Azərbaycanın baş naziri Artur Rasizadə Rusiya hökumət başçısının birinci müavini və RF-nin MDB məsələləri üzrə milli əlaqələndiricisi İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə MDB çərçivəsində inteqrasiya proseslərinin fəallaşdırılması məsələləri müzakirə olunub.
Artur Rasizadə ümid etdiyini bildirib ki, Rusiya nümayəndə heyətinin ölkəmizə səfəri ikitərəfli əlaqələrin genişləndirilməsi üçün stimul olacaq. Azərbaycan-Rusiya əməkdaşlığının perspektivlərindən danışan baş nazir bildirib ki, 2009-cu ildə ticarət əməliyyatları həcminin bir qədər azalmasına baxmayaraq, bu il ikitərəfli əmtəə dövriyyəsi həcminin 2 milyard dolları aşacağı nəzərdə tutulur.
İqor Şuvalov isə öz növbəsində MDB ölkələrinə səfəri barədə Azərbaycanın hökumət başçısına məlumat verərək Birlik çərçivəsində əməkdaşlığın üstün istiqamətlərinə dair təkliflərini bölüşüb.
“Birliyə üzv ölkələr iqtisadiyyatın baza sahələri olan energetika və nəqliyyat sektorlarında əlaqələrin inkişaf etdirilməsi barədə həmrəydir. Bununla bərabər, enerji baxımından səmərəli, o cümlədən ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqinə diqqət yetirmək lazımdır. MDB üzvlərinin demək olar ki, hamısının əmək bazarında üzləşdiyi əməkçi miqrantlar, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi problemlərinin tənzimlənməsi müzakirə tələb edilən məsələlər sırasındadır”, - deyə baş nazirin birinci müavini qeyd edib.