Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : QHT-lər özünü necə məhv etdi?

  Sayta qoyulub: 16:10 07.03.2010 (493 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda azad mətbuat tamamən sıradan çıxarılır, sərbəst toplaşmaq azadlığının başına yekə bir daş salınır, müxalifət ya repressiv, ya da şirnikləndirici üsullarla sıradan çıxarılır, əldə-ovucda qalmış beş-üç vicdanlı yazar sırada hüquq müdafiəçilərinin olduğunu durmadan aləmə car çəkir, amma QHT rəhbərlərinin dünya umurunda deyil. Demokratik dəyişikliklərə olub-qalan ümidlər dəfn edildikcə, bunlar durub optimist bəyanatlar verirlər, yaxşılığa doğru hansısa dəyişikliklərin olması haqqında nağıllar uydururlar. Məsələn, Elçin Behbudov. Adam gedir təcridxanalara, cəzaçəkmə müəssisələrinə, sonra qayıdıb gəlir, türmələrin Avropa standartlarına uyğunlaşmasından, işgəncə faktlarının azalmasından ağızdolusu danışır. Hətta o qədər ağızdolusu danışır, adam ev-eşiyini qoyub həbsxana eşqinə düşür. Novella Cəfəroğlunun Müdafiə Nazirliyi rəhbərliyinin yanına düşüb hansısa hərbi hissəyə getdiyini, qayıdınca da ordumuzun güllük-gülüstanlıq olduğunu yağlı-buğlu təriflərlə el-aləmə car çəkdiyini unutmamışıq.
Gənc və perspektivli Arif Əliyev deyə biləcəyimiz Emin Hüseynovun telekanalların monitorinqi üçün 300 min avroluq qrant alıb, sonra da kələfin ucunu ortadakı beş-üç vicdanlı yazara "sizə hakimiyyət ona görə toxunmur ki, ölkədə müxalif səslərin olduğunu beynəlxalq təşkilatlara nümayiş etdirsin",- deyəcək qədər itirməsindən isə ümumiyyətlə danışmağa dəyməz.
Ya da Çingiz Qənizadə. Sifarişli və pullu məhkəmə hökmləri ölkəni başına aldığı bir vaxtda hansısa hüquqi islahatlardan dəm vurur, məhkəmələrin müstəqilliyinin artması haqqında elə əfsanələr düzüb-qoşur, yunan mifologiyası bunların yanında kölgədə qalır.
Yaxud Vüqar Bayramov. Hakimiyyət neft pullarını dədə malı kimi sağa-sola səpələdiyi, yol, tunel, körpü adı altında havaya sovurduğu bir vaxtda, şəffaflıq mədhiyyələri oxuyur, Neft Fondundan korrupsiyanı malalamaq üçün dəridən-qabıqdan çıxır.
Nümunələri sonsuzadək davam etdirə bilərəm. Əlbəttə, istisnalar var, amma bu, qaydanı dəyişmir. QHT-lərlə bağlı mənzərə artıq tamamən aydındır. Onlar ictimai nəzarət qurumu olmaqdan çoxdan çıxıblar. Əminliklə deyə bilərik: artıq bizdə adına QHT deyilən bir sektor "qrant mafiyası"na çevrilib, öz ömrünü çoxdan hakimiyyətə bağışlayıb. Bir müddət öncə BMT-nin hazırladığı beynəlxalq şəffaflıq hesabatında Azərbaycanın adı ön sıralardan birinə qoyuldu. Guya bizdə hökumət neftdən gələn qara qəpiyə belə, yan gözlə baxmır. Əlbəttə, BMT bunu havadan demir. Həmin hesabat hazırlanarkən Azərbaycandakı QHT-lərin rəyi nəzərə alınıb. Ona görə də biz BMT-ni yox, həmin QHT-ləri qınamalıyıq. Onlardan soruşmalıyıq: siz kimin "əmisioğlu"sunuz, cənablar, xalqınmı, hakimiyyətinmi? Siz kimin tərəfindəsiniz: şəffaflığınmı, korrupsiyanınmı? Bundan sonra hansı haqla özünüzə QHT deyə bilirsiniz?
Normal ölkədə hökumətin bir nömrəli tənqidçisi məhz QHT-lərdir. Siz isə artıq bu vəzifəni get-gedə tamamilə unutmaqda, tərif, mədhiyyə sektoruna çevrilməkdəsiniz. Sizə elə gəlir ki, ölkədəki ağır durumun tənqidi ilə yalnız iki-üç qəzet, beş-altı yazar məşğul olmalı, sizsə qrant pullarını axmaq, mənasız layihələrə xərcləyib, üstündən də su içməlisiniz.
Həftələrdir qəzetlərdə "Vətəndaş cəmiyyətləri hakimiyyətin hədəfində" başlıqlı yazılar gözə girir. Nəymiş, "QHT-lər haqqında"kı qanun mürtəceymiş, qeyri-demokratikmiş, QHT-lərin fəaliyyətini məhdudlaşdırırmış. Əcəb olur sizə! Biz mətbuat səhifələrində "susmayın, susduqca sıra sizə gələcək!",- deyəndə harda idiniz? İndi qarı şey olub qapı bağlanandan sonra nə qədər dizinizə, başınıza döysəniz, azdı. Gedin bundan sonra da neft şəffaflığından nağıllar danışın, məhkəmələrdəki hüquqi islahatlar haqqında tost deyin, hakimiyyətin əl-üzünü yumağa davam edin, görüm bacaracaqsınızmı?
Sonda lütfən, bunu da unutmayın: siz özünüzü iqtidarın qəbul etdiyi mürtəce qanundan çox-çox əvvəl məhv etmişdiniz, çox-çox əvvəl dəfn etmişdiniz. Hakimiyyət sadəcə, bunu rəsmiləşdirdi, vəssalam!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829