Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 27-ci görüşündə iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycanın təşəbbüskarı olduğu və ötən ilin dekabr ayında BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında xüsusi qətnaməsi qəbul olunan “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi haqda iclas iştirakçılarına məlumat verən nazir Azərbaycanda qeyri-neft sektorunda, xüsusilə İKT sektorunda aparılan islahatlar, görülmüş işlər və region üçün böyük əhəmiyyət kəsb edən təşəbbüslər haqda komitə üzvlərini məlumatlandırıb.
Görüşdə TASİM layihəsinin İslam Konfransı Təşkilatına üzv olan ölkələr üçün də əhəmiyyəti nəzərə alınaraq təşəbbüs rəyasət heyətinin təklifi ilə komitənin iş planına daxil edilib. İclas çərçivəsində komitə üzvləri son illər Azərbaycanda İKT, yüksək texnologiyalar və süni peyk sahəsində aparılan nümunəvi işləri nəzərə alaraq Azərbaycanı alternativ enerji mənbələri üzrə İslam ölkələri şəbəkəsinin əlaqələndiricisi kimi qəbul edib. Eyni zamanda iclas müddətində ölkədə süni peykin yaradılması üzrə işlərə yeni başlanılmasına baxmayaraq, uğurlu təcrübənin digər üzv ölkələr arasında bölüşdürülməsinin vacib olduğu bildirilib.
Səfər çərçivəsində həmçinin nazir Əli Abbasov İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, COMSTECH-in baş əlaqələndiricisi Atta-ur-Rəhman, o cümlədən Səudiyyə Ərəbistanının Elm və Texnologiya üzrə Kral Əbdüləziz şəhərinin prezidenti Məhəmməd İbrahim Al-Suvaiyel, Pakistanın elm və texnologiyalar üzrə federal naziri Mohammad Svati, İran İslam Respublikasının Elm, Tədqiqatlar və Texnologiya nazirinin müavini Arslan Qorbani və digər ölkələrin rəhbər nümayəndələri ilə ikitərfli görüşlər keçirib və birgə təşəbbüs və əməkdaşlıq planlarını müzakirə edib.