Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : "Ermənilər Əhmədin başını qılıncla kəsdilər"

  Sayta qoyulub: 18:43 26.02.2010 (383 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilər Əhmədin başını qılıncla kəsdilər"

Xocalı köçkünü: "Əhmədin başından ayrılmış bədəni bir müddət qarın üstündə çabaladı"
Tale bu ailənin üzünə əvvəldən gülməyib. İki yüz min soydaşımız kimi Nəcəfovlar da 1988-ci ildə Qərbi Azərbaycandakı doğma yurdlarından didərgin düşüblər. Bir müddət Şuşada, sonra isə Xocalıda yaşayıblar. Ermənilərin günahsız azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri öz gözlərilə görən Vüqar və Etibar Nəcəfovlar düşməndən qisas almaq üçün silaha sarılıblar. Vüqar özünümüdafiə batalyonunda, Etibar isə polis orqanlarında xidmət edib. Hər iki qardaş 613 nəfərin şəhid olduğu, 1000-ə yaxın insanın yaralandığı Xocalı faciəsinin canlı şahidi olublar...

Gecənin qoynunda ağlaşma səsi

Deyirlər ki, zaman ən yaxşı dərmandı. Amma aradan keçən 18 il Nəcəfovların yarasına məlhəm olmayıb. Hər dəfə Xocalıdan söz düşəndə onlar yenə qanlı-qadalı o günlərə qayıdır, bu ağrı-acını yenidən yaşayırlar. Vüqar Nəcəfov həmin günləri belə xatırlayır:
- 1992-ci ildə 21 yaşım vardı. Xocalıda yaradılan özünümüdafiə batalyonunda iştirak edirdim. Fevral ayının 25-dən 26-na keçən gecə ermənilər müxtəlif istiqamətlərdən Xocalıya hücuma keçdilər. Həmin vaxt mən "86-cı" adlandırılan ərazidə postda idim. Ermənilər ağır texnika ilə dörd bir tərəfdən üstümüzə yeriyirdilər. 366-cı alayın əsgərləri də düşmən cəbhəsində yer almışdılar. Onların canlı qüvvəsi bizdən bir neçə dəfə çox idi. Qısa müddət ərzində şəhər od tutub yanmağa başladı. Getdikcə sursatımız tükənirdi. Yavaş-yavaş geri çəkilir, özümüzə mövqe tutmağa çalışırdıq. Postumuz Əsgəran istiqamətində olduğu üçün biz Xocalının içərilərinə doğru çəkilirdik. Həmin vaxt atam, anam, qardaşım, bacım, yaxın qohumlarım və qonşularımız evlərin birinin zirzəmisinə sığınmışdılar. Biz həmin ərazini müdafiə edir, ermənilərin qocaları, qadın və uşaqları əsir götürməsinə imkan vermirdik. Artıq dan yeri ağarırdı. Nə qədər çalışsaq da, qadınları və uşaqları mühasirədən çıxara bilmirdik. Nəhayət, qərar verdik ki, şosse yolunu keçib, Qarqar çayının vadisinə çıxaq. Amma ermənilərin həmin ərazidə bir neçə əsgərimizi vurduğunu görəndən sonra çaylaq istiqamətində getməyə başladıq. Yolun kənarı qocaların, qadın və uşaqların meyitləri ilə dolu idi. Biz təxminən 60-70 nəfər idik. Çaylağa çatanda ermənilər bizi mühasirəyə aldılar. Müqavimət göstərə bilmirdik. Onlar bizi müxtəlif istiqamətlərdən atəşə tutdular. İnsanlar kökündən kəsilmiş ağaclar kimi bir-birinin ardınca yerə yıxılırdılar. Bir neçə qohumum gözlərimin qabağında dünyasını dəyişdi. Qadınların və uşaqların fəryadı hələ də qulaqlarımdan çəkilməyib...

43 gün erməni əsirliyində

Araya sükut çökür. Müsahibim gözlərini uzaq bir nöqtəyə zilləyib, fikrə dalır. Handan-hana söhbətinə qaldığı yerdən davam edir:
- Cəmi 10-15 nəfər sağ qalmışdı. Bizi döyə-döyə "Yerli Xocalı" deyilən əraziyə gətirdilər. Ermənilərdən biri qardaşım Etibarın yaxasından tutub dedi ki, səni dəyişməyə aparıram. Elə bildim, Etibarı öldürmək istəyirlər. Həmin erməniyə dedim ki, onun körpə balaları var, uşaqlarını yetim qoymayın, məni öldürün. Bundan sonra məni Xankəndinə aparıb, bir tövlədə zəncirlədilər. Ermənilər hər gün məni döyür, işgəncə verir, ələ salırdılar. Məni o qədər döymüşdülər ki, daha ağrı hiss etmirdim. Bədənimdə sağ yer qalmamışdı. Armaturla vurub, başımı yarmışdılar. Paltarım al-qana boyanmışdı. Sınmayan bircə sümüyüm də qalmamışdı. İki gündən bir əl boyda çörək, yarım stəkan da su verirdilər ki, acından ölməyim. Bəzən özümü öldürmək istəyirdim. Amma o qədər zəif idim ki, qollarımı qaldırmağa gücüm çatmırdı. Erməni dilini bilmədiyim üçün mənə dəhşətli işgəncələr verirdilər. Dəmirlə, yaba ilə döyürdülər ki, 18 il Ermənistanda yaşamısan, niyə dilimizi öyrənməmisən? Bu minvalla 43 gün Xankəndində erməni əsirliyində qaldım. Sonra məni Vahan Vartanyan adlı bir erməni ilə dəyişdilər. Əsirlikdən azad ediləndən sonra uzun müddət müalicə olundum. Aradan 18 il keçməsinə baxmayaraq, hələ də o ağrı-acı canımdan çıxmayıb.

"Valideynlərimiz işgəncələrə dözmədilər"

Söhbətimizi Vüqarın böyük qardaşı Etibarla davam etdiririk. E.Nəcəfov həmin vaxt daxili işlər orqanlarında çalışıb. Etibar deyir ki, aradan uzun illər keçməsinə baxmayaraq, ermənilərin Xocalı qırğınını törətdikləri gecəni ən incə detallarına kimi xatırlaya bilir:
- Bizim postumuz "Boz yal" adlandırılan ərazidə idi. Ermənilərlə bir neçə saat vuruşduqdan sonra patronumuz qurtardı. Patron gətirmək üçün polis şöbəsinə getmək istədim. Bir neçə addım uzaqlaşmışdım ki, mən olan yeri "BMP" ilə vurdular. Ancaq havaya qalxdığım yadımda qalıb. Ayılanda gördüm ki, ayağımın biri tərpənmir. Bədənimə 17 qəlpə dolmuşdu. Qanım axa-axa əsgərlərimizin yanına gəldim. Ermənilər bizi çoxlu sayda qadın və uşaqla birlikdə əsir götürdülər. Qadınları və uşaqları kişilərdən ayırdılar. Sonra bizi üst-üstə özü boşaldan "KamAZ"a yığdılar. Aparıb türmənin həyətində hamımızı daş kimi yerə tökdülər. Türmənin pəncərələri açıq olduğu üçün soyuqdan titrəyirdik. Həmin gündən qara günlərimiz başladı. Ermənilər bizə dəhşətli işgəncələr verirdilər. Atamın çənəsini sındırmışdılar. Mənim isə bədənimdə sağ yer yox idi. Armaturla vurub qıçımı qırmışdılar. O biri ayağımda isə güllə yarası vardı. Bizi dəyişməyə aparanda yeriyə bilmirdim. Buna görə də ermənilər məni odeyalın arasına qoyub sürüyürdülər. Bizi Füzulidə dəyişdilər. Arvadlar güc-bəla ilə mənə bir qurtum su içirdə bildilər. Çənəm açılmırdı. Təxminən üç ay travmatologiya şöbəsində yatdım. Sonra isə 6 ay Maştağadakı 1 saylı ruhi xəstəxanada müalicə olundum. Atam-anam bu işgəncələrə dözmədiyi üçün erməni əsirliyindən azad olunduqdan bir müddət sonra dünyalarını dəyişdilər.

Erməni vandalizminin bariz nümunəsi

Bəlkə də buna inanmayacaqsınız. Şahidi olduğu bu hadisə əvvəllər Etibarın özünə də yuxu kimi gəlib. Nə yazıq ki, nəql etdiyi bu hadisəni Etibar öz gözlərilə görüb:
- Polis yoldaşlarımdan birinin adı Əhməd idi. Əhməd məhsəti türküydü. Bizi əsir götürəndə onun üstündə qılınc vardı. Babasından yadigar qaldığı üçün Əhməd onu əziz xatirə kimi qoruyub-saxlayırdı. Ermənilər qılıncı görəndə Əhmədin üstünə tökülüşdülər. Dərhal onun əl-qolunu bağlayıb, yerə yıxdılar. Dedilər ki, sənin baban bu qılıncla bizim başımızı kəsib, onun qisasını səndən alacağıq. Əsirlərin hamısı qorxu içində bu hadisəni izləyirdi. Saqqallı bir erməni həmin qılıncla Əhmədin başını kəsdi. Baş bir tərəfdə, bədən bir tərəfdə qaldı. Əhmədin başından ayrılmış bədəni bir müddət qarın üstündə çabaladı...

Məsum qızcığazın faciəsi

Xocalı faciəsinin canlı şahidlərindən biri də tanınmış jurnalist Rey Kərimoğludur. Atəşkəsdən sonra silahını qələmilə əvəzləyən Rey həmin günləri belə xatırlayır:
- Fevralın 26-da səhər saat 5-də bizi həyəcan siqnalı ilə hərbi hissədən Ağdamın Şelli kəndi istiqamətinə gətirdilər. Azərbaycanın Milli Qəhrəmanı, mərhum polkovnik-leytenant Şirin Mirzəyev də ordaydı. Dəhşətli bir mənzərə ilə qarşılaşdıq. Qocalar, qadınlar və uşaqlar qarın, palçığın içindəydilər. İnsanların üst-başı qanıydı, qadınlar ağlayırdılar. Ətrafda çoxlu təcili yardım maşınları vardı. Ağdamda olan yerli özünümüdafiə dəstələrinin komandirləri də, onların digər mövqelərdə keşik çəkən əsgərləri də ordaydılar. Məlum oldu ki, Xocalıdan qaçıb canını qurtarmaq istəyən insanların qarşısını meşədə kəsiblər. Şiddətli döyüş başladı. Heç bir komanda verilmədən hamı döyüşə atılmışdı. Çoxlu qar yağmışdı və bu, vəziyyəti daha da ağırlaşdırırdı. Bizim bölüyün əsgəri, döyüşçü dostum Nazim Nəsirovla meşədə qalmış yaralı qadınları və uşaqları xilas etməyi qərara aldıq. Yalnız 4-5 nəfəri xilas edə bildik. Xəstə, yaralı adamlarla qarlı dağdan keçmək çox çətin idi. Ermənilər bizi vura bilmirdilər. Çünki əsgərlərimiz onları Əsgəran istiqamətində sıxışdırırdılar. Ermənilərin bir neçə postu alınmışdı. Onlar xeyli itki verdikləri üçün geri çəkilirdilər.
Təxminən 7-8 yaşlarında, ayaqyalın, başıaçıq bir qız uşağını heç kim sakitləşdirə bilmirdi. Elə bil qıza ilahi bir qüvvə verilmişdi. Şaxta onun yanağını çatlatdığından gözündən axan yaş qana qarışıb çənəsi ilə aşağı süzülürdü. Əynində cırıq-cırıq olmuş nazik paltar var idi. Palçığa bulaşmış dama-dama yun şalı kimsə onun çiynindən atıb, hər iki ucunu sinəsində düyünləmişdi. O, heç nə danışmırdı. Əsgərlərimiz bu zavallı qızcığazı meşədən tapmışdılar. Əli ilə Xocalı tərəfi göstərib, elə hey qışqırırdı. Onu Şelli kəndinin yaxınlığındakı ilkin tibbi yardım məntəqəsinə gətirdilər, təmiz paltar, isti çay verdilər. Uşaq bir az özünə gələn kimi Xocalı tərəfə qaçmaq istədi. Artıq dili də açılmışdı, var gücü ilə qışqıraraq anasını çağırırdı. Bu hal elə hey təkrar olunurdu. Sonra bildik ki, bu qızın ata-anasını meşədə ermənilər güllələyib, özü isə möcüzə nəticəsində sağ qalıb.

Körpə qatili ermənilər

- Naillə mən meşədən bir qadının bağrına basdığı təxminən bir neçə aylıq körpəni də çıxardıq. Qadın ayağından yaralanmışdı. Onu çətinliklə təcili yardım maşınının yanına gətirdik. Qadın tələb edirdi ki, əvvəlcə körpəyə tibbi yardım göstərilsin. Ancaq bilmirdi ki, bağrına basdığı uşaq çoxdan ölüb. Güllə onun hələ bərkiməmiş boynundan dəyib, ağzından çıxmışdı. Körpənin yarasında heç bir qan izi yox idi. Ana körpəsinin öldüyünü biləndə var gücü ilə qışqırdı. O qadının fəryadı hələ də qulaqlarımda səslənir...

Seymur VERDİZADƏ

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829