Cavan, enerjili, iddialı, ədalı bir psixoloq kəndə gəlir. Tutalım, valideynlərinə baş çəkməyə. Gənc psixoloq bir qadının kötüyü parçaya bürüyüb uşaq kimi əzizlədiyini, kötüyə layla çaldığını görür. Deyir ki, mən bu qadını sağaldacam. Yaşlı, dünyagörmüş kənd buddası gənc psixoloqu fikrindən daşındırmaq istəyir. Deyir: "Əgər bu qadın parçaya bürüdüyü kötüklə xoşbəxtdirsə, qoy, belə də yaşayıb xoşbəxt qalsın. Sən onu müalicə etsən, illərdir bəslədiyi kötüyün uşaq olmadığını anlayıb, bədbəxt olacaq".
Gənc psixoloq kənd buddasının sözünü eşitmir. Özünü təsdiq etmək yanğısıyla kötüyü parçaya bürüyüb əzizləyən qadını müalicə etməyə başlayır. Sonda qadın illərdir uşaq əvəzinə kötük bəslədiyini dərk edir, bu bədbəxtliyə dözə bilmir. Özünü çaya atır. Qısası, əgər kimsə dində öz suallarına cavab, ibadətdə rahatlıq tapırsa, buyursun. Yolu açıq, duaları qəbul olsun. Amma kötüyün uşaq olmadığını demək və yazmaq da bizim haqqımızdır. Mən o imanlı adamı axtarıram ki, Axundovun "Kəmalüddövlə məktubları"nı oxuyandan sonra inancına sadiq qalsın. Bir şərtlə, cığallıq etməsin. Axundov Şərqin Volteridir. Əgər bir azərbaycanlı əlini atıb hardansa tutmaq, kiminləsə fəxr etmək istəyirsə, ilk olaraq dilinə Axundov soyadı gəlməlidir. Bizim fikir tariximiz Axundovla başlayır. Axundov o qədər nəhəng şəxsiyyətdir ki, biz onun nəhəngliyini sona qədər başa düşə bilməyəcəyik. Çox düşünürəm, bu böyük insan necə yetişdi, bir nəticəyə gələ bilmirəm. Üç qitəni işğal edən, altı yüzillik Osmanlı imperiyası Axundov kimi, nəinki Axundov, Axundovun yanından yel olub ötə bilən adam yetişdirə bilmədi. İki minillik dövlətçilik ənənəsi olan farslar (ciddi ənənə, lətifə yox) Axundov kimi bir adam yetişdirə bilmədi. Axundovdan sonra yetişən nəsil etiraf edək ki, dini demoqogiyayla məşğul oldu. Ona görə bu gün bir çox möminlərin əlinə bəhanə veriblər. "Mirzə Cəlil, Haqverdiyev dini yox, yolunu azmış din xadimlərin tənqid ediblər". Əlbəttə, əslində belə deyil. Mənə bircə müsbət din xadimi obrazı göstərsinlər. Yoxdu. Axundova qarşı münasibət birmənalıdır. Çünki Axundov zərbəni birbaşa islam dininin bünövrəsinə vurmuşdu. Bu, ("Kəmalüddövlə məktubları") çox sarsıdıcı, dəhşətli, qəfil vurulan bir zərbə idi. Axundov islam dininə elə bir sarsıdıcı zərbə vurub ki, o zərbənin qarşısını almaq mümkün deyildi.
Yuxarıda yazdığım cümləni bir daha təkrarlayıram. Mən o imanlı şəxsi axtarıram ki, Axundovun "Kəmalüddövlə məktubları"nı oxuyub, öz inancına sadiq qalsın. Məhz Axundovun və ötən əsrin əvvəllərində yaşayıb-yaratmış kişilərin sayəsində bu gün Azərbaycan mətbuatında oxunan, tanınan yazarların böyük çoxluğu dindən uzaq adamlardır. Murad Köhnəqala, Aqşin, Günel, Tural, Elnur Actanbəyli, Natiq, Xaliq Bahadır, Samir Sarı, Zamin Hacı... Bu gün dini təbliğ edən hər hansı yazarın populyar olmaması çox sevindirici haldır. Bu onu göstərir ki, Axundovun və əsrin əvvəlində yaşayıb-yaratmış kişilərin çəkdikləri zəhmət hədər getməyib, onların enerjiləri itməyib. Bu mənada Azərbaycan xalqı Türkiyə camaatından daha proqressiv xalqdır.
Hicab, yoxsa çadra?
Səksən milyonluq Türkiyə dövlətinin Bakı şəhərində bir kitab mağazası yoxdur. Əhalisinin iyirmi faizi yazıb-oxumağı bilməyən Türkiyədən kitab mağazası ummaq bəlkə də bir az haqsızlıqdır. Türklərin özü üçün kitab mağazası açan lazımdır. Əhalisinin iyirmi faizi yazıb-oxumağı bacarmır. Yerdə qalan iyirmi milyon adam "fasebook" şəbəkəsinə daraşıb. Türklər Azərbaycana primitivlik, dönər gətirməklə bərabər həm də din gətirdilər. Konkret olaraq "hicab" sözü bizə Türkiyədən gəldi. Sözün həqiq mənasında biz bu sözü işlətmirdik. Azərbaycanın ən işıqlı, ağır fikir adamlarından biri Ağalar Məmmədov bir dəfə bu məsələyə toxunmuşdu. Dindarlar söhbətlərində "hicab" sözü işlədirlər. Biz isə yazılarımızda hicab yox, çadra sözünü işlətməliyik. Çünki dindarlar "hicab" sözünü dövriyyəyə buraxmaqla sovet imperiyasının çadraya qarşı apardığı mübarizəni öldürmək istəyirlər. Hicab deyilən bir anlayış yoxdu, daha doğrusu bizim üçün olmamalıdır. Çadra var. Və çadra hansı rəngdə olmasına baxmayaraq qara rəngdədir. Çünki çadranın fəlsəfəsi qara rəngdədir.
Dünyəvi dövlətin sonu
Məni bir şey maraqlandırır. Görəsən, Türkiyənin ölkəmizdəki səfiri şəhərin mərkəzində yerləşən "Rus kitab evi"ndə heç olubmu? Yoxsa bu adam öz adətinə sadiqdir. Üzr istəyirəm, ənənəsinə. Ənənəsi isə bayramlarda bir tədbir təşkil edib, qonaqlara türk paxlavası paylamaqdan ibarətdir. Türkiyənin vəziyyəti çox ağırdır. Göz qarşısında Atatürkün qurduğu dünyəvi bir dövlət sürətlə islamlaşmaqdadır. Atatürkün sadəcə portretləri qalıb. Bir zamanlar Türkiyədə Əziz Nesin kimi şəxsiyyətin yaşamasına inanmaq günü-gündən çətinləşir. Türkiyəni yalnız İranın çöküşü xilas edə bilər. "İranın çöküşü" yazımda bəzi məqamlara toxunmuşdum, yeri gəlib həmin məqamları təkrarlamağın. Məsələ ondadır ki, Türkiyədə qadınları çadraya bürünməyə heç kim məcbur etmir. Onlar özləri çadraya bürünürlər. Bu, daha qorxuludur. İranda isə qadınları çadraya bürünməyə rejim məcbur edir. İranın orta statistik mədəni, intellektual göstəriciləri Türkiyədən daha yüksəkdir. Avropada, Amerikada İrandakı islam rejiminə müxalif xeyli yüksək səviyyəli, varlı adamlar yaşayır. Türkiyənin Avropaya, Amerikaya qarşı ibtidai şübhələri, inamsızlığı İrana qarşı işləyə bilməz. Çünki İranda müsəlmanlar yaşayır. İranın inkişafı Türkiyəni fakt qarşısında qoya bilər. Deyilənə görə, bu il Novruz bayramında Azərbaycana 65 min İran vətəndaşı gəlib. Balaca rəqəm deyil. Mən otellərdən birində yerləşmiş İran vətəndaşlarını diqqətlə müşahidə etdim, onlardan bəziləri ilə ünsiyyətdə oldum. Bir oteldə gördüyüm adamlardan danışıram, bir oteldə. Çox ünsiyyətcil, yaxşı geyinmiş adamlar idi. Halbuki Türkiyənin on şəhərini gəzsən o qədər dünyəvi düşünən insanı bir araya yığa bilməzsən.
İranda turizm üçün hər cür şərait var. Təbiəti gözəl, otellər rahat və ucuzdur. Üstəlik, İranda gəzintiyə çıxmaq ənənəsi var. Adamlar təbiət qoynunda çadır qurub dincəlirlər. Bəs, o zaman 65 min insan niyə Azərbaycana gəlir? Axı, Azərbaycanda olan bahalığın heç bir məntiqi izahı yoxdur. Turizm də inkişaf etməyib. Elə isə 65 min İran vətəndaşının bu bahalı, kirli, çirkli, ölkədə nə işi var? Səbəbi sadədir. İslam rejimi adamları o qədər sıxıb, o qədər incidir ki, adamlar bir az içki içmək, başıaçıq gəzmək üçün bu bahalı ölkəyə gəlirlər. Biz də öz növbəmizdə bir az demokratiya havası udmaq üçün Gürcüstana gedirik. Ötən il beş min Azərbaycan vətəndaşı yeni ili Gürcüstanda qarşıladı. Azərbaycandan Gürcüstana istirahətə gedənlərin sayının artması bizim istirahət mərkəzlərinin sahiblərini narahat etməkdədir. Gürcüstana istirahətə gedənlərin sayı bu yay daha da artacaq. Niyə də artmasın. Ağıllı adam Batumi ola-ola, Nabranda istirahət etməz. Qısası, rahatlıq, azad nəfəs almaq hər bir insanın haqqıdır.
Fazil Say
Fazil Say məşhur pianoçudur. Molla Ərdoğanın ən böyük düşmənlərindən biridir. Nazim Hikmət vurğunudur. Nə yaxşı hələ bir neçə belə adam qalıbdır. Ərdoğanın forumlarda göstərdiyi artistlikdən iyrəndiklərini bildirirlər. Fazil Say məşhur olduğuna görə qəzetlər üzünə açıqdır. Türkiyənin hara getdiyini, dünyəvi dövlət anlayışının sadəcə sözə çevrildiyini anlayan, dayanmadan həyəcan təbili çalan adamlardan biridir. Hələki Ərdoğan cazibəsi bu adama sirayət etməyib. Müsahibələrindən birində Fazil Say demişdi: "Ərdoğanın Baş nazir olduğu ölkədə yaşamaq mənim üçün təhqirdir".