yaxud heç cür baş tutmayan təbəddülatlar...
(Misir Mərdanova ünvanlanan açıq məktub janrında)
Hörmətli Misir müəllim!
Sizi BDU-da prorektor işlədiyinz dövrdən tanıyıram. O zaman tələbə idim və tale mənə sizinlə birbaşa ünsiyyətdə olmaq fürsəti qismət eləməsə də, müəllimlər və tələbələr arasında dolaşan söhbətlərdən mülayim xarakterli, insanları yola verən, hamıyla dil tapmağa çalışan bir insan olduğunuzu eşitmişdim.
Sonra nazir təyin olundunuz. Eşitdiyimə görə, vaxtilə mərhum Heydər Əliyev sizi "mənim vəzifəyə təyin etdiyim adamlar arasında hamıyla dil tapan yeganə adam",- adlandırıb və artıq neçə illərdir ki, bu vəzifədə çalışırsınız. Təhsil işçisi olmadığıma, bu sahə ilə bağlı məlumatları daha çox dövrü mətbuatdan, televiziyalar vasitəsilə və vətəndaşlarımız arasında dolaşan söz-söhbətlərdən aldığıma görə bu illər ərzində gördüyünüz işlər barədə nəsə deməyə çətinlik çəkirəm. Ancaq onu deyə bilərəm ki, televiziya ekranlarında ən çox görünən nazirlərdən biri kimi mətbuata, ictima rəyə sayğı göstərən demokratik düşüncəli bir insan olduğunuzu düşünürəm. Hətta sizin "icra hakimiyyətlərinin təhsil şöbələrinin işinə kobud müdaxilə etməsi",- kimi heç bir nazirdən eşitmədiyim cəsarətli bəyanatlarınızı, "bəli, məktəblərimizdə rüşvət, korrupsiya faktları var, biz bununla mübarizə aparırıq",- kimi səmimi etiraflarınızı, "təhsilimiz cəmiyyətimizin səviyyəsinə uyğundur",- kimi acı həqiqətləri rəsmi tribunalardan dilə gətirmənizi xüsusilə alqışlayıram.
Artıq üç ildir ki, mənim övladım da dövlət büdcəsindən maliyyələşən məktəblərdən birində təhsil aldığına görə, istər-istəməz məktəb həyatı və təhsildəki problemlərlə daha sıx təmasda olur, təhsilə aid televiziya proqramlarını, mətbuatda dərc olunan yazıları daha diqqətlə izləyir, şəxsən sizin çıxşlarınıza və bəyanatlarınıza fövqəladə maraqla qulaq asıram. Məsələ burasındadır ki, nə qədər acı və təəssüf doğurucu olsa da, mən bu üç il ərzində sizin bəyanatlarınızla məktəblərimizdəki durumun daban-dabana zidd olduğunu müşahidə etmişəm. Məsələn, siz televiziyadan bütün xalq qarşısında bəyan edirsiniz ki, "məktəblərdə heç bir halda pul yığıla bilməz",- ancaq şagird dərs ilinin birinci günü, yəni sentyabrın 15-də məktəbdən evə dönəndə valideyninə dediyi ilk söz "müəllim dedi ki, sabah filan qədər gətirərsiniz",- olur. Məktəblərdə bu günə kimi "fondpulu" da, "müəllimlər günü" pulu da, "müəllimin ad günü" pulu da, "yeni il" pulu da, "səkkiz mart" pulu da yığılır, hətta Novruz bayramı münasibətilə şagirdlərdən xonça üçün qoz-fındıq və şirniyyat gətirmələri də tələb olunur. Doğrudur, bəzən bunlar məcburi xarakter daşımır, yəni bunları etməyən valideyn və şagirdə qarşı konkret cəza tədbiri tətbiq olunmur, amma şagirdə psixoloji təzyiq göstərilir və qəsdən elə bir atmosfer yaradılır ki, o, yoldaşlarının yanında utanmağa başlayır. Mən bu məsələlərlə bağlı bəzi müəllimlərlə də söhbət etmişəm. Onlar sizin bəyanatlarınızın şüar xarakterli olduğunu, reallığa əsaslanmadığını söyləyir, məktəblərə direktorların, onların müavinlərinin, hətta adi müəllimlərin rüşvətlə təyin olunduğunu, direktorlardan aylıq "haqq" tələb olunduğunu söyləyirlər. "Verməyən işləyə bilməz",- bu onların Quran ayəsi qədər inandıqları doqmadır. Məktəblərdəki pul yığma əməliyyatına bəzi əliəyriliyə meyilli valideynlərin cəlb olunması da geniş yayılmış üsullardan biridir. Yəni, bu işə guya müəllim deyil, valideyn şurasının sədri olan valideyn başçılıq edir. Əslində isə həmin valideyn müəllimlə digər valideynlər arasında vasitəçi-dəllal rolunu oynamaqla həm də müəyyən miqdarda qazanc əldə etmək müqabilində guya təhsil müəssisəsini məsuliyyətdən boyun qaçırmasına yardımçı olur. Məktəbdə pul yığılmasıyla bağlı müəllimə, məktəb rəhbərliyinə, təhsil şöbəsinə, hətta nazirlikdə fəaliyyət göstərən "qaynar xətlə" müraciət etdikdə, hamısı eyni sözü deyir: "Valideyn bunu öz təşəbbüsü ilə edir". Düşünürəm ki, bu, yüksək səviyyədə təşkil olunmuş bir priyomdur, yəni kor da bilir ki, balıq şordur; hüquqi dildə məncə buna "mütəşəkkil cinayətkarlıq" deyilir.
Təhsil nazirliyinin tez-tez televiziya ekranlarına çıxan əməkdaşları bu məsələlərdə valideynləri günahlandırmağa cəhd göstərib, bütün məsuliyyəti onların boynuna qoymaq və beləliklə, bütün xalqın gözü qarşısında sudan quru çıxmaq istəyirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, cənab nazir, bunun heç də belə olmadığını siz məndən yaxşı bilirsiniz. Əvvəla əksər valideynlər bu vəziyyətdən narazıdır, onlar buna məcbur edilirlər, ikincisi, dövlət hər şeydən öncə öz məmurunu rüşvət almaqdan çəkindirməyi bacarmalı, bunun üçün əlindəki hüquqi, inzibati və iqtisadi imkanlardan istifadə etməlidir. Əgər məmurlar düzəlsə, vətəndaşlar öz-özünə düzüləcəklər, yəni rüşvətin keçmədiyini görən vətəndaş daha buna cəhd etməycək. İki vur iki dördə bərabərdir - səhv etmirəmsə siz riyaziyyat müəllimisiniz. Bir də ki, axı hər hansı məktəbdə baş verən rüşvət və korrupsiya faktı müstəsna hal deyil, bu hal, təəssüflər olsun ki, kütləvidir və mərkəzləşmiş xarakter daşıyır. Çünki nazirliyin "qaynar xətt"inə və hər hansı rəsmisinə müraciət etdikdə, konkret fakt tələb edirlər. Şəxsən mən bir neçə dəfə fakt təqdim etmişəm, amma ya nəticəsi olmayıb, ya da müraciət olunan fakt müvəqqəti aradan qaldırılsa da, günahkar cəzalandırılmayıb. Yəni şikayət etdiyin məsələ müsbət həll olunur, yaxud səndən daha rüşvət tələb olunmur (o da müvəqqəti), amma rüşvəti tələb edən və ya tələb olunmasını təşkil edən müəllim, yaxud direktor vəzifəsində qalıb yeni-yeni rüşvət planları üzərində işləməkdə davam edir.
Nəhayət, məni bu məktubu yazmağa məcbur edən sonuncu məsələ barədə. Bir neçə gün öncə 76 saylı məktəbin 3-cü sinfində oxuyan oğlum sinif müəlliminin 1 (bir) manat "gündəlik pulu" istədiyini söylədi. Sizin, hörmətli nazir, "məktəbdə heç bir halda pul yığılmamalıdır" bəyənatınızı ona xatırladıb pulu vermədim. Ancaq oğlum bir neçə gün dalbadal müəllimənin ondan əl çəkmədiyini, pulu tələb etdiyini və buna görə uşaqların yanında utandığını dediyinə görə, məcbur olub məktəbə getdim. Müəllim və direktor müavini ilə görüşdüm, onlar hər ikisi məni inandırmağa çalışdılar ki, bu, qanunauyğundur, nazirliyin tələbidir və yığılan pullar da veriləcək gündəliklərin (məktəb kitabçası) müqabilində məktəbin tabe olduğu təhsil şöbəsinə ödəniləcək. Onlar mənə hətta kitabçanın üz qabığının iç tərəfində "Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir" sözləri yazılan və arxasında qiymətinin həqiqətən 1 manat olduğunu təsdiq edən məktəbli kitabçasını göstərdilər. Ancaq onların dedikləri sizin bəyanatınıza uyğun gəlmədiyindən deyilənlərlə razılaşmadım və məsələni aydınlaşdırmaq üçün nazirliyin "qaynar xətt"inə, 496-34-82 nömrəsinə zəng vurdum. "Qaynar xətt"dən mənə təhsil nazirliyindən məktəblərdə ümumi məktəbli kitabçasından istifadə olunmasına dair qərar verə biləcəyini (nazirliyin əməkdaşı bunu dəqiq bilmirdi), ancaq nazirliyin, eyni zamanda onun heç bir strukturunun məktəbli kitabçasının satışı ilə məşğul olmasının doğru olmadığını bildirdi. Ancaq nazirlik yetkilisi valideynlərin məktəbli kitabçasını haradan ala biləcəyinə dair sualımı cavablandıra bilmədi və araşdırılıb mənə məlumat verilcəyinə söz verdi. Hələlik cavab yoxdur. Mənimçün çox maraqlıdır, təhsil nazirliyi və ya onun müvafiq strukturu bu işlə məşğul olmaqla hansı marağı güdür? Axı bu hallar sizin və rəhbərlik etdiyiniz qurumun nüfuzuna xələl gətirir.
Hörmətli cənab nazir, mən sizin "dövlətimizin təhsilimizi maddi-texniki cəhətdən təmin etməyə bütün imkanları var və bunu yüksək səviyyədə edir də",- bəyanatınızı da eşitmişəm. Ancaq müəllimlər bunun əksini deyir; onlar bir çox ləvazimatları, hətta məktəb jurnalını və tabaşiri də pulla, bazardan aldıqlarını söyləyirlər. Axı bu biarçılıqlar nə vaxtadək davam edəcək? Axı milyonlarla vətəndaşımızın övladını bahalı ingilis, amerikan, türk məktəblərinə göndərmək imkanı yoxdur. Milyonlarla vətəndaşımız rüşvət almadan öz halal zəhməti ilə yaşadığı halda, məktəbdən tələb olunan qeyri-qanuni ödənişləri hansı mənbə hesabına ödəməlidir? Əgər dövlətin təhsilə ayırdığı vəsait yetərli deyilsə, müəllimlərin məvacibləri onları qane eləmirsə, bu o deməkdir ki, problem aztəminatlı ailələrin hesabına həll olunmalıdır? Bir də unutmamalıyıq ki, müəllimin şagirddən birbaşa pul alması onları erkən yaşlarından rüşvət verməyə öyrətmək deməkdir. Niyə bunların qarşısı alınmır, lazımi tədbirlər görülmür? Xahiş edirəm, bu məsələlərin həlli istiqamətində ciddi addımlar atasınız.