Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Alim Qasımovun keçmişliyi

  Sayta qoyulub: 13:21 15.05.2010 (1789 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə beş-altı adam var. Özlərini divanəliyə vurublar. Özlərini dərviş kimi aparırlar, amma haqq-hesabları yerindədir. Danışanda səhv buraxmazlar. Hansı kanalda nə deməyi, hansı qəzetdə kimləri tərifləməyi yaxşı bilirlər. Məsələn, Rüstəm Behrudi, Vaqif Bayatlı Odər, Aşıq Ədalət, Rəmiş, Qədir Rüstəmov, İsa Hüseynov və nəhayət Alim Qısımov.
Rüstəm Behrudi az qala özünü sufi şairi kimi aparır, amma bu şair həm də ev tikməklə məşğuldu. Həm də Hacıbala Abutalıbovun bir növ mətbuat xidmətinin rəhbəridir. Həm yaxşı yaşamaq istəyir, həm də istəyir qəhrəman olsun. Həm ağıllı adam kimi görünmək istəyir, həm də divanə şair kimi. Hətta bəzi hallarda intellektual kimi də görünmək keçir ürəyindən. Rüstəm bəy bir dəfə müsahibəsində jurnalistin "Azərbaycan ədəbiyyatında ən çox kimləri sevirsiniz?" sualına belə cavab vermişdi: "Mirzə Cəlil, Hüseyn Cavid, Ordubadi, Əkrəm Əylisli". Adam özü də bilmədən öz mahiyyətini qoymuşdu ortaya.
O biri isimlər haqqında da bir-iki kəlmə yazaq, sonra keçərik qəhrəmanımıza. Aşıq Ədalət Prezident təqaüdü alır. Rəmişi Fəxri Xiyabanda özüm görmüşəm. O vaxt "Gündəlik Azərbaycan" qəzetində yazmışdım bu haqda. Rəmiş də redaksiyaya zəng edib ağzına gələni demişdi. Təbii, adam qəzet oxuyan deyil, ona kimsə demişdi. Rəmiş də elə bilmişdi ki, Baycan qadın cinsinə mənsub bir adamdı. Və beləcə, biz xeyli şənlənmişdik.
İnsafən, yuxarıda adı çəkilən adamların arasında nisbətən səmimisi Vaqif Bayatlı Odərdir. Obraz kimi Alim Qasımov da çox maraqlıdır. Ondan yazmaq çox çətin məsələdir. Çünki Alim Qasımovun timsalında Azərbaycan teatrı çox böyük bir itki veribdir. Adam oynamağı bacarır. Özündən güclü bir obraz yaradıb. Ќəsə yazmaq həddən ziyadə çətindir. Biz bu yazımızda Alim Qasımıovun obrazının açılmasına, sadəcə, cəhd edəcəyik. Alim Qasımov bir dəfə müsahibəsində demişdi ki, o, səsi görür. Şahvələd Çobanoğlu onun yaxşı cavabını vermişdi: "Alim Qasımov səsi görür, amma oğurlanan səsi görmür".
Alim özünü divanəliyə vurmuş və bunun üzərində həyatını qurmuş adamdır. Amma o da Rüstəm Behrudi kimi sözünün yerini bilir, ağzından saçma-sapan söz çıxmaz. Bilir hansı mövzularda divanə kimi görünmək olar. Alim az qala özünü sufi kimi aparır. Yaxşı artistlik qabiliyyəti var. Kamalın bəstələdiyi mahnını oxumaqla populyarlığı xeyli artıbdır.

Kamil Vəli Ќərimanoğlu "Azadlıq" qəzetinə verdiyi müsahibədə Alim Qasımovun Kamaləddin Heydərovun (Kamal) mahnısını oxumasını mənəvi deqradasiya adlandırmışdı. Görünür, Alim Qasımovun yüksək aktyorluq qabiliyyəti hətta Kamil müəllimi də aldadıbmış. Kamil müəllim, bəs, siz nə gözləyirdiniz? Eh, işlərdən xəbəriniz yoxdu.
Başqa cür ola bilməzdi. Əgər mahnının müəllifi Kamaldırsa, Alim Qasımov bu fürsəti niyə əldən buraxmalıdır? Adətən, muğamdan, muğam ustalarından söhbət düşəndə deyirlər ki, Alim bir az başqadır. Əlbəttə, Mənsum İbrahimova, Arif Babayevə, Canəli Əkbərova baxanda Alim bir az fərqlidir. Amma ümumi götürəndə Azərbaycanda muğam yoxdu. Mən bunu efirdə istənilən adama sübut etməyə hazıram. İstənilən adamla debata çıxıb ona sübut edərəm ki, Azərbaycandakı muğam muğam deyil, muğamın suyunun suyudur. Arif Babayev necə öyrənibsə, özü də elə öyrədir. Bu adamların heç biri fars dilini bilmir. Oxuduqları sözlərin mənasını anlamırlar. Guya ən fərqlisi Alimdir. Heç Alim də fars dilini bilmir. Muğamdan anlayışı olan adamlar bilirlər ki, Azərbaycanda muğam yoxdu. Azərbaycan muğamı deyilən bir şey bizim toylarda qırmızı gitarayla oxunan "Ana ürəyi" segahı kimi qondarma bir janrdır. Heç nəyə dəxli yoxdu. Ümumilikdə isə muğam özü ibtidai hissləri özündə ehtiva edən bir musiqidir. Mən istənilən muğam azərkeşinin təfəkkürünə şübhəylə yanaşıram. Özünə hörmət edən adam muğama çox dərindən aludə olmaz. Bu, mənim şəxsi fikrimdir. Muğam bədbinlik musiqisidir. Muğam məğlubiyyətdir. Muğam gerilikdir. Muğam keçmişdir. Muğama aludə olan adam gələcək haqqında düşünə bilməz. Muğamdan darçın, xalça, haqsızlığa bəraət qazandırmaq, daima güclünün yanında olmaq, İran, Hindistan, gerilik, cahillik iyi gəlir. Siz muğam ifaçılarının dilindən ancaq arxaik sözlər eşidə bilərsiz. Məsələn, padşah, qazi, cəllad, edam, boynunu vurmaq, elçi daşı, vəzir, ənam və bu kimi başqa sözlər. Muğam ifaçıları danışanda təzə sözlər işlədə bilmirlər. İşlətsələr də ancaq həqarətlə işlədirlər. Məsələn, onların ən çox sevdiyi söz padşah və ənamdır. Bu iki söz muğam ifaçılarının həyatlarından keçən qırmızı xətdir. Onlar daima "xalq", "xalq" deyərlər, amma onlar qədər xalqdan uzaq olan adam yoxdur. Onlar üçün ənam var. Bu ənamı almaq üçün min bir hoqqadan çıxacaqlar.

Muğam ifaçıları savadsızdırlar. Onların savadlı insanlara patoloji nifrətləri var. Dünyəvi anlayışlar onların düşmənidir. Muğam faniliyin dostudur. Muğam ifaçıları zəiflərin əzilməsinə hər zaman orjinal bir bəraət qazandırıblar. "Padşah" onların dilindən düşməyən sözdür. Cəlladın hökumətlə hökumətlik edənləri cəzalandırmasından, muğam ifaçıları xüsusi bir həzz alırlar. Muğam heç vaxt insanın yanında olmayıb. Muğam gücün, zülmün yanındadır. Mən istərdim ki, bu sözləri efirdə bir muğam ustasının üzünə deyim. Amma kimə? İki gənc - Firudin Allahverdi ve Aqşin "El içində" verilişində muğam ustalarını pis vəziyyətə saldılar. Məlum oldu ki, bu adamlar, yəni muğam ifaçıları heç düz- əməlli Azərbaycan dilində danışa bilmirlər. Biz də bunlardan fars dilini öyrənməyi tələb edirik. Bu adamlar adi fikirlərini ifadə edə bilmirlər. Bu adamlar ən sadə bir polemikaya hazır deyillər. Sadəcə, Alim Qasımov bir muğam ifaçısı olaraq bəzi şeyləri vaxtında öyrənə və tətbiq edə bildi. Və məhz buna görə Alim digər muğam ifaçılarından geyimində, oturuşunda seçilir. Vəssalam, daha başqa bir şey yoxdu. Təfəkkür həmin təfəkkürdür, savadın az olması da öz yerində.

Dedilər Rastropoviç gəlir

1997-ci il. Mən, doğrudan bu tarixdən iyrənirəm. Düşünürəm ki, Azərbaycan xalqı heç vaxt 1997-ci ildə olduğu kimi təhqir olunmayıb. Rastropoviç Bakıya gəlib. Onu hər bir kəs qarşılayır. Zurnaçalan, aşıqlar, qarmonçalanlar, Azərbaycan dilinə həqarətlə baxan rusdilli ziyalılarımız. Rostropoviç baxır gülür, dolayır, tərifli sözlər deyir. Onun qarşısında Polad Bülbuloğlu oynayır. Fərhad Xəlilov yalandan gülümsəyir. Fidan və Xuraman Qasımova bacıları da Rostropoviçi qarşılayanlar, gülümsəyənlər sırasındadır. Rostropoviçin qarşısına Azərbaycanı çıxarmışdılar. Əsl sifətiylə. Rusdillilər və Azərbaycan dillilər qarşılamaq, gülümsəmək, xoşa gəlmək, öz istedadlarını göstərmək prosesində birləşdilər. Belə hallar çox az olur. Adətən, Azərbaycana gələn ünlü qonaqları ya çuşkalar qarşılayar (dırnaqsız), ya da rusdilli elita. Rostropoviç, əslində, mahiyyətcə bir-birini tamamlayan, amma bir-birini qəbul etməyən adamları bir araya gətirmişdi. Aşıqlar və Polad Bülbüloğlü, qarmonçalan və Qasımova bacıları... Rostropoviç bu adamları bir araya gətirməyi bacarmışdı. Hər kəs onun xoşuna gəlmək istəyirdi. İlahi, necə əjdaha adamlar olub.

Əgər Müslüm Maqomayev "Trend" İnformasiya Agentliyinə müsahibəsində təsadüfən, ya bilərəkdən 1997-ci ildə baş vermiş hadisənin mahiyyətini açmasaydı, mən bu gün özümü bu qədər təhqir olunmuş hesab etməzdim. Müslüm Maqomayev sözügedən müsahibədə demişdi ki, Rostropoviç Bakıya getmək istədiyini ona bildirib. Müslüm Maqomayev də deyib ki, problem deyil, əlaqə yaradıb, təşkil edərik. Əlaqə yaradılır. Burda da Rastropoviçə ehtiyac vardı. Və nağıllar düzəldilir. Sən demə... nəsə.
Bizim rusdilli elitamızla Azərbaycan dilli çuşkalarımızı (dırnaqsız) Rastropoviç öz gəlişiylə birləşdirir. Rostropoviç imkandan istifadə edərək adamlara özünü doğma kimi göstərir. Əslində isə, o, insanları dolayırdı. Bu, böyük bir məktəbdir. Murad Köhnəqalanın Rastropoviçin gəlişi haqqında gözəl bir şeiri var. Şeirdən bir hissəni sizə təqdim edirəm. Murad hələ o zamanlar məsələnin nə yerdə olduğunu hiss etmişdi.
Vurub da qoltuğuna sevimli violonçelini
gəl ey ustad Rostropoviç,
çal ey ustad Rostropoviç
Masteropoviç, Masteropoviç.
Sən gəlməsən, yurdumuza bahar gəlməz
Qastrolpoviç, Rostropoviç
Sən xalqımızın yaxın sirdaşı
Dostropoviç, Rostropoviç
Daxili və xarici siyasətimizin
ən müdrik tapıntısı
ən iti zəkalı violonçelist
Ostropoviç, Rastropoviç.
Sən çaldın respublikamızın Baş sarayında
Xan sarayında, Qış sarayında
Başdropoviç, Xaşdropoviç, Qəşdropoviç.
Çal ey violonçelist Rastropoviç!
Yadındamı sən çalırdın filarmoniyada
biz hamımız harmoniyada
biz hamımız kamançada,
nağarada, qarmonyada
Bəli, hər kəs Rastropoviç qarşısında öz məharətini göstərəndən sonra qəfildən Alim Qasımov peyda olur. O Alim ki, guya dərvişdir, divanədir. Hərəkət həmin hərəkətdir, amma Alim başqa sözlər oxuyur. Guya bir az başqa cür olan Alim, muğamımızı dünyada tanıdan Alim Rostropoviçin qarşısında bu sözlər üstündə muğam oxuyur.
Əzizim Azərbaycanda
Təmir gedir Azərbaycanda
Soruşdum bu nə həngamədir
Dedilər Rastropoviç Azərbaycanda
http://www.youtube.com/watch?v=5EZHemeHFh4)
Buyurub baxa bilərsiz. Bu da muğam, bu da Alim Qasımov. Rastropoviçə bir bu söhbətə görə rəhmət düşür. Tarix bir də onun kimi dahi oyun quran adamı çətin yetişdirsin. Rastropoviç əjdaha idi. Əgər Müslüm Maqomayev bilərəkdən, ya bilməyərəkdən Rostropoviçin Bakıya necə gəlib çıxmasını açıb ortaya qoymasaydı, heç kimin məsələdən xəbəri olmayacaqdı. Dəhşət!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829