. Ortaya sual çıxır: Misir müəllim nazir kürsüsündə əyləşdiyi ötən 15 il ərzində yeni istirahət düşərgələrinin inşa olunması üçün niyə hökumət qarşısında məsələ qaldırmayıb? Bu sualın cavabı hamıya aydındır. Əminəm ki, küçədə diktafonu hansınıza uzatsam, belə cavab verəcəksiniz: "Misir Mərdanovun və tabeliyində çalışan adamların fondpulu, süpürgəpulu, təmirpulu yığmaqdan başları açılmadığı üçün məktəblilərin taleyi haqda fikirləşməyə vaxt tapmırlar".
Şübhəsiz ki, Azərbaycanın iqtisadi potensialı orta məktəb şagirdlərinin yay tətilini səmərəli keçirməsi üçün yeni istirahət düşərgələri inşa etməyə imkan verir. Yəni, cənab Rövnəq Abdullayevlə yanaşı, gələcəyimiz olan körpə fidanların da neft pullarından bəhrələnmək hüququ var. Azərbaycan dövləti Rövnəq müəllimin və həmyaşıdlarının payına düşən neft pullarını çoxdan xərcləyib qurtarıb. Bu gün havaya sovrulan milyonlar uşaqların və yeniyetmələrin payına düşən vəsaitdir. Əgər Azərbaycan hökuməti neft strategiyasını dəyişməsə, üç-dörd il sonra dünyaya gələn uşaqların neft pulları haqda təsəvvürləri istehkama bənzəyən qorxunc körpülərdən ibarət olacaq.
Heç bir estetik görünüşü olmayan, konkret funksiya yerinə yetirməyən bir körpünün inşası üçün dövlət büdcəsindən təxminən 50-60 milyon manat vəsait ayrılır. Hansı ki, bu vəsaitlə ölkənin mənzərəli guşələrində orta məktəb şagirdləri üçün ən azı 100 istirahət düşərgəsi inşa etmək olar. Amma hökumət müstəqil mətbuat və QHT-lər tərəfindən irəli sürülən bu təşəbbüsə dəstək vermir. Çünki bu adamların övladları, nəvə-nəticələri çoxdan hərtərəfli qayğı ilə əhatə olunublar. Sıravi insanların övladları isə onlara sahib olduqları iri koorparasiyalarda günəmuzd işləmək üçün lazımdır.
Bir dəfə də yazmışdım, təkrarlamaqda fayda olduğu üçün yenidən xatırlatmaq istəyirəm: Heydər Babayevin göyərçinlərini bəsləyən adam ayda beş min manat məvacib alır. Ziya Məmmədov ərköyün delfininə həftədə bir dəfə xüsusi təyyarə ilə Qara dənizdən su gətirdir. Kəmaləddin Heydərovun Qəbələ meşələrində saxlatdırdığı atlar ayda cəmi 250-300 manat maaş alan azərbaycanlı jurnalistlərdən yaxşı qidalanır. Qısası, bu ölkədə adı Dövlət Statistika Komitəsinin siyahısında olan, cibində şəxsiyyət vəsiqəsi gəzdirən, iki-üç ildən bir seçki məntəqələrinə gedib vətəndaşlıq borcunu yerinə yetirən adamların Heydər Babayevin bəxtəvər göyərçinləri, Ziya Məmmədovun ərköyün delfini, Kəmaləddin Heydərovun kəhər atları qədər hörməti yoxdur. Yəni, korrupsiyaya qurşanmış məmur ordusu təkcə uşaqları deyil, böyükləri də avam yerinə qoyur...