Tanınmış alim fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlının Təhsil Nazirliyinə bağlı Dərslikləri Qiymətləndirmə Şurası üzvləri tərəfindən Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət etmələri ziyalılarımız arasında ciddi narazılığa səbəb olub. Bir qrup ziyalı Ə.Osmanlının hüquqlarını müdafiə komitəsi yaradıblar. Komitənin sədri təhsil üzrə tanınmış mütəxəssis Nadir İsmayılov seçilib. Komitə üzvləri elə ilk iclaslarında Ombudsman Elmira Süleymanovaya müraciət qəbul ediblər.
Müstəqil İnformasiya Agentliyinə daxil olan müraciətin mətnini oxucuların diqqətinə çatdırırıq.
Azərbaycan Respublikası İnsan Haqları üzrə Ombudsman Elmira Süleymanovaya
Hörmətli Elmira xanım!
Biz, fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlının hüquqlarını müdafiə komitəsi adından Sizə müraciət edirik. Xatırladırıq ki, Ə.Osmanlı təhsilimizin məzmunundakı problemlərdən bəhs edən yazıları ilə tanınır. Onun bir dərslik komplektində 1000-dən çox səhvin olması ilə bağlı yazısı xüsusən məşhurdur. Mütəxəssisin bu cür yazıları təhsilimizə rəhbərlik edənləri narahat etməyə başlayıb və onu susdurmaq qərarına gəliblər. Təhsil Nazirliyinə bağlı Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) üzvləri Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında Ə.Osmanlıya qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. İddiaya səbəb isə onun “Azadlıq” qəzetində çap olunmuş silsilə yazılarındakı bir cümlə – “DQŞ komplektlərin seçimində saxtakarlığa yol verir” cümləsidir.
Hörmətli Elmira xanım!
Bu məsələdə bizi narahat edən bəzi məqamları diqqətinizə çatdırmağı lazım bilirik:
- Təhsil sahəsi ilə bağlı tənqidi çıxışlar edən ekspertlərin məhkəməyə verilməsi artıq ənənə halını alıb. Bununla onları susdurmağa çalışırlar. Xeyli əvvəl təhsil işçiləri oxşar iddia ilə “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevi də bir neçə dəfə məhkəməyə vermişdilər. Yenə də əsas kimi mətbuatda çıxan yazılar göstərilirdi;
- Mətbuat təhsil eksperti Etibar Əliyevi məhkəməyə verən Gəncə təhsil şöbəsinin müdirinin də, Əlövsət Osmanlını məhkəməyə verən DQŞ üzvlərinin də eyni vəkil tərəfindən müdafiə edilməsinə diqqət çəkir və bu da həmin proseslərin eyni mərkəzdən idarə olunması şübhəsini yaradır;
- Yasamal Rayon Məhkəməsində hazırlıq iclası zamanı xüsusi ittihamçıların heç birinin məhkəməyə gəlməsi təmin edilməyib;
- Ə.Osmanlının vəkili mətbuatda vəzifəli şəxslərin fəaliyyəti barədə qiymətləndirici mülahizə kimi işlədilən sərt ifadələrə qanunun yol verdiyini bildirib, Avropa İnsan Haqları Məhkəməsinin bu barədə qərarlarını xatırladıb, həmçinin 2008-ci ildə dərsliklərin seçimi zamanı DQŞ-nin yetərsay olmadan qərar qəbul edildiyini və bir çox məqamları əsas gətirərək iddianın təmin olunmamasını tələb edib. Lakin onun bu əsasları nəzərə alınmadan işə baxılması haqda qərar verilib;
- Ə.Osmanlı onun həbs olunması haqda sifariş verildiyini, həmçinin dərsliklərlə bağlı problemlərin böyük ictimai əhəmiyyət kəsb etdiyini deyərək məhkəmə iclaslarında çəkilişlərin və audio yazılışların aparılmasını istəyib. Lakin buna da icazə verilməyib.
Hörmətli Elmira xanım!
Baş verənləri qərəzli sayırıq. Məhkəmədə DQŞ tərəfindən təsdiq edilən ümumi tirajı 140 min nüsxəyə yaxın üç dərslikdə Azərbaycan Respublikasının Dövlət bayrağının tərsinə (mavi rəng aşağıda) çap edildiyini sübut edən nüsxələr nümayiş etdirilib. Ə.Osmanlı isə hakimdən bir dərslikdə 1000-dən çox səhvin olması ilə onun yazısındakı “DQŞ komplektlərin seçimində saxtakarlığa yol verir” cümləsini eyni tərəzinin gözlərinə qoymağı xahiş edərək bildirib: “Heç bir məktuba, yazıya, tələbə cavab vermirlər, ölkədə dərslik faciəsi yaşanır, bu halda mən DQŞ-nin əməlini hansı yumşaq sözlə ifadə edə bilərdim?!”
Bilirsiniz ki, Azərbaycanın daxil olduğu Avropa məkanında qanunlar məmurlardan və vəzifəli şəxslərdən onların rəsmi fəaliyyəti ilə bağlı mətbuatda gedən sərt ifadələrə dözümlü olmağı tələb edir. Bu cür dözümsüzlük göstərərək tənqidi fikir söyləyənləri məhkəmə yolu ilə susdurmaq cəhdi isə qəbuledilməzdir.
Sizdən haqqında danışdığımız məhkəmə prosesini nəzarətdə saxlamağı xahiş edirik.
Hörmətlə:
Əlövsət Osmanlını müdafiə komitəsinin sədri,
təhsil üzrə mütəxəssis Nadir İsrafilov