Məndən "İsa Qəmbərin bir nömrəli vəzifəsi nə olmalıdır?" deyə soruşsanız, cavabım əsla və əsla "hakimiyyətə gəlmək" olmayacaq. Əlbəttə, könül istərdi ki, İsa Qəmbər 2003-cü ildən prezident kürsüsündə əyləşəydi. Və bu gün də müxalifət düşərgəsi Müsavat başqanlığına deyil, Azərbaycan prezidentliyinə ən layiqli şəxsin kim olduğunu dartışaydı. İsa bəyə simpatiyasını heç vaxt (nə rəsmi, nə qeyri-rəsmi atmosferdə) gizlətməmiş, bununla belə, İsa Qəmbəri müxalifətçi qələmlərin sırasında ən çox tənqid etmiş biri olaraq, buna həmişə bütün varlığımla inandım və inanmağa davam edirəm: İsa Qəmbər Azərbaycanı idarə etməyə ən çox haqqı çatan liderdir. Baxmayaraq ki, başqanın düşüncə və davranışlarında çoxsayda bölüşmədiyim məqamlar var, bu məqamları da zaman-zaman açıq şəkildə yazmışam. O ki qaldı bu haqqı İsa bəyin necə qazandığına, hər kəsin, ən azı ağlını və məntiqini itirməmiş hər kəsin bildiyi səbəbləri təkrar sadalamağa ehtiyac yoxdur.
Gələk yazının başlığındakı suala: nədir İsa Qəmbərin bir nömrəli vəzifəsi? İsa bəyin bir nömrəli vəzifəsi parlamentə vəsiqə qazanmaqdır. Bu, təkcə İsa bəyin deyil, bütün Müsavatın bir nömrəli vəzifəsi olmalıdır. Təkcə Müsavat deyil, gerçək müxalifət başqanın mandat əldə etməsi üçün əlindən gələni etməlidir. Kimsə bu yazdıqlarıma güləcək, ölkənin prezidentliyə ən şanslı adamının deputatlığı bir nömrəli hədəfinə çevirməsi absurddur deyəcək, amma oysa ortada absurd heç nə yoxdur. Bu əsla və əsla İsa Qəmbərin iddialarını kiçiltmir. Ќiyəsini açıqlayım: heç düşündünüzmü, Müsavat başqanının 1995-ci ildən bu yana nədən bir dəfə də olsun qələbəsi tanınmadı? 2005-ci ildə İsa bəy böyük fərqlə qalib gəldi, bildiyim qədəri ilə günlərcə beynəlxalq qurumlar bu qələbəni rəsmiləşdirmək üçün hakimiyyətə bütün mümkün təzyiqləri etdilər, amma iqtidar geri addım atmadı. Hətta bilgilərinə şübhə etmədiyim, üstəlik, müxalifət düşərgəsi ilə də yaxından-uzaqdan əlaqəsi olmayan bir qaynaqdan eşitdiyimə görə, iqtidar xaricilərə "istəyirsiniz Müsavatdan on adamı buraxaq parlamentə, amma İsa Qəmbər Milli Məclisdə oturmayacaq!" belə deyiblər.
İndi fikirləşin, 1995-dən bu yana bütün əsas müxalifət liderlərinə qələbə şansı tanımış bir rejim eyni lütfü İsa bəyə göstərməkdən niyə çəkinir? Parlamentə niyə hər kəsi buraxmaq olar, amma İsa bəyi yox? Bu sualların çox açıq və net bir cavabı var: hakimiyyət İsa Qəmbərin parlamentdə çevriliş etmək təcrübəsi olduğundan çəkinir, iqtidar içində bir çoxları bunu ən müxtəlif atmosferdə dilə gətirirlər. "Tarixi-Ќadir" açmağa ehtiyac yoxdur, "parlamentdə çevriliş etmək təcrübəsi" deyilərkən nəyin nəzərdə tutulduğu hamıya aydındır.
2005-dən sonra Pənah Hüseynin timsalında saxta bir parlamenti belə, hakimiyyətin özünə qarşı çevirməyin mümkünlüyünü hər kəs gördü. İndi bir də o parlamentdə natiqliyi, harizması, məntiqi, liderlik adına ağla gələn və gəlməyən bütün üstünlükləri ilə İsa Qəmbəri təsəvvür edin. Ќəticə nə olur, sizcə?
Qüvvətləndirici xatırlatma
2009-ci il referendumu ilə bağlı teledebatlar yadınızdadırmı? Yadınızda deyilsə, xatırlamağa çalışın: İsa Qəmbərin qarşısına kimlər çıxırdı? YAP-ın, bütünlükdə rejimin, allah qoymasa, ən dilli-dilavər sözçüləri. O adamların İsa Qəmbərin qarşısında duruşları xatirinzdədirmi? İsa bəyin arqumentlərinə cavab verməyə çətinlik çəkmələri bir yana, heç biri onun üzünə baxaraq danışmırdılar. İkinci cümlədə dilləri topuq vururdu. Kəkələyirdilər. Yazıqlaşırdılar, cılızlaşırdılar. Əzbərlədiklərini belə, unudurdular. Ürəklərində doğulduqları günə, saata belə, söyürdülər bəlkə.
Bunları ona görə xatırlatdım ki, İsa Qəmbərin qarşısındakı bir nömrəli vəzifəsindən, bu vəzifənin yerinə yetirilməsinin hansı faydaları olacağından danışarkən çox yerinə düşürdü...
Anar müəllim, axı bu necə baş verir?
Anar Rzayev başında bir dəstə adam yenə Türkiyəyə gedib. Atası Rəsul Rzanın yubiley tədbiri üçün. Anarın əlində Türkiyəyə getmək burdan Ələtə getmək kimi bir şeydir. Elə beş-on gün qabaq da Anar Türkiyədəydi, orada hansısa yeni kitabının təqdimatı imiş.
Təəccübüm əsla və əsla Anarın Türkiyəni suyoluna döndərməsinə deyil. Təəccübüm vaxtilə Türkiyənin Azərbaycanda səfirliyinin açılmasına qarşı çıxmış, ilk səfir Altan Karamanoğlunun AYB-nin otaqlarından ikisinin səfirlik üçün ayrılması xahişini böyük bir şiddətlə geri çevirmiş, yalnız o zamankı dövlət rəhbəri Mütəllibovun işə qarışmasından sonra buna razılıq vermiş bir adamın indi Türkiyəni özünün və atasının təbliği üçün bu qədər üzdən-gözdən salmasınadır. Görəsən, Anar Türkiyədə kitablarına təqdimat, atasına yubiley keçirmək üçün əldən-ayaqdan gedərkən bircə dəfə də olsun, qardaş ölkənin burada səfirlik açmasına qarşı dirənişini xatırlayırmı? Xatırladığı zaman hansı hisslər keçirir?
Yeri gəlmişkən, Anar Rzayevin Türkiyə səfirliyi ilə bağlı dirənişinin tarixçəsini bilmək istəyənlər "Aypara" qəzetinin 1991-ci il avqust saylarını axtarıb tapa, hər şeyi Altan Karamanoğlunun öz dilindən oxuya bilərlər. "Aypara"nı tapa bilməsəniz, Akif Əlinin dörd il əvvəlki "Üçüncü yazı" kitabını axtarın. O zaman siz də mənim kimi soruşacaqsınız: "Axı bu necə baş verir, Anar müəllim?"
Flora Kərimovaya niyə acıdım?
Flora Kərimova "Azadlıq" radiosuna çıxıb, "Hakimiyyətdən çox razıyam", "Hakimiyyətin əməyini yerə vurmaq allahsızlıqdır, insafsızlıqdır" dedi ya - nə təəccübləndim, nə təəssüfləndim. Sadəcə, acıdım. Bu iki səbəbdən:
BİR: "Hakimiyyətdən çox razıyam" deyib, ardınca da "hər nə olursa olsun, İsa Qəmbərə münasibətimi heç vaxt dəyişmərəm" sözlərini əlavə etməklə, heyranlarını hələ də tamamən itirilmiş adam olmadığına inandıra biləcəyini düşündüyü üçün...
İKİ: Bir vaxtlar əlinə mikrafon alıb oxumasa belə, vəhşi bir rejimlə savaşdığı, ona görə də bəlkə səsiylə qazanmayacağı sevgini öz ləyaqəti, vicdanı ilə qazandığı halda, indi telekanallardan düşməyib, əvəzində İlhaməylə döyüşməsinin kənardan nə qədər çirkin göründüyünün fərqində olmadığı üçün...