Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki «İmamzadə» kompleksinin bərpasi ilə əlaqədar tədbirlər haqqinda prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan «İmamzadə» kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat məbləğində vəsait ayrılacaq.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, «İmamzadə» ziyarətgahının mütəvəllisi Seyid Tahir Qarabaği belə bir addımı atdığına görə, Gəncə dindarları adından prezidentə təşəkkür edib: «8-ci əsrdə beşinci imamın oğlu Abbasi xilafətin təqibindən qaçaraq Gəncəyə gəlmişdi. Burada da şəhid olub və «İmamzadə»də dəfn edilib. Hansı ki, bu məzarın üzərində bir neçə dəfə məqbərə tikilib. İki yüz ilə yaxın idi ki, burada təmir işləri aparılmayıb. Sovet rejimi zamanı bura repressiyaya məruz qalmışdı, bağlamışdılar. O zaman buranı yetimlər evi etmişdilər. Bu ziyarətgahın ətafındakı abidələr, karvansara uçub dağılmışdı. Demək olar ki, kompleksin ətrafı yararsız hala düşmüşdü. «İmamzadə»də əsaslı təmir-bərpa işləri aparılmayıb. Son 20-25 ildə təmir işləri apırmaq istəyiblər.Bəziləri başqa məqsədlər güdüblər, demək olar ki, heç bir iş görülməyib. Deyərdim ki, bina çox pis vəziyytdədi. Özümüz də təmir edə bilmirdik ki, qədim binadır. Amma prezident İlham Əliyev respublikada dinimizə qayğının bir nümanəsi olaraq, Gəncə şəhərindəki ziyarətgha 3 milyon manat pul ayırıb. Ona görə də biz Gəncə dindarları ölkə başçısına təşəkkür edirik».
Seyid Tahir Qarabaği ziyarətgahın önündə mitinq keçirildiyini də qeyd edib: «Bu gün «İmmazadə» ziyarətgahının həyətinə minə yaxın dindar toplaşıb mitinq keçirib, prezidentə təşəkkürlərini bildiriblər».