Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : "Daxili İşlər Nazirliyi adam oğurluğu ilə məşğuldur"

  Sayta qoyulub: 16:05 07.03.2010 (284 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Daxili İşlər Nazirliyi adam oğurluğu ilə məşğuldur"

Qurban Məmmədov: "Ağır cinayətlərin açılmaması daxili işlər nazirinin birbaşa məsuliyyətsizliyinin, hüquq-mühafizə orqanlarının qabiliyyətsizliyinin nəticəsidir"
Bir müddət öncə Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində çalışan şəxsin qətli ilə bağlı aparılan istintaq işində hər hansı yenilik yoxdur. Bu günlərdə isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq cinayətkar barədə xəbər verənə 10 min manat mükafat veriləcəyini elan etdi. Bəziləri hüquq-mühafizə orqanlarının bu addımını fəaliyyətsizliklə əlaqələndirir. Görəsən, tanınmış vəkil Qurban Məmmədov hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə nə düşünür?

- Bu, bütün ölkələrin təcrübəsində sınaqdan çıxan nümunədir. Amerikada terrorçuların yerinin bildirilməsi üçün milyonlarla mükafat vəd edilir. Burada qeyri-qanuni, qüsur sayılan bir şey yoxdur. Azərbaycan polisi istəyəndə istənilən cinayəti aça bilər. Elə cinayətlər var ki, o, yalnız informasiya, məlumat hesabına açılır. Amma bizim mentalitetimiz bəzən adamlara gördükləri, eşitdikləri, bildikləri cinayət barədə məlumat verməyə imkan vermir. Bəzisi utanır, bəzisi qorxur. Baş verən qətllə bağlı 10 min manat mükafat elan edilib, mən deyərdim ki, bu, azdır, 50 min versələr, daha yaxşı olar.

- Ümumiyyətlə, son dövürlər ölkədə səs-küy yaradan qətl hadisələrinin üstünün açılmaması adiləşib. Bu, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi ilə bağlıdır, yoxsa...

- Tamamiylə haqlısınız. Azərbaycanda son vaxtlar Elmar Hüseynov, Ziya Bünyadov və başqalarının qətllərinin üstünün açılmaması bir faktdır. Məncə, bunun bir səbəbi də odur ki, Azərbaycan Daxili İşlər Nazirliyi, hüquq-mühafizə orqanları 94-cü ildən bu tərəfə o qədər siyasi tapşırıq icra etdilər ki, bir çox müstəntiqlər, əməliyyatçılar öz peşə qabiliyyətlərini yadırğadılar. Çox yaxşı bilirlər ki, müstəntiq, kriminalist nə toplayır-toplasın, axırda göstəriş gələcək ki, bunun üstünü örtün. Hesab edirəm ki, son vaxtlar ağır cinayətlərin açılmaması daxili işlər nazirinin birbaşa məsuliyyətsizliyinin, hüquq-mühafizə orqanlarının qabiliyyətsizliyinin nəticəsidir. Bu səbədən də kimlərsə cavab verməlidir.

- Sizcə, hüquq-mühafizə orqanlarında islahatlar aparılmalıdır, yoxsa...

- Azərbaycanda yaranmış indiki siyasi rejim ölkəni hüquq müstəvisindən çıxarıb. Xalqımız bilməlidir ki, Azərbaycan adlı oturduğumuz bu "gəmi" hüquq müstəvisindən tamamiylə çıxmaqdadır, bəziləri bu gəminin dibini deşməkdədirlər.
Son dövürlər vəkil kimi məhkəmələrdə, zərərçəkmişin nümayəndəsi kimi istintaq proseslərində iştirak edirəm və görürəm ki, Azərbaycan məhkəmələri qanunlarla işləmirlər. İstintaq orqanları prosessual qanunvericiliyi nəzərə almırlar. Hakim necə istəyir, o cür də qarar qəbul edir. Yəni qərarını hansısa hüquq norması ilə əsaslandırmağa ehtiyac duymur. Çünki Azərbaycanda bir cəzasızlıq mühiti var. Azərbaycan məhkəmələri, hüquq-mühafizə orqanları obyekt kimi çalışdırılır. Hakimlər sanki "aylıq" verirlər, plana otuzdurulublar, hər işdən rüşvət umurlar. Xüsusiylə də Ali Məhkəmə. Bu dəqiqə Ali Məhkəmədə eyni işlə bağlı qüvvədə olan iki qərar var. Biri deyir belədir, o biri deyir başqa cürdür. Bəzən Ali Məhkəmənin bir işlə bağlı bir-birinin ziddinə olan qərarları olur. Evlənmək məqsədiylə biri qız qaçırır 5 il, digərinə eyni işə görə 10 il verirlər, başqa birini isə məhkəmə zalından azadlığa buraxırlar. Aşağı məhkəmədə bir cinayət işi ilə bağlı təşkilatçıya 9, köməkçiyə 8 il iş veriblər. İş gəlib Ali Məhkəməyə, görünür təşkilatçının yaxşı pulu olub, işini azaldıb 7 il ediblər. Amma köməkçinin pulu olmayıb, saxlayıblar 8 ildə. Bu biabırçılıqlar Ali Məhkəmədə olur.

- Ali Məhkəmənin sədri Ramiz Rzayev isə keçirdiyi mətbuat konfransında digər məhkəmələri günahlandırdı...

- Tam məsuliyyətimlə deyirəm, Ramiz Rzayev Ali Məhkəmənin sədri olduğu gündən Azərbaycan məhkəməsi bərbad vəziyyətə düşüb. İndi Ramiz Rzayevin bu cür qeyri-səmimi danışmasını başa düşə bilmirəm. Əgər doğrudan da hakimlər qətimkan tədbiri ilə bağlı məsələlərdə qanunsuzluq ediblərsə, onda Ali Məhkəmənin sədri hara baxırdı? Rayon məhkəmələrində qətimkan tədbirlərini təmin edən hakimlərin qərarların kim qüvvədə saxlayır, Apellyasiya Məhkəməsi. Apellyasiya Məhkəməsinin qərarına Ali Məhkəmə, Ali Məhkəmənin qərarına isə Konstitusiya Məhkəməsi baxır. Yalandan, kampaniya xatirinə iki-üç hakimdən intiqam almaq, onları işdən çıxarmaq üçün belə bəyanatlar vermək yersizdir. Ramiz Rzayev Ali Məhkəmənin sədri olduğu gündən, Ali Məhkəmə hörmətdən düşüb və bu məhkəmədə qanunsuzluqlar baş alıb gedir. El arasında Ali Məhkəməyə "ali bazar" deyirlər.

- Qurban bəy, bəzi hüquqşünaslar isə həbs-qətimkan tədbirlərinin yenidən prokurorluğa verilməsinin tərəfdarı kimi çıxış edirlər. Siz bu barədə nə düşünürsünüz?

- Sanksiyanın hansı orqan trəfindən verilməsinin əhəmiyyəti yoxdur. Əsas odur ki, bu qərarı verənin ləyaqəti, şərəfi olsun. Əgər bir hakim ki, ona verilən təqdimatı araşdırmadan, prokurorluğun qorxusundan verilən təqdimatı olduğu kimi təmin edirsə, adi cinayət işində belə həbs-qətimkan tədbiri seçilirsə, burda söhbət hüququn problemindən yox, şəxsiyyətin problemindən gedir. Araşdırın, görün, neçə bəraət hökmü çıxarılıb, bu günə qədər bəraət hökmü çıxarıldığına görə neçə hakim cəzalandırılıb, neçə müstəntiq həbs olunub? Bir nəfər də yoxdur. Ona görə də bunların hamısı boş şeylərdir. Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Bunun da ən böyük səbəbkarı Ramiz Rzayevin özüdür. Əgər Ramiz Rzayev vaxtında məhkəmə sisteminə sahib çıxsaydı, hakimləri prokurorluq orqanlarının əlində dəyənəyə çevirməsəydi, indiki şərait yaranmazdı. Bütün bunların məsuliyyəti Ramiz Rzayevin, Fərhad Abdullayevin belindədir.

- Konstitusiya Məhkəməsi...

- (Tələsik) Konstitusiya Məhəkəməsinin fəaliyyətinə fikir verin. Azərbaycanda o qədər başa düşülməyən, o qədər ikibaşlı, beynəlxalq hüquq normalarına zidd olan qanunlar var ki, bunlarla bağlı Konstitusiya Məhkəməsi dayanmadan şərh verməlidir. Konstitusiya Məhkəməsi hakimlərinin əksəriyyətinin biznes sahələri, obyektləri var, pul qazanırlar. Onların işləməyə ehtiyacları yoxdur. Ona görə də kiçik şikayətlərə baxılmır. Artıq Azərbaycanda məhkəmələrin rüşvətlə işlədiyi balaca uşağa da bəllidir. Bu millət yazıq deyilmi? Erməni ordusundan daha güclü qırırlar bu milləti. Bu ordunun başında gələn də məhkəmə sistemidir, xüsusiylə də Ali Məhkəmə.
Ədliyyə nazirinin Toğrul Musayev adlı müavini var. Onun tapşırığı ilə Nərimanov rayon Məhkəməsində, sonra Apellyasiya Məhkəməsində adi bir inzibati xətaya dair iş üzrə qanunsuz qərar qəbul olunursa, Toğrul Musayev istədiyi hakimi əzirsə, hansı məhkəmədən, hansı ədalətdən söhbət gedə bilər? Namuslu, ləyaqətli, ən əsası, şəxsiyyətli hakim axtarmaq lazımdır ki, özünü prokurorun nökəri kimi hiss eləməsin, onu görəndə ayaqları əsməsin, işə qanuni baxsın.

- Hakimləri prokurordan asılı vəziyyətə salan nədir?

- Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur. Bir dəfə Aslan İsmayılov demişdi ki, rüşvət alanda kimə neçə faiz verirlər. Azərbaycanda məhkəmə və prokurorluq orqanları birgə təsərrüfat fəaliyyəti göstərən obyektlərdir. Bunlar artıq hüquq-mühafizə orqanları deyillər.
Bir misal da çəkim. Rayon polis idarəsində iş aparırlar və vətəndaşdan 300 manat pul istəyirlər ki, işi xətm eləsinlər. Vətəndaş pul vermir, müstəntiq isə əsəbləşib, ona 5 maddə "yapışdırır". İş gəlir məhkəməyə və 300 manat dönüb olur 3 min. Vətəndaş da başa düşür ki, istintaqda nə istəyirlərsə, vermək lazımdır. Yaxud birinci instansiya məhkəməsində 1000 manat istəyirlər, adam deyir ki, haqlıyam, vermirəm, əleyhinə qərar çıxarırlar. Apellyasiya Məhkəməsinə gedir, 10 min istəyirlər. Onda başa düşür ki, birinci instansiyada canını qurtarmaq lazımdır. Bu minvalla ən böyük pulu Ali Məhkəmədə istəyirlər. Azərbaycanda elə bir məhkəmə instansiyası yoxdur ki, orada rüşvət tələb olunmasın, yaxud işə rüşvətsiz baxsınlar. Bu artıq aksiomadır. Çünki bu ölkədə qatığa qara deyənlər var. Nə qədər ki, bu ölkədə ədliyyə nazirinin Toğrul Musayev kimi müavini var, haqdan, hüquqdan danışmaq yersizdir. Ramiz Rzayev isə məhkəməni öldürəndən sonra bığın tumarlayır ki, bu, yaxşı məhkəməymiş. Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin olunanda yazmışdım ki, Hacı Məmmədovun cinayət işində barmağı olan Ramiz Rzayev və başqaları nəinki vəzifədən uzaqlaşdırılmalı, həbs olunmalıydılar. Amma onu daha da yüksək kürsü ilə mükafatlandırdılar.

- Zakir Qaralovun üçüncü dəfə baş prokuror seçilməsi istiqamətində iş gedir. Artıq bu məsələnin Milli Məclis səviyyəsinə qaldırılacağı gözlənilir...

- Bilirsiniz ki, bu, Zakir Qaralovun şəxsiyyətindən asılı olan məsələ deyil. Bəlkə də bu məmurların içərisində yaxşısı elə Zakir Qaralovdur. Amma totalitar, diktatura rejimlərinin mahiyyəti belədir. Prezident məhdudiyyətsiz seçilə bilirsə, Vəkillər Kollegiyasının qabiliyyətsiz sədri Azər Tağıyev niyə olmasın? Bu, rejimin mahiyyətindən irəli gəlir. Ona görə də bunun Zakir Qaralovun şəxsiyyəti ilə bağlanmasının tərəfdarı deyiləm. Təbii ki, mən, Azərbaycan prokurorluğunun fəaliyyətinə sıfır qiymətini verirəm. Bu gün həbs-qətimkan tədbirləri ilə bağlı hakimlər qınanılırsa, unutmaq lazım deyil ki, bu təqdimatları verən baş prokurorluqdur. Bu gün Daxili İşlər Nazirliyi adam oğurluğu ilə məşğuldur. Çünki həbs-qətimkan tədbirinin seçilməsi zəruri olmayan adamı həbs ediblər.
DİN-dən bir müstəntiq var - Qasım Qasımzadə, maşın oğruları ilə bağlı iş aparıb və maşın oğurluğundan xəbəri olmayan bir adamı həbs edib. Görəsən, bu millətin anasını ağlada-ağlada hara gedirlər? Azərbaycanın sıravi insanının haqqını pozan, əmlakını əlindən alan, həbs etdirən məmurlar ordusunun erməni ordusundan heç bir fərqi yoxdur. Ona görə də, mən, Qarabağ uğrunda müharibənin başlanacağından çox qorxuram. Çünki bu xalqın əlinə silah düşən kimi, onu daxilə - məmurlara qarşı çevirəcək. Bu baxımdan, hesab edirəm ki, biz çox təhlükəli vəziyyətdəyik.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829