Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Üç nömrə

  Sayta qoyulub: 18:22 04.06.2010 (1464 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci dəfədir belə vəziyyətə düşürəm. Yəqin on il bundan qabaq tamam başqa cür hərəkət edərdim. İndi elə bir yaş dövründəyəm ki, hər şeyi, hər baş verən hadisəni, eşitdiyim hər bir sözü mənalandırmağa çalışıram. Həyatın ən qəddar qanunu da elə budur. Elə şeylər var ki, oxumaqla, filmə baxmaqla əxz etmək olmur. Gərək özün yaşayasan. Başa düşməyə başlayanda daha ağrılı bir məsələni dərk edirsən.
Artıq gecdir. Bəlkə də bunları on il əvvəl başa düşsəydim, başqa cür ola bilərdi. Böyük çex yazıçısı, məşhur Milan Kunderanın bu haqda gözəl fikri var. Milan Kunderanın fikrincə, insan həyatda bir dəfə yaşadığına görə, nəyi düz, nəyi səhv etdiyini heç vaxt bilə bilməz. Bu, mümkünsüzdür. Variant yoxdur. Məşq şansı insana verilməyib. Sənin hər bir hərəkətin, sənin həyatındır. Nəticədən asılı olmayaraq, sən artıq öz hərəkətlərinlə yaşayırsan. Peşmançılıq hissi, "gərək belə edəydim",- haqqında düşünmək yalnız təsəllivari bir şeydir. Məsələn, mən hərbi məktəbi bitirməyimə 11 gün qalmış məktəbi tərk etdim. Bu hərəkətim haqqında çox düşünmüşəm. Məni çox qınayıblar. Bir sürü insan ümidlərini mənə bağlamışdı. Onlar məni hərbçi görmək istəyirdilər. Mən isə özümü hərbiçi görmürdüm. Qəti qərar verərək, məktəbi tərk etdim. Hamının gözündən düşdüm. Hamı mənə bitmiş, avara bir adam kimi baxırdı. Bütün ümidləri dəfn etmişdim. Düz bir il altı ay evdən bayıra çıxmadım. "Nəsimi" bazarının yaxınlığında yerləşən Puşkin adına kitabxanada kitab oxumaqla günümü keçirirdim. Hərbi məktəbi tərk etməyim haqda çox düşünürdüm. Milan Kundera mənəvi əzabıma son verdi. Düşünürdüm ki, bəlkə qalsaydım daha yaxşı olardı. Xüsusən yazılar oxunmayanda, yazılara cavab gəlməyəndə, kitab satılmayanda, Şirzadın kafesində borca yemək yeyəndə peşmançılıq hissi bir az qabarır. Sonra baxıram hərbiçilərə və düşünürəm ki, yox, bu xarakterlə məndən zabit çıxmazdı. Əslində, düz hərəkət etdiyimi tam öyrənmək üçün mən, 1993-cü ilin may ayının 14-də qayıtmalı və hər şeyi təzədən yaşamalıyam. Sonra jurnalist Seymurla, hərbçi Seymurun həyatını müqayisə etməliyəm. Bu şans bizə verilməyib. Məşq yoxdu. Raya Ostrovskaya belə demişdi: "Bu həyat ağır olsa da, bizim həyatımızdı".
Hər şeyi mənalandırmağa başladığın zaman "artıq gecdir" sözünü də tam, dibinə qədər başa düşürsən. Ötən həftə bir taksi sürücüsü məni şoka saldı. Biz işıqforda dayanmışdıq. Adam heç danışmırdı. İlk cümləsi bu oldu: "Deyirəm, işıqforda hamının vaxtı keçir". Bir neçə gün bu söz beynimdə fırlandı. Düzdü, işıqforda hamının vaxtı keçir.
Samir yol qəzasında öldü. Cəlilabad rayonunun girişində. Maşında beş adam vardı. Heç kim sağ çıxmadı. Həmin maşında mən də olmalı idim. Lakin dostumuz Şərbət təsadüfən tarix müəlliminə rast gəlmişdi. Müəllim də rayona gedirdi. Müəllim maşına minir və mənə yer qalmır. Hətta buna görə dostlardan incimişdim. Onlar məni "28 May" metrostansiyası tərəfdən götürməli idilər. Maşında yer olmadı, gedə bilmədim. Bir neçə saatdan sonra qəzaya düşdükləri haqda xəbəri eşitdim.
Cəlilabadda yaşayan dostlar "Ət və ət məhsulları" kitabımdan istəmişdilər. Özüm rayona gedə bilməsəm də, 10 ədəd kitab göndərdim. Həmin kitabları əzilmiş maşının içində görəndə çox pis oldum. Üstünü yazmışdım. Birini də mənim əvəzimə maşına minən tarix müəlliminə bağışlamışdım.
Şərbət çox kasıb ailədə böyümüşdü. Canı yanan, hər kəsə kömək etmək istəyən, bir az da sadəlövh insan idi. Türkiyədə təhsil almışdı. Çox əzab çəkmişdi. Hətta günlərlə quru çörək yeyib, su içmişdi. Ailə kasıb, özü sakit insan, başqa necə ola bilər? Çəkdiyi əzabın əvəzini həyatdan almağa başlamışdı, qəza nəticəsində həlak oldu. Şərbətin böyüdüyü kasıb evi görəndə Elçibəy hakimiyyəti dövründə Türkiyəyə oxumağa getmiş bu insanın nə qədər əzab çəkdiyini anladım. Yadımdadır, "Alatoran" jurnalını dərc etməyə pul tapmırdıq. Şərbət maaşının yarısını bizə vermək fikrindəydi. O, hər kəsin yaxşı yaşamasını istəyirdi. Həyatın hər üzünü görmüş Şərbət bizi başa düşürdü.
Onlar - Samir və Şərbət yol qəzasında öldülər. Mən isə ağır bir vəziyyətə düşdüm. Onların nömrələrini telefonumdan silə bilmirdim. Əlim gəlmirdi. Elə bilirdim ki, əgər onların nömrələrini telefonumdan silsəm, onlar həqiqətən öləcəklər. Hər dəfə telefonda onların nömrələrinə rast gəlmək də bir başqa əzab idi. Zəng etmək istəyirdim. Amma hara? Onların hər ikisi "əhatə dairəsindən kənarda" idilər. Mən başqa yol seçdim. Telefonumu dəyişdim. İbrahim Bayandurlunun vəfatı ilə bir daha bu hisləri yaşadım. İbrahimin nömrəsini telefonumdan silə bilmədim. İbrahimlə çoxdan tanış olsaq da, mən onu həmişə bulvarda təsəvvürümə gətirirəm. Çox ağır bir vəziyyətdə bulvarda gəzişirdim. İbrahimlə rastlaşdıq. Və gecə yarısına qədər çayxanada oturduq. Biz o qədər də yaxşı yola getmirdik. Ruslara qarşı heyranlığım İbrahimi əsəbləşdirirdi. İbrahimin də nömrəsini telefonumdan silə bilmədim. Elə bilirdim ki, əgər onun nömrəsini telefonumdan silsəm, İbrahim həqiqətən öləcək. Mən yenə də telefonumu dəyişdim. Düz deyiblər: "Ölüm köhnə şey olsa da, hər kəs üçün yenidir".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829