Ötən həftənin ən sevindirici, ən yadda qalan və uzun müddət hafizələrdən silinməyəcək ictimai-siyasi hadisəsi, əlbəttə, Türkiyə baş nazirinin Azərbaycana səfəri, cənab Ərdoğanla Azərbaycan prezidenti hörmətli İlham Əliyev arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqda prinsipial razılığın əldə olunması və Mustafa Kamal Atatürkün abidəsinin açılış mərasimi oldu. Elə yuxarıdakı ideya da, aşığadakı sətirlər də bu sevindirici hadisədən doğdu.
Son vaxtlar Türkiyə ilə Azərbaycan arasında yaranmış isti münasibətlər olduqca sevindiricidir. Türkiyənin Dağlıq Qarabağ Münaqişəsini öz xarici siyasətində prioritet məsələyə çevirməsi, cənab Ərdoğanın Azərbaycanın haqlı mövqeyini ən yüksək beynəlxalq tribunlarda dilə gətirməsi, dünyanın aparıcı dövlətlərinin başçılarıyla daim müzakirə etməsi torpaqlarımızın yaxın vaxtlarda azad ediləcəyinə inamımızı artırır. Niyə bizdə "inam yaradır" deyil, "inamımızı artırır" yazdım. Çünki bu inam bizdə həmişə olub, bu gün də var - istər Azərbaycanın öz torpaqlarını nə vaxtsa işğalçılardan azad edəcəyinə, istərsə də qardaş Türkiyənin bu işdə bizə yardımçı olacağına. Heç vaxt Türkiyənin Azərbaycanın mənafeyinə zidd addım ata biləcəyinə inanmamışam, ona görə ki, nə qədər düşünsəm də, bu iki qardaş ölkənin mənafelərini ayrı-ayrılıqda təsəvvür edə bilməmişəm. Mənə elə gəlir ki, yaxın keçmişimizdə baş verən bəzi xoşagəlməz məsələlər hər iki ölkənin düzgün siyasəti nəticəsində aradan qaldırıldı və inşallah bir daha təkrar olunmaz.
Gəlin bir az düşünək: əcəba, Qarabağın geri alınması Türkiyəyə Azərbaycandan azmı lazımdır?! Birmənalı olaraq "yox!" Hələ on beş il öncə Türkiyədə təhsilimi davam etdirdiyim zaman müəllimimiz Mustafa İsen bizə deyirdi: "Arkadaşlar, altı yüz sənə dünyada kabadayılık yapmış bir ölkə kəndi qınına çəkilərsə, onu bitirərlər". Hazırda həmin şəxs Türkiyə prezidenti administrasiyasının rəhbəridir və bu faktın özü zənnimcə Türkiyənin bu gün hansı siyasəti yürütdüyü haqda yetərincə təsəvvür yaradır. Heç vaxt öz qınına çəkilmək istəməyən, amma zaman-zaman dünyadakı güc nisbətləriylə hesablaşmaq zorunda qalan Türkiyə bu gün artıq, cənab Ərdoğanın sözləriylə desək, "gündəmi bəlirlənən ölkədən gündəm bəlirləyən ölkə durumuna gəlmişdir". Öz qınına çəkilmək istəməyən və artıq gündəm bəlirləmək iddiasında olan bir ölkə ona milli, etnik, dini, tarixi-mədəni, mənəvi köklərlə bu qədər yaxın olan qardaş bir ölkənin ərazisinin işğalıyla barışa bilərmi? Digər tərəfdən, Azərbaycanın torpaqlarını işğal altında saxlayan Ermənistan təkcə bununla kifayətlənmir axı! Onun Türkiyənin özünə də ərazi iddiası var, konstitusiyasında bunu təsbit edən maddə, gerbində Ağrı dağının şəkli var. Bir tərəfdən də "soyqırım" deyə-deyə qapı-qapı düşüb.
Atatürkün abidəsinin açılışında çıxış edən Türkiyə Baş bakanı "biz buraya İrandan gəldik, buradan ayağımızın tozuyla Gürcüstana, oradan da Madridə gedəcəyik, artıq gündəmi bəlirlənən ölkədən, gündəm bəlirləyən ölkə durumuna gəldik" - dedi. Doğrudan da, AKP hakimiyyətə gələndən sonra Türkiyə dünyada və regionda gedən siyasi proseslərə mühüm təsir etməklə yanaşı həm də ciddi söz sahibinə çevrilməkdədir. Türkiyənin dünya şahmat taxtasında əhəmiyyətli fiqura çevrilməsində onun baş nazirinin rolu danılmazdır. Artıq türk xalqının milli lider kimi qəbul etdiyi Rəcəb Tayyib Ərdoğan dünyanın sayılıb-seçilən, nüfuzlu siyasətçilərindən sayılır. Onun Davos İqtisadi forumunda İsrail prezidenti Şimon Peresi ifşa etməsi, İsrail aviasiyasının Qəzza bölgəsini bombalaması nəticəsində minlərlə günahsız insanın, o cümlədən uşaqların və qocaların həlak olmasını çəkinmədən, bütün dünyanın gözü önündə onun üzünə söyləməsi uzun müddət yaddan çıxmayacaq. Məhz Ərdoğanın şəxsi nüfuzu və təşəbbüsləri nəticəsində Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi bu gün dünyada ən yüksək səviyyədə və ən çox müzakirə olunan problemlərdən birinə çevrilmişdir. Tarixən Türkiyə ilə, yumşaq desək, dost olmayan Rusiya, Yunanıstan kimi ölkələrlə mehriban münasibətlərin qurulması, dostluq və əməkdaşlığın gücləndirilməsi də Ərdoğanın və komandasının nailiyyətlərindəndir. Son günlər İranla qurulmuş dost münasibətləri, Qərbin, xüsusilə də ABŞ-ın bu ölkəyə tətbiq etmək istədiyi embarqoya qarşı çıxaraq nüvə yanacağının mübadiləsi ilə bağlı üçtərəfli razılığın əldə olunmasını AKP iqtidarının əldə etdiyi ən mühüm uğur hesab etmək olar. Məhz bu razılıq əldə olunduqdan sonra müharibə olmayacağına ümidi yaranan bölgə dövlətlərinin və xalqlarının üzərindən sanki ağır bir yük götürüldü. Razılaşmadan dərhal sonra bəzi Qərb dövlətləri bu məsələyə bir qədər qısqanc yanaşsalar da, bir neçə gün sonra ABŞ və Rusiya prezidentləri cənab Ərdoğanla telefon söhbəti zamanı təşəbbüsü alqışladıqlarını bildirdilər. Bu gün Türkiyədə səfərdə olan BMT Baş katibi Pan Gi Mun da Türkiyənin səylərini dəstəklədiyini və BMT-nin bu nüvə problemi ilə bağlı İran ətrafında yaranmış problemin tənzimlənməsində Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Türkiyənin səyləri nəticəsində İranın Dağlıq Qarabağa münasibətində də müəyyən dəyişikliklər hiss olunur. Bu günlərdə İran Ali Dini Şurasının rəhbəri Ayətullah Xamneyinin Qarağla bağlı səsləndirdiyi bəyanat buna ən yaxşı sübutdur. O, işğal altında olan Qarabağ torpağını və bu torpaqlarda görülən bütün işləri haram adlandıraraq bu cür fəaliyyətlə məşğul olan İran vətəndaşlarını cəzayla hədələdi. Əlbəttə, bu məsələdə Azərbaycan diplomatiyasının da rolu olmamış deyil, ancaq bəyanatın məhz Türkiyə ilə İran arasında münasibətlərin istiləşməsindən sonra səslənməsi bizi düşünməyə vadar edir.
Ərdoğanın rəhbərlik etdiyi AKP iqtidarı bu günlərdə daha bir mühüm siyasi qərarın altına imza atdı. Uzun illər Türkiyənin demokratik inkişafına əngəl olan konstitusiya maddələrinə təklif olunun dəyişikliklər artıq Böyük Millət məclisində ratifikasiya olunub və yaxın zamanlarda ümumxalq səsverməsinə çıxarılacaq. Konstitusiya dəyişikliyi Türkiyənin daxili məsələsi olsa da, mühüm beynəlxalq və regional əhəmiyyətə malikdir. Hər şeydən öncə bu, Türkiyənin beynəlxal nüfuzunu artıracaq, onun Avropa İttifaqına gedən yolunda olan bir çox maneələri aradan qaldıracaq və eyni zamanda regiondakı nüfuzunu birə-on artıracaq. Türkiyənin regionun lider dövlətinə çevrilməsi isə ən çox torpaqları işğal altında olan qardaş Azərbaycanın maraqlarına uyğundur. Bundan başqa, Türkiyə İran və Fələstin problemlərinin həllində daha effektiv rol oynamaqla regionda sülh və əmin-amanlığın qarantı ola bilər.
Bu gün Türkiyə dövləti öz liderinin rəhbərliyi altında dünyada sülhü təhdid və beynəlxalq ictimaiyyəti narahat edən üç əsas münaqişənin həll olunmasında pozitiv addımlar ataraq ədalətli və sülhsevər siyasət yürüdür:
1. Yaxın Şərq; İsrail Fələstin münaqişəsi;
2. Azərbaycan - Ermənistan, Dağlıq Qarabağ münaqişəsi;
3. İranla Qərb dövlətləri, xüsusən də ABŞ arasında nüvə problemiylə bağlı yaranmış münaqişə.
Hesab edirəm ki, Türkiyənin, onun baş nazirinin bu təşəbbüsləri bütün sülhsevər dünya ictimaiyyəti, xüsusən də Azərbaycan xalqı tərəfindən dəstəklənməli və yüksək qiymətləndirilməlidir. Odur ki, növbəti Nobel Sülh Mükafatının məhz cənab Rəcəb Tayyib Ərdoğana verilməlidir. Çünki o, indiyədək bu mükafatı alan Mixail Qorbaçov, Kofi Annan, Barak Obama kimi siyasətçilərdən fərqli olaraq sözün əsl mənasında dünyada sülhün və əmin-amanlığın bərqərar olması uğrunda fədakarcasına mübarizə aparır.