Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da BMT-nin rezident əlaqələndiricisi Bruno Puezanı fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.
Dövlətimizin başçısı BMT-nin rezident əlaqələndiricisi Bruno Puezanın ölkəmizdəki fəaliyyəti dövründə bir çox mühüm tədbirlərin həyata keçirildiyini, Azərbaycan ilə BMT arasında əməkdaşlığın uğurla davam etdiyini bildirdi. Prezident İlham Əliyev son bir neçə ildə Azərbaycan hökumətinin beynəlxalq təşkilatlar, o cümlədən BMT strukturları ilə birgə nəzərdə tutulan mühüm layihələri həyata keçirdiyini vurğuladı. Əməkdaşlığımızın genişləndirilməsinə göstərdiyi səyləri və verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı.
BMT-nin rezident əlaqələndiricisi Bruno Pueza qeyd etdi ki, Azərbaycan Prezidentinin davamlı dəstəyi olmasa idi, əldə edilən nailiyyətlərin heç biri olmazdı. Bruno Pueza ölkəmizdəki fəaliyyəti müddətində göstərilən dəstəyə görə şəxsən Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. Ötən dövr ərzində Azərbaycanın tarixində çox mühüm hadisələrin baş verdiyini vurğulayan qonaq bunların şahidi və iştirakçısı olmasından şərəf duyduğunu dedi.