Ölkədə altı yüz şadlıq evi fəaliyyət göstərir. Altı yüz şadlıq evindən üç yüzü Bakı şəhərində yerləşir. Bu da təbiidir. Ölkənin ictimai-siyasi-mədəni həyatı nə qədər acınacaqlı olsa da, paytaxtla məhdudlaşır. Ölkə əhalisinin böyük əksəriyyəti paytaxtda yaşayır. Altı yüz şadlıq evinin çoxunun bir neçə zalı var. Altı yüz şadlıq evinin arxasında böyük insan ordusu dayanır. Siz altı yüz rəqəminə elə-belə rəqəm kimi baxmayın. Məlum günlərdə, yəni toylar təxirə salınanda ölkədə həyat ölür. Həyatın ölməsinin səbəbi altı yüz rəqəminin arxasında dayanan böyük insan ordusunun fəaliyyətini təxirə salmasıyla bağlıdır. Gəlin görək, altı yüz rəqəminin arxasında dayanan böyük insan ordusu kimlərdən ibarətdir? Taksi sürücüləri, ofisiantlar, aşbazlar, musiqiçilər, gözəllik salonlarında çalışan adamlar. Qadınların çoxu toydan-toya sifətlərinə, saçlarına, qaşlarına əl gəzdirirlər. Toy olmasa, bir çox qadınlar kişiyə çevrilərlər.
Toy-soyqırım
Məlum günlərdə toylar təxirə salındıqda ölkədə həyatın ölməsinin, deməli, ciddi səbəbləri var. Məsələn, müğənnilərin efirdə görünməsinin arxasında toy tutmaq istəyi dayanır. Müğənni efirdə nə qədər tez-tez görünərsə, toy tutmaq ehtimalı da artar. Bu böyük bir sistem, qalaktikadır. Kanallar, müğənnilər, aparıcılar, tamaşaçılar... Bütün bu sadaladıqlarımız obyektlər və subyektlər, məkanlar və fərdlər bir-biriylə sıx bağlıdır. Əgər müğənni üç mahnı oxumaq üçün min manat xərc çəkib hər hansı verilişə çıxırsa, onun bircə məqsədi var; toy tutmaq. Nədən ki, əksər toy sahibləri müğənnini, yaxud müğənni olmaq istəyəni sənətinə, səsinə görə deyil, sifətinin tanınmasına görə toya dəvət edir. Əgər müğənni xərc çəkib efirə çıxırsa və toya getmirsə, deməli, həmin müğənninin arxasında ciddi sponsor (dırnaqsız) dayanıb. Bu barədə biz çox yazmışıq. Ölkədə pullu kişilərin çoxu qadının özüylə deyil, adıyla sevişmək xəstəliyinə yoluxubdur. Heç bir işə yaramayan qadın müğənnilərə çoxlu pul sərf edilməsinin yeganə səbəbi budur. Adam yetişdirdiyi müğənniyə baxıb sadəcə gülümsəyir. Vəssalam. Halbuki müğənniyə çəkilən xərclə çoxlu, növbənöv, təmiz və yeni məhsullar (dırnaqsız) əldə etmək mümkündür. Azad, demokratik Azərbaycanda bunun üçün xeyli münbit şərait var. Əgər müğənni xərc çəkib efirə çıxırsa və toya getmirsə, deməli, arxasında sponsor (dırnaqsız) dayanır. Yaxud riskə gedərək pul xərcləyib sponsor axtarır. Bu, bir növ biznesdir. Ruslar demiş, risk xoşməramlı işdir. Pul xərcləyərək daha ciddi pul mənbəyinə yol tapırsan. Mən bu cümlələri yazdığım vaxtda "Space" kanalında hind filmi nümayiş olunur. Otuz dörd yaşıma çatdım, bu hindistanlıları başa düşə bilmədim. Bunlar onsuz da həddindən artıq şitdirlər. Bəs, görəsən, niyə araq içirlər? Hindistanlıların şitliyinə dözmək olmur, üstəlik, hələ bir araq da içirlər. Dəhşət! Nəsə... Biz özümüzdən, dərdimizdən danışaq. Qayıdaq mövzumuza, toylarımıza.
Toya kimlər gedir?
Toy və soyqırım sözləri artıq Azərbaycanda sinonim sözlər kimi qəbul edilir. Hamı toylardan şikayətlənir. Hamı toylardakı səs-küydən danışır. Bununla belə, yenə də toy ölkədə ən tez-tez dəyişən, yeniləşən mərasimdir. Şadlıq evləri ölkədə ən aktiv məkanlardır. Bəs, nədən adamlar toydan bu qədər şikayət etdikləri halda, yenə də toya gedirlər? Bu, bir növ "fala inanma, falçıdan da qalma" sözünün təsdiqidir. Səbəb sadədir. Biz camaat olaraq, qapalı həyat tərzi keçiririk. Məsələn, qonşu Gürcüstanda adamlar daha çox restorana, kafeyə gedirlər. Biz isə hələ də kabinet estetikasından çıxa bilməmişik. Toy bizim üçün hər şey deməkdir. Toy bizim üçün həm restoran, həm diskoteka, həm gəzinti, həm də görüş yeridir. Azərbaycanda çoxlu qadınlar var ki, yalnız toydan-toya evdən bayıra çıxırlar. Toy adamlara təzə aldığı paltarı digərlərinə göstərmək şansı verir. Belə adamlar hardan olsa pul tapıb toya gedəcəklər. Bir ölkədə ki, oğlanlar toy kasetinə baxıb özlərinə arvad, bir az mədəni desək, həyat yoldaşı seçirlərsə, daha bazar açmağa ehtiyac yoxdur, hər şey aydındır. Məhz buna görə, Azərbaycanda çox oynayan qızlar tez ərə gedirlər. Lap məşhur "Həyat-rəqs deməkdir" hekayəsində olduğu kimi. Ərə getmək üçün rəqs eləmək lazımdır. Bizim toylar hind filmlərinə oxşayır. O vaxtlar hamı hind filmlərində döyüş səhnələrini lağa qoyub gülürdü, amma yenə də baxırdılar.
Toy oğlanları və qızları
Toy oğlanları və qızları xüsusi təbəqədir. Əgər adam səhər saat yeddidən axşam saat altıya qədər toya hazırlaşırsa, həmin adam bu təbəqəyə mənsubdur. Toy oğlanları toya getdikləri gün çəkdikləri siqaretin markasını dəyişir. Məsələn, adam adi günlərdə "KENT" çəkirsə, toya getdiyi gün hansısa qara filtirli, ətirli, bahalı siqaret alıb cibinə atır. Əgər maşını varsa, maşının təkərlərini narşərabla qaraldır. Borca təzə kostyum alır. Yaxud kirayə götürür. Mərasim zamanı çox canfəşanlıq göstərir. Operatorun cibinə pul basır ki, onu çoxlu çəksin. Müdirik sağlıqlar deyir. Qocaların əlindən, uşaqların üzündən öpür. Bəzən bizim uşaqlar toyda mahnı üstündə bir-birini bıçaqlayıb, al qana bulayanlara gülürlər. Lazım deyil. Toyda baş verənləri lağa qoymaq olmaz. Toy həm də bizim üçün qladiator döyüşləridir. Adam öz gücünü, öz cəsarətini, öz mərifətini hardasa nümayiş etdirməlidir. Bizim üçün bu yer şadlıq evləridir. Üstəlik, içki cəsarəti daha da qabarıq üzü çıxarır. Necə ki, İspaniyada küçəyə buğa buraxırlar, bizdə də adamlar toyda mahnı üstündə bir-birilərini qanlarına qəltan edirlər.
Toyun fəlsəfəsi
Azərbaycanda bir toya çəkilən xərclə Gürcüstanda 20, Ermənistanda 10, Rusiyada 30 adama toy eləmək olar. Məhz bu səbəbdən Azərbaycanda boşanmaq xeyli müşkül məsələdir. Boşanma halı bizdə hələ də faciə kimi qəbul edilir. Çünki evlilik prosesinə həddən ziyadə xərc çəkilir, çoxlu adamlar bu məsələyə cəlb olunur. Bir sözlə, şahidlərimiz çoxdur. Bəzən görürsən ki, biri efirdə boşanma hallarının bizdə az olmasıyla fəxr edir. Heç də fəxr ediləsi söhbət deyil. Əksinə, bunun qarşısında, ağır və zülmlü həyat dayanır. Əgər ər-arvad it-pişik kimi yaşayıb boşanmırlarsa, bu axmaqlıqdır. Boşanmaq, təzədən ailə qurmaq, yenə boşanmaq, yenə ailə qurmaq daha yaxşıdır. İnsan səhv edə bilər. Bir insanı vaxtında tanımadığına görə, bir taleni məhv etmək axmaqlıqdır. Xüsusən, ünsiyyət problemi olan bir ölkədə. Məhz buna görə biz tez-tez eşidirik: "O, toydan sonra dəyişdi". Xeyr, dəyişmədi, o, elə belə idi. Sadəcə, toydan sonar o, öz adi, təbii halına qayıtdı.
Etiraf edək ki, toy hələ də ölkəmizdə qadın əldə etməyin ən geniş yayılmış vasitələrindən bir sayılır. Hələ də ölkədə adamlar övlad böyütmək, tərbiyə etmək, rahatlıq üçün deyil, qadın əldə etmək üçün evlənirlər. Belə adamların toydan sonra dəyişməsi çox təbiidir. Və ən pisi odur ki, artistliyi toya qədər bir adam deyil, həmin adamın mənsub olduğu ailə toyda da gözəl bacarır. Toydan sonra isə əsl sifətlər açılır. Artıq gecdir, boşanmaq isə faciədir. Ən azı sən bir-bir toya dəvət etdiyin 300-500 adama izahat verməlisən. Bir daha təkrar edək: ŞAHİDLƏRİMİZ ÇOXDUR. Bu şahidlər adi şahidlər deyil. Əgər toya dəvət etmisənsə, izahat verməyə məcbursan. Başqa yolun yoxdur.
Toydan necə qorunmalı?
Çox sadə. Toya getməməklə. Şəxsən mən toya getmirəm. Kim bunu bilirsə, dəvət etmir. Ən yaxın adamların toyuna gedəndə də pul yazdırmıram. Əksinə, toyun ortasında ərkim çatan adamlardan birinə yaxınlaşıb pul alıram. Məsələn, Aqil Abbasdan. Üç-dörd dəfə toya getdiyim üçün bəyin özündən pul almışam. Kim bu şərtlərlə razıdırsa, toya gəlməyimi israr edir. Kim razı deyilsə, özü bilər. Mənsiz də toy baş tutar. Xoruz banlamayanda da səhər açılır.
Toylar kralı
O gün "Toylar kralı" yarışmasına baxdım. Biabırçılıq. Sözün həqiqi mənasında. İki müğənni əsl toy mahnıları oxuyaraq xalqın etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxırdı. Baxmayanlara izah etmək çətindir. Baxanlar da bilirlər. Belə verilişlərdə iştirakçılar kənd, qəsəbə, adam adları sadalayaraq, SMS dilənirlər. Xüsusən, iştirakçılar hacı və məşədilərdən SMS umurlar. Adlar sadalanandan sonra göndərilən SMS-lərin sayı artır. Hacılar şeytana daş atıb, müğənnilərə SMS göndərirlər. Bu iki ayin bir-birinin davamıdır. Görəsən, bu hacıların ətrafında, qonşuda, qəsəbədə, kənddə, rayonda ehtiyac içində yaşayan adam, ailə yoxdur? Bu hacılar müğənniyə SMS göndərmək əvəzinə bir kilo ət, bir cüt ayaqqabı alıb bir yetimin, imkansızın könlünü xoş edə bilməzlər? Görünür, edə bilməzlər. Yəqin hacı və məşədilərin öz qanun və nizamnamələri var. Biz başa düşə bilmərik. Məqsəd vasitəyə haqq qazandırır. Bakıda fəaliyyət göstərən bir çox restoran və şadlıq evlərinin sahibi möhtərəm hacılardır. Sahibləri hacı olan şadlıq evlərində araq vermirlər. Düz edirlər. Amma həm də pul qazanmaq lazımdır. Araqsız toy, toy deyil, ölü basdırmaqdır. Bura Azərbaycandır, adamlar gözəl vasitə tapıblar. Sahibləri hacı olan restoranda araq vermirlər, amma toy şən keçsin deyə arağı toy sahibi özü almalıdır. Məqsəd vasitəyə haqq qazandırır. Beləlikə, hər iki tərəf özünü rahat və xoşbəxt hiss edir. Həm şadlıq evinin sahibi, həm də toy sahibi.
Allah xoşbəxt eləsin!