Bu yaxınlarda Coffey İnternational Development auditor şirkəti Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT) sahəsində Azərbaycanda görülən işlərin qiymətləndirilməsini yekunlaşdırmışdır. Qiymətləndirməyə əsasən, Azərbaycanda HSŞT sahəsində mühüm işlər həyata keçirilmiş və mədən sənayesində gəlirlərin yüksək səviyyədə şəffaflığına nail olunmuşdur. Beləliklə, beynəlxalq auditor şirkəti, Azərbaycanın bəzi qeyri-hökumət təşkilatlarının dəstəyi ilə, Azərbaycanda şəffaflıq imitasiyasının formalaşmasında növbəti addım atdı. Azərbaycan HSŞT sahəsində yüksək nailiyyətlər qazandığına görə hətta «EITI Award 2009» mükafatına da layiq görüldü.
Azərbaycanın iqtisadi və siyasi həyatında mühüm rol oynayan «Əsrin Müqaviləsi» 1994-cü ildə imzalandıqdan sonra bu müqavilədə nəzər tutulmuş fəaliyyətin həyata keçirilməsi üçün vacib olan bir neçə addımların atılması zərurəti yaranmışdır. Bu addımlar 1)Azərbaycanın qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsini; 2) Azərbaycanın bəzi beynəlxalq Konvensiyalara qoşulmasını; 3) siyasi sabitliyin yaradılması üçün seçki prosesinin və regional konfliktlərin nəzarətdə saxlanmasını; 4) neft gəlirlərinin artan istiqamətdə inkişafını nəzərə alaraq onun xərclənməsi prosesinə nəzarətin güclənməsini; 5) neft gəlirləri ilə bağlı ictimai fikrin nəzarətdə saxlanmasını və potensial ictimai narazılıqların idarə edilməsini təmin etməli idi.
Bu addımlardan sonuncusu, yəni neft gəlirləri ilə bağlı “ictimai fikrin nəzarətdə saxlanması” və “potensial ictimai narazılıqların idarə edilməsi” prosesi hasilat sənayesində şəffaflıq təşəbbüsü (HSŞT) adlanan fəaliyyətdə sistemli şəkildə öz əksini tapmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-ın “müştəri ölkəsinə” çevrilmiş və “pis idarəçiliyi” bərqərar olmuş ölkələrdə neftdən, qazdan və digər dağ-mədən sənayesindən gələn gəlirlər həmin ölkələrdə yoxsulluğun, konfliktlərin azalmasına yox, əksinə dərinləşməsinə, dövlət idarəçiliyində korrupsiyanın güclənməsinə stimul yaratmış olur. Hasilat sənayesi ilə məşğul olan bir çox ölkələrin iqtisadiyyatına və həyat şəraitinə ciddi ziyan vuran bu paradoks «Sərvət lənəti» adı almışdır. «Sərvət lənəti» şirkətlər tərəfindən hökumətə edilmiş ödəmələrin və hökumətin tərəfindən şirkətlərdən qəbul edilmiş gəlirlərin əhalinin geniş kütləsindən gizlədilməsi ilə birbaşa əlaqəlidir. Neft gəlirlərinin vətəndaş cəmiyyətindən kənar iki qüvvə arasında, yəni şirkətlər və yerli hökumətlər arasında “bölüşdürülməsi” imkanları şirkətlərin mülkiyyətinə və onların məxsus olduqları ölkələrin enerji təhlükəsizliyinə, ictimai və iqtisadi həyatına ciddi terror təhlükələri yarada, beynəlxalq səviyyədə narazılıqlar dalğası törədə bilər. İnformasiya sahəsində qloballaşmanın artması və hərbi texnologiyaların daha geniş əhali kütləsi üçün əldə edilə bilən olması səbəbindən belə təhlükələrin reallığı da artır.
HSŞT ilə bağlı olan fəaliyyət transmilli şirkətlər vasitəsilə aparıcı güc mərkəzlərinin, xüsusilə ABŞ və Böyük Britaniyanın, təbii sərvətlərlə zəngin ölkələrin sərvətlərinin istismar edilməsi əleyhinə mümkün ictimai narazılıqların minimuma endirilməsi məqsədi daşıyır. Bu məqsədlə hasilat sənayesində, şirkətlərin mənafeyinə və hökumətin nüfuzuna zərər gətirməmək şərti ilə, şəffaflıq və hesablılıq imitasiyasının yaradılması və cəmiyyətin bir qrupunun fəaliyyətinin nəzarətdə saxlanması nəzərdə tutulur.
Odur ki, bu təşəbbüs könüllü təşəbbüs kimi elan edilmiş və həm şirkətlərin, həm də hökumətin qanunvericiliklə təsbit edilmiş məsuliyyətini arxa plana çəkir. Lakin bu təşəbbüsdə əsas mübarizə obyekti kimi şirkətlərin deyil, məhz hökumətin nəzər-diqqətdə də olması maraqlı məqamlardan xəbər verir. HSŞT elə proses kimi başlayır ki, onun vasitəsilə vətəndaşlar öz hökumətlərini gələn gəlirlərin istifadəsi üçün hesabat verməyə sövq edə bilsinlər. Lakin bu proses birtərəfli, yəni yalnız hökumətə tərəf istiqamətlənən proses olmamalı, həmçinin şirkətləri də əhatə etməlidir.
Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti (BBBİD) tərəfindən hazırlanmış vəsaitə görə HSŞT prosesinin tərəfdaşları təkcə dövlət institutları yox, həm də ölkədə fəaliyyət göstərən şirkətlər və vətəndaş cəmiyyəti institutlarıdır.
Beləliklə tərəfdaşları əsasən üç qrupa bölmək olar:
1. Hasilat sənayesindən gələn gəlirlərə görə məsuliyyət daşıyan və bu gəlirlər üzərində səlahiyyəti olan tərəflər;
2. Hasilat sənayesindən gəlir götürən və qanunvericilik əsasında ödəmələr etməyə borclu olan tərəflər;
3. qanunvericilik əsasında hasilat sənayesi gəlirlərinə iddialı olan və ya onun hər hansı təsirlərinə məruz qalan tərəflər.
Bu qruplaşmada 1-ci və 2-ci tərəflər gəlirlərlə birbaşa əlaqəli olduqları üçün və hasilat sənayesi ilə bağlı müqavilələrin tərəfləri olduqları üçün onlara şəffaflığın obyektləri kimi yanaşılmalıdır. 3-cü tərəf isə hasilat sənayesində yalnız təsirə məruz qalan və ya qanunvericilik əsasında hasilat sənayesinə mülkiyyət payı olan tərəf olduğu üçün daha çox şəffaflığı tələb edən subyekt kimi çıxış etməlidir. Beləliklə, HSŞT prosesini daha dəqiq başa düşmək üçün üç tərəfin bu prosesdə yeri və rolu dəqiqləşdirilməlidir.
Subyekt və obyekt əlaqələrində aparıcı rol obyektə yox, məhz subyektə həvalə edilməlidir. Başqa sözlə desək, əgər HSŞT prosesinə imitasiya kimi yox, mədən sənayesində şəffaflığın təmin edilməsi üçün atılmış səmimi bir addım kimi baxılarsa, onda bu prosesdə aparıcı rol vətəndaş cəmiyyətinə, yəni şəffaflığın subyektinə verilməlidir. Təəssüf ki, HSŞT prosesinin real tətbiqi tamamilə əks istiqamətdə inkişaf etdirilmişdir. Belə ki, bu prosesdə aparıcı rollar hökumət və şirkətlərə verilməklə, əslində yuxarıdı qeyd etdiyimiz kimi şəffaflıqla bağlı «imitasiya» yaradılmış və gələcəkdə mümkün ola bilən narazılıqların idarə edilməsi üçün sistemli zəmin hazırlanmışdır.
HSŞT prosesinin müxtəlif ölkələrdə zahirən müxtəlif formalara tətbiq edilməsinə baxmayaraq bu proses əslində bir mənbədən idarə edildiyinə görə mahiyyətcə eynidir. Məsələn bütün ölkələrdə vətəndaş cəmiyyəti şirkət və hökumət ilə prosesin tərəfdaşı kimi proseslərə qoşularaq açıqlamanın məhdud şəkildə tətbiq ediləcəyinə razılaşdırılmışdır. Bütün ölkələrdə yalnız BBBİD və Ñ. Soros tərəfindən dəstək almış QHT-lər vətəndaş cəmiyyətini adından çıxış edərək onu təmsil etmişlər. Başqa sözlə desək yalnız HSŞT-nin tətbiqi prosesini BBBİD tələblərinə uyğun olaraq qəbul edən QHT-lər maliyyə cəhətdən “mükafatlandırılaraq” bu proseslərə qoşulmuşdur. 2005-ci ilin mayında “rəngli inqilablar” müəllifi C. Sorosun şəxsi dəstəyi ilə Azərbaycanda da belə Koalisiya yaradılmışdır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda hökumət, şirkətlər və vətəndaş cəmiyyətini guya «təmsil» edən Koalisiya tərəfindən MSŞT prosesinin tətbiqinin razılaşdırılması ilə bağlı üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır.
Koalisiyanın yarandığı ilk anlardan məlum oldu ki, onun yaranmasına dəstək verən qurumlar, xüsusilə “Soros” fondu, Dünya Bankı və BBBİD, bu Koalisiya tərəfindən ictimai nəzarətin həyata keçirilməsini yox, “şəffaflıq imitasiyası” yaratmağa və HSŞT-nün gizli məqsədini, yəni Azərbaycanda neft gəlirləri ilə bağlı ictimai fikrin nəzarətdə saxlanmasını və potensial ictimai narazılıqların idarə edilməsini təmin etməyə çalışır. Bu Koalisiyanın mahiyyəti və son üç ildə fəaliyyəti haqqında Azərbaycan kütləvi informasiya vasitələrində müəyyən qədər diskussiyalar aparılmışdır. Əlbəttə, belə Koalisiyaların istifadəsində üstün cəhət ondan ibarətdir ki, onların gizli məqsədlərini “mətbəxə yaxın olan” az sayda insanlar bilir. Koalisiyanın çoxsaylı nümayəndələri isə qərar qəbulu prosesinə və strategiyanın hazırlanması prosesinə təsir edə bilmədiklərinə görə yalnız bəyan edilən məqsədlərə inanmağa və ümumi hərəkata passiv qoşulmağa məcbur olurlar.
Azərbaycanda HSŞT və bu təşəbbüsdə vətəndaş cəmiyyətini təmsil edən Koalisiya ABŞ maraqlarını və BP-nin Azərbaycandakı fəaliyyətini müdafiə edən beynəlxalq qurumlar tərəfindən, o cümlədən “Soros fondu” və Dünya Bankı tərəfindən dəstəklənir. Bu qurumlar tərəfindən qrantlar vasitəsilə “satın alınan” və onların gizli strategiyasını həyata keçirən Koalisiya, Azərbaycan neft sənayesində şəffaflığın yaranmasında maraqlı olan yerli təşkilatların fəaliyyətini ictimai faydasız istiqamətlərə yönəltməyə çalışır. Beləliklə, “Hasilat Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası ictimai nəzarət funksiyasını yerinə yetirmək əvəzinə Qərb şirkətləri ilə cəmiyyət arasında “şirkətləri qoruyan ictimai sədd” rolunu oynayır. Koalisiya, şirkətlər və Hökumət komissiyası arasında imzalanmış Anlaşma Memorandumun müddəaları Koalisiyanın bu funksiyasını kifayət qədər aydın ifadə edir.
Anlaşma Memorandumda vətəndaş cəmiyyətini təmsil edən Koalisiyanın funksiyaları vətəndaş cəmiyyəti institutlarının fəaliyyət “fəlsəfəsinə” qətiyyən uyğun deyil. Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətinin zəifliyindən və vətəndaş cəmiyyəti institutlarının xarici kapitaldan asılılığından məharətlə istifadə edərək “Soros fondu” onları bu memorandumun vacibliyinə inandıra bildi. Belə bir siyasət 2003-cü ildə BTC boru kəmərinin dəstəklənməsi üçün QHT Koalisiyanın yaradılmasında da istifadə edilmişdir. Hətta “BP/Azərbaycan” şirkətinin keçmiş prezidenti D. Vudvord öz çıxışında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün 6 milyon dollarlıq vəsaitin ayrılacağını deməklə, Azərbaycan QHT-lərıni BTC-ni dəstəkləyən memoranduma imza atmağa sövq etmişdi. Başqa sözlə desək, həm BP, həm də, BP-nin müdafiəçisi kimi fəaliyyət göstərən, lakin “şəffaflıq” imitasiyası yaradan “Soros fondu” öz siyasətini həyata keçirmək üçün vaxtaşırı Azərbaycan QHT-nin “belə xidmətlərindən” istifadə edirlər.
BBBİD-nin tövsiyələrinə əsasən HSŞT-nün planlaşdırılmasında və inkişaf etdirilməsində tərəflər arasında ümumi razılıq əldə edilməlidir. Məhz bu mərhələdə vətəndaş cəmiyyətinin prosesə cəlb edilməsi məsuliyyəti hökumətin üzərindədir. Bu mərhələdə vətəndaş cəmiyyətinin HSŞT-nün məqsədi, nailiyyətləri və HSŞT-nün yerinə yetirilməsini arzulayan ölkənin gələcək iş planları ilə bağlı digər tərəfdaşlarla razılığa gəlməsi tövsiyə edilir. Vətəndaş cəmiyyətinin digər tərəfdaşlarla razılığa gəlməsi nə deməkdir? Bir-biri ilə kommersiya əlaqəsində olan, gəlirlər və ödənişlər haqqında məxfi məlumatlara və potensial korrupsiya imkanlarına malik olan, lakin şəffaf olmağa «dəvət edilən» tərəflərlə, yəni şəffaflığın obyektləri ilə digər tərəfdaşın, yəni şəffaflığın olmasını, gəlirlər və ödəmələr üzərində ictimai nəzarətin təmin edilməsini tələb edən tərəfdaş, yəni şəffaflığın subyekti arasında razılığa gəlmək nə deməkdir? ABŞ və Böyük Britaniya maraqlarına xidmət edən, BBBİD tərəfindən hazırlanmış və “Soros Fondu” vasitəsilə üçüncü dünya ölkələrinə sırıdılan HSŞT “ideyası” Azərbaycan hasilat sənayesində BP-nin və digər Qərb şirkətlərinin özbaşınalığına və hökumət ilə əlbir fəaliyyətinə son qoya və şəffaflıq yarada bilərmi?
Hazırda Azərbaycanın müstəqil QHT-ləri və siyasi partiyaları üçün çox çətin dövr başlayır. Bu institutlar, bir tərəfdən hökumətin fəaliyyətinə opponentlik etməklə ictimai nəzarəti həyata keçirməyə, digər tərəfdən isə Azərbaycanda ABŞ-ın, o cümlədən BP-nin maraqlarını qorumağa xidmət edən təşkilatların “demokratiya”, “insan hüquqları”, “şəffaflıq” imitasiyalarına qarşı mübarizə aparmağa məcburdurlar. İkinci növ fəaliyyət birincidən daha çətin, lakin zəruridir. Belə ki, ikinci növ fəaliyyətdə Qərb maraqlarını müdafiə edən beynəlxalq qurumların, daha dəqiq desək, ABŞ-ın “Troya Atlarının” mahiyyətinə varmaq və onların “həqiqi üzünü” göstərmək çox çətindir. Belə təşkilatlar öz fəaliyyətlərini yerli manqurtlar vasitəsi ilə qurduqlarından onlara qarşı mübarizə cəmiyyətdaxili mübarizəyə çevrilir. Cəmiyyətdaxili mübarizə isə çox hallarda cəmiyyətin müqavimət gücünü azaldır və sonda isə belə parçalanmanı “təşviq edənlər” udmuş olur. Cəmiyyətin parçalanmasının təşviq edilməsi, parçalanan tərəflərin nəzarətdə saxlanması və idarə edilməsi metodu “Soros fondunun” əsas mahiyyətidir. Bu mahiyyətə qarşı mübarizə aparmağın vacibliyini həm vətəndaş cəmiyyəti, həm də siyasi partiyalar yaxşı dərk edir. Təəssüf ki, indiki iqtisadi və siyasi vəziyyətdə belə mübarizənin effektivliyi hələ xeyli azdır.
Mayis GÜLƏLİYEV,
politoloq