Aydın Talıbzadə meyxanadan böyük bir yazı yazıb. Meyxananı haqlı olaraq, tənqid atəşinə tutub. Aydın bəyin intellekti dartışma mövzusu deyil. Fikirlərini böyük ölçüdə mütərəqqi saymaq olar. Amma Aydın müəllim, meyxana əleyhinə döşəmək üçün Ramiz Mehdiyevi niyə gözləyirdiniz? Gərək administrasiya rəhbəri bu haqda tənqidi tezislər irəli sürəydi, siz də bundan sonramı meyxanaya qələm bulamağa əşhədü-ehtiyac hiss edəydiniz? Bu istənilən halda "yuxarılar"ın direktivləri ilə oturub-durmaq anlamına gəlir.
Baxmayaraq ki, eşitdiyim və bildiyim qədəri ilə Aydın Talıbzadə heç vaxt buna razı olmaz. Daha doğrusu, olmazdı. Amma son illər elə güvəndiyimiz dağlara qar yağdı ki, adam istər-istəməz barmağını dişləməli olur: "Əcəba, budamı?". Və Aydın müəllim, ən pisi odur ki, "bugün Azərbaycanın tele və radio məkanına intensiv şəkildə meyxana "əkilir"- yazırsınız, amma kim əkir, niyə əkir, bir cümlə belə qaralamırsınız. Eyham belə vurmursunuz. Meyxanaya gücünüz çatır, amma meyxananı gecə-gündüz gözümüzə soxanlar, onu Azərbaycanda mədəniyyət hadisəsinə, düşüncə formasına çevirənlər qarşısında acizlik göstərirsiniz. İnciməyin, sizə heç yaraşdırmadım.
Absurdun doqquz forması:
BİR: Zəlimxan Yaqubun ürək ağrılarından şikayətlənməsi;
İKİ: Əsəd Cahangirin də baş ağrılarından şikayətlənməsi;
ÜÇ: Elçin Hüseynbəylinin hər hansı əsərdə dil qüsurlarından gileylənməsi;
DÖRD: Əkrəm Əylislinin insan əzablarından danışması;
BEŞ: "Azadlıq, sən mənim anamsan, mən sənin özgə qapılarında böyüyən balan",- misralarının Vaqif Səmədoğluya aid olması:
ALTI: Fikrət Qocanın şeir yazması;
YEDDİ: Aqil Abbasın "Ədalət" qəzetinin təsisiçisi olması;
SƏKKİZ: Aqşin Yeniseyin kitablarına normal bir ad qoyması;
DOQQUZ: Adı "Mediaforum" olan bir saytda yazılar üçün şərh bölümünün, ümumiyyətlə, ictimai müzakirələr üçün heç bir imkanın olmaması.
Ramiz Rövşənə iki sual
Diqqətli oxucular xatırlayar, az əvvəl "Reytinq"də "Ramiz Rövşən hardadır?" adlı bir yazı yazmışdım. Son beş ildə haqsızlıq qarşısında ağzına su alıb oturmasından, müxalifət qəzetlərində müsahibə verməkdən yayındığı halda, iqtidar telekanallarına uça-uça getməyindən bəhs etmişdim. Artıq xəbəriniz var, Ramiz bəy "Azadlıq" Radiosuna müsahibə verib. Bu müsahibəni bir növ mənim həmin yazıma cavab da hesab etmək olar. Qısası, Ramiz Rövşən 2005-ci ildən bu yana susmağının səbəbini iqtidardan da, müxalifətdən də iyrənməsi ilə əlaqələndirib. Halbuki bunda da bir nonsens var. İqtidardan iyrənir, amma "Xəzər" TV-yə çıxır. Müxalifətdən iyrənir, amma müxalifət qəzetlərinə müsahibə vermir. Bu heç. İndi mənim Ramiz Rövşənə iki sualım var.
BİR: Susmağınızı müxalifətdən və iqtidardan iyrənməyinizlə izah edirsiniz, ancaq bundan cəmi bir neçə gün əvvəl hakimiyyətin yaltaqlıq saçan telekanallarından birində - "Xəzər" TV-də mənasız mövzularda bir saatdan çox danışa bilirsiniz. Soruşuram: sizi İsa Qəmbər iyrəndirir, "Ay Zaur" iyrəndirmir?
İKİ: Sonuncu kitabınız "Nəfəs"ə "Qoca" və İsa Qəmbərə yazılmış şeirlərinizi daxil etməməyinizin səbəbi nədir?