Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Pozitiv və neqativ Gürcüstan

  Sayta qoyulub: 16:50 23.05.2010 (648 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisi dəmir yolu vağzalından başlayır

Qatar axırıncı dəfə ləngər vurub, Tbilisinin mərkəzində yerləşən dəmir yolu vağzalında dayananda nahar fasiləsinə az qalırdı. Köhnə, təmirsiz pilləkənlərlə bir xeyli irəliləyib, taksi dayanacağına yaxınlaşanda müştəri gözləyən sürücülər bizi dövrəyə aldılar. Saçlarına çoxdan dən düşmüş ortayaşlı sürücü 5 lariyə bizi mənzil başına çatırmağa razılıq verdi. Maşından enəndə məlum oldu ki, bu məsafəni piyada beş-altı dəqiqəyə qət etmək mümkündür...
Tbilisidə qaldığımız üç gün ərzində dəfələrlə analoji hadisənin şahidi olduq. Müştərilərinin əcnəbi olduğunu görən taksi sürücüləri ancaq gürcü dilində danışır və əlləri ilə müxtəlif rəqəmlər göstərirlər. Bu yerlərə nabələd olan müştəri mənzil başına çatanda isə bir az əvvəl əllərilə göstərdikləri rəqəmi ondan dollarla tələb edirlər. Nəticədə məbləğ təxminən iki dəfə artır. Tərəflər mübahisə etməyə başlayanda isə məlum olur ki, bayaqdan özünü əfəlliyə vurmuş sürücü nəinki rus, hətta Azərbaycan dilində də sərbəst danışa bilir.

Gürcüstanda polis xofu yoxdur

Tbilisi gözəl, sakit şəhərdir. Sovet dövrünün nostalgiyası ilə yaşayan adamlar mütləq bu şəhərə baş çəkməlidirlər. Gürcüstanın məhdud büdcəsi ölkənin paytaxtında abadlıq işləri aparmağa imkan vermir. Hazırda Tbilisidə cəmi üç-dörd yerdə yeni binalar inşa olunur. Tbilisidə Bakıdakı kimi geniş, səliqəli parklara rast gəlmək mümkün deyil. Gürcüstan paytaxtındakı ən böyük parkda cəmi beş-altı oturacaq var. Yaşıl ağacları və gül kollarını isə barmaqla saymaq olar. Gürcüstanın kasıb ölkə olduğunu anlamaq üçün Tbilisidə cəmi bir-iki saat gəzmək kifayətdir.
Amma bu kasıb ölkənin vətəndaşları mənəvi cəhətdən özlərini güclü hiss edirlər. Gürcüstan müxalifəti xeyli fəaldır. Onlar istədikləri vaxt şəhərin mərkəzi meydanlarında aksiya keçirə bilirlər. Azərbaycandan fərqli olaraq, Gürcüstanda polis aksiya iştirakçılarına mane olmur. Ümumiyyətlə, Gürcüstanda olduğumuz üç gün ərzində küçədə bir nəfər polis əməkdaşına da rast gəlmədik. Bu ölkədə yol polisləri də çox az gözə dəyirlər. Tbilisidən Batumiyə gedərkən 8 saat müddətində yol polisləri bir dəfə də maşınımızı saxlamadılar. Mən, gürcü tələbələrə Azərbaycanda yol polislərinin uzunqulağın belində radar qurduqlarını danışanda bir xeyli güldülər...

Bu ölkədə ucuzluqdur

Tbilisi küçələrində bahalı maşınlara nadir hallarda rast gəlmək mümkündür. Gürcüstanda orta aylıq əməkhaqqı aşağı olduğu üçün əhalinin qazancı ancaq gündəlik ehtiyaclarını ödəməyə çatır. Buna görə də gürcülər elektrik enerjisinə, suya, mavi yanacağa qənaət edirlər. Şəhərin mərkəzindəki bəzi mağazalarda hətta qaranlıq düşəndə də işıq yandırmırlar. Axşam saat 8-də Tbilisidəki bütün ticarət obyektlərinin ağzına qıfıl vurulur. Gürcüstanda yalnız apteklər 24 saat fəaliyyət göstərir. Bu isə qüvvədə olan qanunvericiliyin tələbindən irəli gəlir.
Gürcüstanda ucuzluqdur. Tbilisidə bananın bir kiloqramını bizim pulla 1 manat 20 qəpiyə satırlar. Ət, yağ, digər ərzaq məhsulları da Azərbaycanla müqayisədə bir neçə dəfə ucuzdur. Gürcüstanda azad rəqabət mühiti var. Azərbaycandan fərqli olaraq, bu ölkədə baş prokuror yumurta, nəqliyyat naziri restoran, fövqəladə hallar naziri şirə biznesi ilə məşğul olmur. Qısası, Gürcüstanda Kəmaləddin Heydərov, Ziya Məmmədov, Səfər Əbiyev kimi korrupsioner məmurlar yoxdur.

Gürcülər təbiətin dostudurlar

Gürcüstanda ucu-bucağı görünməyən meşə zolağı var. Avtobusla Tbilisidən Batumiyə gedərkən təxminən 8 saat təbiətin əsrarəngiz gözəlliklərini seyr etmək imkanımız oldu. Dağların döşündə, yaşıl ağacların əhatəsində inşa olunan evlər gürcülərin təbiəti çox sevdiklərindən xəbər verirdi. Məni ən çox təəccübləndirən isə o oldu ki, mavi yanacağı Azərbaycandan alan gürcülər ən soyuq aylarda belə ağac kəsmirlər. İstər-istəməz gözlərimin önündə Qaxın, Qəbələnin sürətlə seyrələn meşələri və Kəmaləddin Heydərovun iti uclu baltaları canlandı...
Gürcülər şən millətdirlər. Az-çox imkanı olan adamlar gündəlik çaxır normalarını içmək üçün işdən sonra restoranlara üz tuturlar. Qiymətlər Azərbaycanla müqayisədə bir neçə dəfə ucuzdur. Tbilisinin mərkəzindəki bahalı restoranların birində üç nəfərin şam yeməyi bizə cəmi 20 dollara başa gəldi. Menyuya gürcü mətbəxinin ən ləziz yeməkləri ilə yanaşı, 2 litr keyfiyyətli şərab da daxil idi. Onu da deyim ki, gürcülərin içkiyə aludəçiliyi bəzən dava-dalaşla, yersiz mübahisələrlə nəticələnir. Sağlıq deməkdən xüsusi zövq alan gürcülər adətən yüksək səslə danışır, ətrafdakıların istirahətini pozmaqdan çəkinmirlər. Buna görə də gürcü restoranlarında ağız deyəni qulaq eşitmir.

Kiçik dövlətin böyük kaprizi

Türkiyə Elm Xadimləri İttifaqının sədri Şükrü Qoçun dəvəti ilə Tbilisidən Ankaraya getdim. Sarp sərhəd-keçid məntəqəsində cəmi bir neçə dəqiqə müşahidə apardıqdan sonra Gürcüstanın Ermənistandan sonra regionun ən kasıb dövləti olduğuna zərrə qədər də şübhəm qalmadı. Üç gün sonra yenidən Gürcüstana qayıdanda şahidi olduğum bir hadisə bu qənaətimi daha da qüvvətləndirdi. Gürcüstan gömrükçüləri ailə həyatı qurmağa hazırlaşan bacısı üçün cəmi 15 kiloqram çəkisi olan mətbəx ləvazimatı aparan Bakı sakinindən 35 dollar rwsum aldılar. Bu hadisəyə şahidlik edən Mehmet adlı Türkiyə vətəndaşının reaksiyası belə oldu: "Kiçik dövlətlərin böyük kaprizləri olur". Mənimlə eyni avtobusda yol gələn Türkiyə vətəndaşları dedilər ki, Gürcüstan gömrükçüləri müxtəlif bəhanələrlə turistlərdən aldıqları 30-40 dolların hesabına dövlət büdcəsini doldurmağa çalışırlar...
Son söz əvəzi

Bakıda olduğu kimi, Tbilisidə də dilənçi çoxdur. Amma gürcülər azərbaycanlılar qədər səxavətli deyillər. Küçə ilə ötüb-keçən hər 15 nəfərdən ancaq biri dilənçilərə sədəqə verir. Bu məbləğ isə qəpik-quruşla ölçülür. Buna görə də Gürcüstanda dilənçilər bir çörək almaq üçün bəzən bir neçə saat gəlib-gedənlərə əl açmaq məcburiyyətində qalırlar...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829