Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 1-15 fevral tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 129 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 15 göstəriş verilib. Ümumilikdə 35 iş üzrə 79510 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 15 iş üzrə 78134,99 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 150 iş üzrə 46172,1 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilən 10 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb.
Su ehtiyatlarının mühafizəsi üzrə 8 akt tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 5 icrası məcburi olan göstəriş verilib. 29 iş üzrə 15459,1 manat məbləğində ödəmə tətbiq edilib.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 24 akt və protokol tərtib olunmuşdur. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 4 icrası məcburi olan göstəriş verilib. 2 iş üzrə 15060 manat məbləğində cərimə tətbiq olunub.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 8 akt və protokol tərtib olunub, 1 iş üzrə 3500 manat məbləğində cərimə tətbiq edilib.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 6 akt və protokol tərtib olunmuşdur. 5 iş üzrə 10300 manat məbləğində cərimə tətbiq edilib, dəymiş ziyanla bağlı 5 iş üzrə 76024,7 manat məbləğində iddia qaldırılıb.