Xarici İşlər naziri Elmar Məmmədyarov iqamətgahı Ankarada yerləşən Filippin Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O.Çanı qəbul edib.
XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, etimadnamənin surətini təqdim edən Pedro O. Çani ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd etmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Filippin-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.
Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə Pedro O. Çanı təbrik etmiş və iki ölkə arasındakı əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd edib.
Nazir E.Məmmədyarov iqamətgahı Ankarada yerləşən İrlandiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasseli qəbul edib.
Etimadnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından məmnun olduğunu qeyd etmişdir. T.Rassel fəaliyyəti dövründə İrlandiya-Azərbaycan arasında iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə münasibətlərin inkişafına və genişləndirilməsinə xidmət edəcəyini söyləyib.
Öz növbəsində qonağı salamlayan nazir E.Məmmədyarov T.Rasseli ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş, Azərbaycan ilə İrlandiyanın beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini, hər iki ölkə arasında bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi üçün geniş potensialın olduğunu və bu imkanların səmərəli istifadəsinin məqsədəmüvafiqliyini qeyd edib.
Nazir E.Məmmədyarov iqamətgahı Tehranda yerləşən Liviya Sosialist Xalq Cəmahiriyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbiri qəbul etmişdir.
Etimadnamənin surətini təqdim edən səfir Liviya ilə Azərbaycan arasında tarixi əlaqələrin mövcudluğunu vurğulamış və fəaliyyət dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün xidmət edəcəyini qeyd etmişdir. Enerji, təhsil və digər sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq bu istiqamətdə ölkəmiz ilə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini bildirmişdir.
Öz növbəsində nazir E.Məmmədyarov Saad Mustafa Mucbiri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və Azərbaycanın Liviya ilə əməkdaşlığa hazır olduğunu qeyd etmişdir.
Nazir E.Məmmədyarov iqamətgahı Ankarada yerləşən Danimarka Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelseni qəbul etmişdir.
Etimadnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından məmnun olduğunu qeyd etmişdir. Ole Egberg Mikkelsen fəaliyyəti dövründə Danimarka-Azərbaycan arasında iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə münasibətlərin inkişafına və genişləndirilməsinə xidmət edəcəyini söyləmişdir.
Öz növbəsində qonağı salamlayan nazir E.Məmmədyarov Ole Egberg Mikkelseni ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının vacibliyini qeyd etmişdir.