26 Fevral – Xocalı soyıqırımının ildönümü dünyanın azərbaycanlılar yaşayan bütün ölkələrində olduğu kimi, Qazaxıstandakı təhsil ocaqlarında da yad edilib. Belə ki, Qazaxıstanın Türküstan şəhərində yerləşən və Türkiyə dövlətinin yaxından dəstəyi ilə fəaliyyət göstərən Hoca Ahmet Yesevi Uluslararası Türk–Kazak Universitetində ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi ən böyük tarixi faciələrdən biri olan Xocalı soyqırımı ilə əlaqədar möhtəşəm tədbir düzənlənib. Universitetdə təhsil alan müxtəlif ölkələrin tələbələrinin və müəllim-professor heyətinin iştirakı ilə keçirilən tədbiri azərbaycanlı tələbələr təşkil edib.
Tədbiri giriş sözü ilə sözügedən təhsil ocağının «Mühasibat uçotu və audit» fakültəsinin 3-cü kurs tələbəsi Tariyel Əhmədov açaraq, əvvəlcə iştirakçılara səmimi təşəkkürlərini çatdırdıqdan sonra, erməni vəhşiliyinin qurbanı olan Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edib. Bundan sonra Azərbaycan, Türkiyə və Qazaxıstanın dövlət himni səsləndirilib. Ardınca , Xocalı soyıqrımı ilə bağlı Türkiyəli tələbə Murat Aydınlı müəllifi olduğu «Adammı oldu?» seirini səsləndirib.
Tədbir barədə Müstəqil İnformasiya Agentliyini məlumatlandıran tədbirin aparıcı Tariyel Əhmədovun bildirdiyinə görə, Türkiyəli tələbənin şeirindən sonra, söz universietin rektoru professor, doktor Mahir Nakipə verilib. Rektor XX-ci yüzilliyin ən böyük faciələrindən sayılan Xocalı soyqırımından ətraflı danışıb: «Rektor Mahir hocanın məzmunlu çıxışından sonra türkologiya fakültəsinin 4-cü kurs tələbəsi Gülay Əfəndiyeva Dağlıq Qarabağ və onun ətrafında yaranmış vəziyyət, ermənilərin törətdikləri qətliamlar haqda iştirakçılara ətraflı məlumat verdi. Sonra istirakcılara Azərbaycanlı tələbələrin Xocalı soyqırımı haqqında hazırladığı qısa video material təqdim edildi».
Tariyel Əhmədovun sözlərinə görə, video-material göstərildikdən sonra Beynəlxalq Munasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Emin Huseynov da 18 il əvvəl erməni daşnaklarının Xocalıda törətdikləri vəhşilik və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri digər vəhşiliklərlə bağlı çox dolğun məruzə ilə çıxış edib: «Emin Hüseynovdan sonra isə universietin tarix müəllimi, dosent, doktor Dərviş Kılınckaya Xocalı soyqırımından və Azərbaycanın yaxın keçmişi və hazırkı inkişafı ilə bağlı çox gözəl və əsaslandırılmış çıxışı ilə iştirakçıların alqışını qazandı. Dərviş hosadan sonra səhnəyə Türkiyəli tələbə, Tarix fakültəsinin 3-cu kurs tələbəsi Mehmet Han çıxdı. O, azəri mahnısı «Çırpınırdı Qaradəniz» mahnısını sazla oxumaqla tədbirə xüsusi maraq yaratdı. Sonda isə azəri müğənni Azərinin ifasındaki «Çırpınırdı Qaradəniz» mahnısı ilə iştirakçılar zalı tərk etdilər».
Universitetdə təhsil alan tələbələr adından danışan Tariyel Əhmədov bildirib ki, burada dünyanın əksər ölkələrindən tələbələr oxuyur: «Biz də bu səbəbdən hesab etdik ki, ermənilərin vəhşiliyi ilə bağlı onları məlumatlandırmaqla yanaşı, ölkəmiz haqqında onlarda müfəssəl bilgilər formalaşdıra bilərik. Bütün bunlarla bərabər, çox arzu edərdik ki, Azərbaycanın Diasporlarla İş Komitəsi ilə əlaqə yarada bilək. Onlar bizə məsləhət və tövsiyələrini verərlərsə, daha mükəmməl formada Azərbaycanımızı təbliğ edə bilərik…».