Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Aktiv və passiv deputatlar

  Sayta qoyulub: 01:31 04.04.2010 (1091 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkiləri bizə, biz parlament seçkilərinə yaxınlaşdıqca aktiv deputatlar daha aktiv görünməyə çalışırlar. Çünki hər bir oliqarx, güc sahibi nəzarətində olan deputatlara efirdə görünməyi, qəzetlərə müsahibə verməyi tövsiyə etmişdir. Bu da, deyilənlərə görə, aktiv deputatların növbəti dəfə deputat seçilməyinə münbit şərait yaratmalı, adlarının deputat siyahısına düşmələrini asanlaşdırmalıdır.
Passiv deputatların belə bir qayğısı yoxdur. Onların vəzifəsi susmaqdır. Məsələn, Hacı Madər adında bir deputat var. Adam əsl Şərq müdriki kimi susmaqla hər şeyi ifadə edir. Onun susması orta əsr sufilərinin susaraq danışmalarına bənzəyir. Passiv adlandırdığımız bu cür deputatların susması danışmaqlarından daha vacibdir. Belə bir şayiə gəzir ki, Hacı Madər müəllim bir cümləni ağ vərəqdən çox çətinliklə oxuyur.
Biz bu yazımızda passiv deputatlara o qədər də enerji sərf etməyəcəyik. Onlara çatmaq çətin məsələdir. Bu adamlara toxunmaq üçün bir çox sirli kodları əxz etməlisən. Heç olmasa, adam beş-altı il AzTV-də montyor və yaxud sürücü işləməlidir. Passiv, yəni susaraq "hər şeyi ifadə edən" deputatlar bizim üçün əlçatmaz varlıqlardır. Onlar sanki kosmik fəzada, mifik bir canlı kimi öz mövcudiyyətlərini hərdən bir nümayiş etdirirlər. Məsələn, Miri Qəmbərov deyilən bir deputat var. İnanın, bu adam Uçan Naməlum obyektlərdən daha sirli, daha müəmmalıdır. Hətta yadplanetlilər bizə daha yaxın, daha doğmadır, nəinki Miri Qəmbərov və ona oxşayan deputatlar.

Fikrimi izah edim. Hərdən televizorda göstərirlər ki, filan rayonun sakinləri dünən gecə göydə "uçan boşqab" görüblər. Yaxud biri müsahibə verib deyir ki, o, həftədə bir dəfə, olsun hər ilin axırı yadplanetlilərlə görüşür. Nə bilim, yadplanetlilər onu öz planetlərinə aparmaq istəyirlər, amma getmir. Hacı Madər təxminən iyirmi ildir deputatdır. Amma parlamentdə onun səsini eşidən yoxdur. Hərdən adam düşünür ki, bəlkə parlamentdə oturan Hacı Madər deyil, onun bənzəridir. Bu mənada yadplanetlilər susan deputatlarla müqayisədə bizə hər mənada yaxın və doğmadırlar. Bu müqəddəs varlıqları görmək xoşbəxtliyi, onlarla təmasda olmaq səadəti yalnız AzTV-nin əməkdaşlarına tanınıb. Özü də hamısına yox. AzTV özü ayrıca araşdırma mövzusudur. Kahin yuvasıdır. AzTV-də bir il montyor işləyən adam istənilən Tibet müdrikini Sabirabada susuz aparıb, susuz gətirər.
Yüzilliklər keçəcək və biz heç vaxt AzTV-ni başa düşməyəcəyik ki, bu kanal heç vaxt yalan söz deməyib. Və doğrusu, məni bir məsələ çox ağrıdır. Guya AzTV-yə ironiya edən adamlar bu kanaldan nə qədər aşağı səviyyədə olduqlarını dərk etmirlər. Çox güman ki, heç dərk etməyəcəklər də. Bunu ölkədə beş-altı adam başa düşür. O adamlardan biri də rejissor Vaqif Mustafayevdir. AzTV tarix, tarixi şəxsiyyət, ədəbiyyat, lirika, romantika, poeziya tanımır. AzTV əbədidir. AzTV dolayır, ələ salır, gülür, sındırır, məhv edir. AzTV prezidentlər yola salır. Bəziləri elə başa düşür ki, AzTV onların təbliğat vasitəsidir. Əslində isə, AzTV onları ələ salır. Bu mənada mifik, sanki kosmosda yaşayan, həm də adları məşhur şəxslərə toxunmaq, onlarla təmasda olmaq şansı AzTV-də çalışanlara tanınıb. Biz bu haqda eşidə bilərik. Necə ki, qədim svilzasiyalar haqda söhbətləri eşidirik.

Aktiv deputatlar

Aktiv deputatlardan yazmaq çox asandır. Biz onları görürük. Onlarla görüşmək asandır. Ünsiyyətə meyllidirlər. Aktiv deputatlar canlı varlıqlardır. Amma onların da bəzi məziyyətləri vardır. Aktiv deputatlar həm rahat yaşamaq, həm efirdə görünmək, həm müsahibə vermək, həm də qəhrəman olmaq istəyirlər. Onları "sancmaq" asandır. Məsələn, Molla Fazil Qəzənfəroğlu bir ara öz həmkarlarına göstərmək istədi ki, o, tam fərqli simadır. Guya köşə yazarlarının bir çox aktiv deputatlarla istədikləri kimi rəftar etmələrinin səbəbi aktiv deputatların savadlarının dayaz olmasıdır. Fikrimi açıq yazım. Guya, Zahid Oruc, Fəzail Ağamalı Molla Fazil Qəzənfəroğlu qədər savadlı olsaydı, biz Zahid və Fəzail müəllimə vaxtaşırı qələm bulamazdıq. Amma biz, yəni köşə yazarları Fazil müəllimə bunun belə olmadığını sübut etdik. Göstərdik ki, savadlı aktiv deputatı savadlı üslubda başa salırıq. Faktiki olaraq, fikir, düşüncə, intellekt ağırlığı dəyişiklik istəyən adamların tərəfindədir. Zəfər Quliyevin, Rəhman Bədəlovun, Ağalar Məmmədovun, Erkin Qədirlinin, Əli Abbasovun, Hikmət Hacızadənin qarşısına kimi çıxaracaqlar çıxarsınlar. Aydın Mirzəzadəni? Gülməlidir. Aktiv deputatları "sancmaq", onların qanını qaraltmaq çox asandır. Onlar balaca bir cümləni zəhər kimi içirlər. Onların əksəri keçmişinə baxmaq istəmir, gələcək isə çox bulanıq, müəmmalı görünür.
Bəli, parlament seçkiləri bizə, biz parlament seçkilərinə yaxınlaşdıqca aktiv deputatlar daha aktiv görünməyə çalışırlar. Çünki artıq yuxarıda qeyd etdiyim kimi, hər bir güc sahibi nəzarətində olan deputatlara efirdə görünməyi, müsahibələr verməyi, yazılar yazmağı tövsiyə etmişdir. Buyursunlar. Bizə də mövzu verirlər. Amma bəzən reallıq hissini itirib qəribə məsələlərə toxunurlar. Məsələn, Anar Məmmədxanlı adlı şən və hazırcavab deputat ötənlərdə verdiyi müsahibədə qəribə bir fikir söyləmişdi: "Cəmiyyətdə debilləşmə prosesi gedir". Pah. Bilmirdik. Nə yaxşı dediniz Anar müəllim. Sual olunur, cəmiyyətdə gedən debilləşmə prosesinin günahkarı kimdir? Dünyada nə qəribə adamlar varmış, İlahi! Anar Məmmədxanlı özünü nə qədər "qorodskoy paren" kimi göstərsə də, əslində, o, mahiyyətcə Siyavuş Novruzovla eyni adamdır. Siyavuş Novruz Anar Məmmədxanlıdan daha səmimi adamdır. Gerçəkdən, mən Anar Məmmədxanlının müsahibəsini oxuyanda mat qaldım. Bu adam ömür boyu gülüb-güldürməklə məşğul olub, sonra isə cəmiyyətin debilləşməsindən narahatlığını bildirir. Nə əcaib adamlar varmış. Yaxşı olardı ki, KVN Anar Məmmədxanlı Henrix Böllün "Təlxəyin düşüncələri" romanın oxuyaydı və cəmiyyətdə debilləşmə prosesinin niyə getməsinin səbəbini anlayaydı. Kim debilləşmə prosesindən danışsa da, Anar Məmmədxanlı gərək danışmayaydı. Bu adam nə vaxt kitabdan danışdı? Nə vaxt təhsildən söz açdı? Bax, buna görə deyirəm, Siyavuş Novruzov Anar Məmmədxanlıdan daha səmimidir.
Son vaxtlar aktivləşən deputatlardan biri də Qənirə Paşayevadır. Qənirə xanım lap ucalığa gedərək Nobel mükafatı almış qadın yazarlar haqqında kitab yazmışdır. Yazmışdır deyəndə, internetdən götürdüyü məlumatları bir kitabda toplamışdır. Qənirə xanıma çəkdiyi zəhmət üçün təşəkkürümüzü bildiririk. Amma Qənirə xanım Nobel mükafatı almış qadın yazarlar haqqında yox, Tovuz aşıqları haqda kitab yazsaydı, daha səmimi görünərdi. Şəxsən mən Tovuz aşıqları haqda yazılmış kitabı bacardığım qədər təbliğ edər, Azad Yazarlar Ocağının təşkilatçılığı ilə kitabın öz tərəfimizdən təqdimat mərasimini keçirərdik. Əfsus ki, Qənirə xanım Tovuz aşıqları haqqında yox, Nobel mükafatı almış qadın yazarlar haqqında kitab bağlamışdır. Qənirə xanımın mövcudluğu Nobel mükafatının, ümumiyyətlə, kitabın, intellektin əleyhinədir. Evin yıxılsın Nobel! Sən nə günə düşdün. Görəsən, Nobel mükafatı almış qadın yazarların günahı nə idi? Bu mövzuya qayıdarıq gələcəkdə.
Son vaxtlar aktivləşən deputatlardan biri də Aynur Quliyevadır. Aynur xanım saytlardan birinə yerləşdirdiyi yazısında köşə yazarlarının halına acıyaraq onları köşə yazmağa yox, ədəbiyyatla məşğul olmağa səsləyib. Çox sağ olun, Aynur xanım! Səmimiyyətinizə inanıram. Yaxşı olardı ki, siz bu fikirləri parlamentdə səsləndirəsiniz. Ünvanı da düz göstərin. Hər ağzını açan köşə yazarlarına tövsiyə və məsləhət verir. Aynur xanım, yaxşı olardı ki, hökumətin mədəniyyət siyasətini adla, soyadla, dəqiq tənqid edəsiniz. Köşə yazmağa niyə pis məşğuliyyət kimi baxırsız? Bilmək olmaz dünyanın işini, bəlkə bizi də deputat "təyin" etdilər.

Aynur xanım yazısında daha bir narahatlığını bildirmişdir. Biz, köşə yazarları müxalifət liderlərinə, Əli Kərimli və İsa Qəmbərə xidmət edirik və Aynur xanımın fikrincə, müxalifət liderləri bizim qədrimizi bilməyəcək. Çox sağ olun, Aynur xanım! Səmimiyyətinizə inanıram. Sizin qədrinizi bilməlidilər, deputat oldunuz. Əgər bizim də qədrimizi bilməsələr, biz də yəqin deputatdan-zaddan bir şey olarıq. Heyf ki, münasibətimiz var, yoxsa tamam başqa üslubda cavab alardınız.

Mən, İsa Qəmbərə, Əli Kərimliyə xidmət etmirəm. Hər ikisini sərt tənqid etmişəm. Mən öz vicdanıma xidmət edirəm. Bacardığım, dözə bildiyim qədər. Heç kimin də mənə qədir ağacı əkməsini gözləmirəm. Ümumiyyətlə, bu qədir bilmək söhbəti mənə dahi Çexovun gözəl bir sözünü xatırlatdı. Burda məmnuniyyətlə yazardım. Qorxuram düzgün başa düşməyəsiniz.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829