21 aprel tarixində Dalğa Gənclər Hərəkatı 14:30 – da Gənclər və İdman Nazirliyi qarşısında etiraz aksiyası keçirdi. Aksiyada Pərviz Əzimov idmançı geyimində nazirliyin qarşısında müxtəlif idman hərəkətləri etdi. Hərəkatın fəalları isə nazirlə görüş tələb etdilər. Aksiyanın şüarı: “Gənc olduğunu nəzərə almırsızsa, heç olmasa idmançı olduğunu nəzərə alın!” oldu.
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimov bu günə qədər göstərdiyi fəaliyyətə və yazdığı məqalələrə görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalmışdır. Nəhayət, 27 fevral tarixində qondarma ittihamla Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən xaric edilib. Xatırladaq ki, Pərviz Əzimov adı gedən universitetin 4-cü kursunda təhsil alır və bu günə qədər universitetdə heç bir problem yaşamamışdır. Təhsili ilə bağlı heç bir problem tapa bilməyən universitet rəhbərliyi ona qarşı qondarma təxribat təşkil etmiş, guya universitet daxilində dava saldığını əsas gətirərək universitetdən xaric etmişdir.
Biz Dalğa Gənclər Hərəkatı olaraq qəti şəkildə tələb edirik ki, bu qanunsuzluğa son qoyulsun və Pərviz Əzimov universitetə qeyd-şərtsiz bərpa olunsun və ona qarşı bu təxribatı törədən insanlar üzr istəsinlər.
Tələblərimizin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və aidiyyatı olan orqanlara müraciət olunub. Həmçinin məsələylə bağlı məhkəmə işinin başladılması üçün bütün sənədlər hazırlanıb. Yaxın zamanlarda məhkəməyə təqdim olunacaq. Hərəkat Pərviz Əzimovun hüquqları bərpa olunana qədər anoloji tədbirləri keçirəcək.