Əslində bu barədə ötən həftə yazacaqdım. Amma yolüstə olduğumdan çatdıra bilmədim. Təəssüf ki, elə mövzular var, onlar haqqında qələm çalmaq üçün həftə sonunu - "Reytinq"in çapa hazırlandığı günü gözləmək lazımdır. Digər qəzetlər həmin mövzuları ya zəlzələdən, ya vəlvələdən, özü üçün tabu elan edib. Bunlardan biri, bəlkə də birincisi dindir. O ki qaldı keçən həftə yazmalı olduğum məsələyə, əslində üstündən bir həftə keçsə də, yenə gec deyil. Çünki bu, o qədər əbədi və dönməz bir mövzudur ki, nəinki bir həftə, bir ay, bir il, hətta bir əsr sonra belə öz aktuallığını qoruyub saxlayır.
İki həftə əvvəl prezident "Fatimeyi-Zəhra" məscidinin bağlanması haqqında qüvvədə olan məhkəmə qərarını ləğv etdi. Bu, Azərbaycanda şəriət qanunlarının çağdaş hüquq üzərində qələbəsidir. Bu, Azərbaycanda şəriət dövlətinin heç bir halda gerçəkləşməyəcəyinə inananların nə qədər sadəlöhvcə düşündüyünü ortaya qoydu. Sübut etdi ki, şəriət bizim fikirləşdiyimizdən də ciddi təhlükəyə çevrilib.
Vəziyyət doğrudan da, çox ağırdır. Təsəvvür edə bilirsinizmi, vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq məhkəmə qərarının üstündən kimsənin xətt çəkmək haqqı, hüququ olmadığı halda, dindarların hədələyici, şantaj dolu bəyanatlarından, İrandakı hansısa ayətullahın qəzəbli xəbərdarlığından sonra hakimiyyət geri addım atmaq, Azərbaycan dövləti adından oxunmuş bir hökmü kağız parçasına çevirmək məcburiyyətində qaldı. Yenə deyirəm, bu, faktiki olaraq şəriət qanunlarının sivil qanunlar üzərində açıq qələbəsidir. Bu, Azərbaycanda şəriət dövləti qurmaq, yeni bir İran, yeni bir Suriya yaratmaq üçün dəridən-qabıqdan çıxan, bunu ən şirin arzu kimi ürəyində saxlayanlar üçün böyük müvəffəqiyyətdir. Bu, onlara əlavə güc və enerji verir. Arzularının gerçəkləşəcəyinə dərin inam yaradır. Açıq deyirəm, mən artıq qorxmağa başlamışam. Hər səhər yuxudan duranda əsə-əsə pəncərəyə yaxınlaşıb küçəni seyr edirəm. Oradan əllərində yaşıl bayraq tutmuş İslam keşikçilərini görməyəndə sevinirəm. Amma sevincim uzun çəkmir. Sabahı düşünürəm. Bəs sabah? Təminat varmı ki, onlar bu gün yoxdurlarsa, sabah da olmayacaqlar?
ə qədər ki, Azərbaycanda bu anti-demokratik rejim davam edəcək, mənim bu qorxum da bitməyəcək. Ölkədə şəriət dövləti təhlükəsi yalnız o zaman zərərsizləşəcək, dinin dövlətin üstünə çıxa biləcəyi qorxusu yalnız o zaman aradan qalxacaq ki, Azərbaycanda demokratiya qalib gələcək. Hüquqa və ədalətə söykənən idarəçilik anlayışı bərqərar olacaq. Əks halda sabahları qorxa-qorxa oyanmağa məcburuq. Kamil Vəli əleyhinə peyvənd
İstər ədəbiyyatda, istərsə siyasətdə Kamil Vəli ərimanoğlu qədər ziddiyyətli, sürüşkən mövqeli adam tapmaq çətindir. Bunun sübuta-zada da ehtiyacı yoxdur, sadəcə, onu deyək ki, Kamil müəllim qısa bir vaxtda həm Mirmahmud Mirəlioğlunun, həm Əli Kərimlinin, həm də İsa Qəmbərin partiyasında olmağı bacarmış çox nadir istedad sahibidir. AYB sədri Anar haqqında qısa fasilələrlə həm məddahlıq simvolu, həm də "Azərbaycan ziyalılığının vicdan simvolu" kimi bəhs edən də odur.
Bu günlərdə isə Kamil müəllim haqqında yeni xəbər eşitmişəm. Eşitdiyimə görə, hazırda Azərbaycanın ən radikal müxalifət partiyasının - AXCP-nin sədr müavini olan Kamil müəllim hazırki ölkə başçısı haqqında tərifli kitab yazır. Daha doğrusu, cənab ərimanoğlunun yaxın vaxtlarda işıq üzü görəcək kitabında prezidentin şəninə xeyli xoş sözlər, mədhiyyələr yer alacaq.
Bunun nə qədər doğru olub-olmadığını demək çətindir. Amma Kamil Vəli ərimanoğlunun belə bir kitabı işıq üzü görərsə, buna qətiyyən təəccüblənməməliyik. Belə ki, bir neçə il əvvəl Bakıda böyük türkoloji qurultay keçirilib və həmin qurultaya Kamil Vəli də dəvət olunub. Qurultaydakı çıxışında müxalifətçi professor prezidenti gen-bol tərifləyib, hətta onu Əli bəy Hüseynzadə ilə müqayisə edib. Yəni, cənab ərimanoğlunun allah qoymasa, nə qədər sabit mövqeli ziyalı olduğunu ölkədə 7-dən 77-yə hər kəs bilir. Ona görə də Kamil müəllimdən hər an hər cür sürpriz gözləməyə dəyər.
Sadəcə, bunu ona görə yazıram ki, hər dəfə belə xoş olmayan, ikrahdoğurucu situasiyalarla üzləşib, sarsılan, depressiya hissi keçirən və Kamil Vəlinin timsalında "Azərbaycan ziyalılığının cəsarət simvolu"nu görən sadəlöhv insanlar şoka düşməsinlər, xəyal qırıqlığına uğramasınlar, prosesə hazır olsunlar, baş verən hadisəni daha az itki ilə ötürsünlər.