(hekayə)
Hava əri tərəfindən incidilmiş arvad kimi dolub durmuşdu, himə bənddi ki, ağlasın. Belə havada həyətdə çadır toyu etmək xeyli qəliz məsələdir. Bir də gördün göy guruldadı, şimşək çaxdı, bir leysan tökdü ki, tut ucundan lap Everest zirvəsinə çıx. Hə, o dəqiqə qaçaqaç düşəcək, hamı başını dürtməyə deşik axtaracaq. Pambıq zavodundan gətirilib toyxananın üzərinə çəkilmiş brezent ağırlaşıb çökəcək, yağış suyu deşiklərdən və aralardan çadırın içinə töküləcək, ya da qarın vermiş yerlərdən süzülərək damcılayacaq. Bu zaman toyxananın damına yığılmış suyu dağıtmaq üçün hərə əlinə bir uzun taxta və ya qarğı alıb çadırın qarın bağlamış yerlərini dümsükləyəcək. Heç ikicə dəqiqə keçməmiş işıqlar sönəcək, mahnıları dalıyca atlı qovurmuşcasına oxuyan əyalət müğənnisinin, gitaranın, ionikaının səsi xırp kəsiləcək və hiss olunacaq ki, müşayiətçilər arasında qarmonla klarnet də varmış. Hərə qulağına bir telefon yapışdırıb harasa zəng etməyə başlayacaq; guya nüfuzlarından, ya da nə bilim dost-tanışlıq əlaqələrindən istifadə edib işığı yandırtmaq istəyirlər. Ancaq hamısı da bunun faydasız olduğunu biləcək, çünki belə havada Pirverdiyevin özünə də zəng vursan xeyri yoxdur, işıq yanmayacaq… Heyif deyil şadlıq evi!
«Bu Ələkbər də toy eləməyə vaxt tapdı. Zalım oğlunun arvadı boşamasından üçcə ay keçməyib, yekə uşaqları ola-ola yenidən evlənir, özü də dambadurumla. Şəxsən mən arvaddan ayrılası olsam, daha heç vaxt evlənmərəm, ancaq kim nə deyir-desin, arvad – kişi-qadın münasibətlərində iqtisadi baxımdan ən sərfəli variantdır. Nə isə əşi… Cibimdəki pulu nəmər yazdırsam, yerdə heç nə qalmayacaq, hələ ayın axırına gör nə qədər var. Maaşı vaxtında versəydilər, yenə dərd yarıydı. Yüz faiz bilirəm ki, toy eləmək ideyası Ələkbərə deyil, təzə arvadına məxsusdur. Çünki əksər kişilərin elə mənim kimi başı səs-küy, tünlük götürmür. Öz toyum yadıma düşəndə hələ də təpəmdən tüstü çıxır, bu on beş ildə bircə dəfə də o toyun videokassetini qoyub baxmamışam. Baxmalı nə var ki, e… Hamısı eyni şeydir; qulaqbatırıcı, bayağı musiqi, tamadanın və digərlərinin əttökən çıxışları, stres atan sərxoş rəqqaslar və s… Səni də müqəvva kimi oturdublar məclisin başında, elə bil parlamentin spikerisən… İndi bəziləri toyu bu gün eləyir, sabahısı günü qohum-əqrəbanı da başına toplayıb düşük-düşük onun videokassetinə baxır; görüm necə düşmüşəm. Arvadlardan şikayətlənirdin, bu da sənə kişi…»
Tamada demişkən, yadıma Ələkbərin birinci toyu düşdü. O toyu da Ələkbər elə bu həyətdə eləyirdi, elə buradaca, indiki bu çadırın yerində çadır qurdurmuşdu. Bakıdan o vaxtlar bizim tərəflədə ən dəbdə olan Niyaməddini gətirtmişdi. Eləyirdi, qurdurmuşdu, gətirtmişdi deyəndə ki, bütün bunları təbii ki, Ələkbərin özü yox, o zaman rayon nəzarət komitəsinin sədri işləyən atası eləyirdi. Niyaməddin gözünə döndüyümün «Röya» ansamblının müşayiəti altında mikrofonu əlinə alıb böyük Məmməd Arazın «dünya sənin, dünya mənim, dünya heç kimin» şeirinə bəstələdiyi yeni mahnısı təxminən əlli min əhalisi olan rayonun hər tərəfində eşidilirdi. Hə, tamada deyirdim axı. Tamada kim olsa yaxşıdır?! Əlbəttə, rəhmətlik Mikayıl Mirzə! Böyük Məmməd Arazı, «dünya sənin, dünya mənim, dünya heç kimin»i, Niyaməddinin təkrarsız səsini və ifasını Mikayıl Mirzəsiz təsəvvür etmək olaaaaar? Qətiyyən olmaz! Ən azı Ələkbər belə hesab eləyirdi, ona görə də papasına demişdi ki, mütləq Mikayıl Mirzə də olmalıdır və olmuşdu da. İndi təsəvvür edin, qara qıvrım saçları çiyinlərinə tökülmüş, Koroğlu misallı eşmə bığları gözəllərin bağrını dələn Mikayıl Mirzə o vaxtlar təzə çıxan simsiz mikrofonu əlinə alıb toyxananın ortasında gərdiş edə-edə öz möhtəşəm səsiylə söyləyir:
…keçdik al bayraqlı nəsillər kimi,
illər görməmişdik bu illər kimi…
tfu, bağışlayın,
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik –
Dünya sənin, dünya mənim, dünya heç kimin –
Ancaq sərxoş beyinlərin cuşa gələrək tamadaya tərif və alqış yağdırdığı bir vaxtda qonşunun içib-dəmlənmiş oğlu Məmiş tamadaya yaxınlaşıb ona «Mikayıl Müşfiq, Mikayıl Müşfiq» – deyə müraciət etməsi aktyorun kefinə əməlli-başlı soğan doğrayır.
– Ayə, yeri get burdan, mən Mikayıl Müşfiq deyiləm, Mikayıl Mirzəyəm.
– Yaxşı, başa düşdüm, – Məmiş deyir və tamadanı rahat buraxır.
Ancaq çox keçmədən o yenidən «Mikayıl Müşfiq, Mikayıl Müşfiq» – deyə-deyə tamadaya qəmiş olur, Mikayıl Mirzə də «ayə, sənə demədim ki, mən Mikayıl Müşfiq deyiləm, sarsağın biri sarsaq, rədd ol get burdan» – deyə cavab verir və İsrafil müəllimi çağırtdırıb şikayət edir. Atasının qonşunun, demək olar ki, bütün toylarda dava salan oğluna tərs-tərs baxdığını görən Ələkbər toyaxananın başındakı bəy kürsüsündən enib Məmişə yaxınlaşır və onu dilə tutmağa başlayır. Mikayıl Müşfiq, pardon, Mikayıl Mirzə isə davam edir:
Çevrəsindən çıxsa əgər sevda fırfıran…
«Yemək də vermirlər ki, nəmiərimizi yazdırıb çıxıb gedək, lap acından öldüm. Bayaqdan camaat oturub yemək gözləyir, bunlarsa gəlinə gediblər, gəlib çıxmaq da bilmirlər ki, bəydadaş qazanaçdı versin və qonaqlara yemək verilsin. Heyif deyildi, əvvəllər bəy nəydi, gəlinin dalınca qaynatanın qapısına getdi nəydi, elə şey olardı! Amma indi, bəyin əlinə yekə bir gül dəstəsi (çox zaman da dekorativ) verib zorla oturdurlar maşına ki, get gəlnini özün gətir. Guya xalq mədəni cəhətdən inkişaf edib. Xalq da burada qarnını qucaqlayıb gəlin, pardon, yemək gözləyir. Bəlkə aradan çıxım, gedim evdə bir tikə allah verəndən yeyim, daha taqətim qalmadı. Yox, yaxşı deyil, kişi toyuma gəlib, nəmər yazdırıb, yaxşı düşməz, gərək borcundan çıxam. Əşi, nə olsun ki, toyuma gəlib, mən də onun birinci toyunda iştirak etmişəm də… İkinci dəfə evlənmək, toy etmək fikrim də yoxdur. Canımçün, əla ideyadır, durub gedirəm evə, yeməyimi yeyib, balalarımla oynayacam, televizora-zada baxacam.»
Bir bəhanə tapıb ayağa qalxdım (bunsuz mümkün deyildi) və toyxanadan bayıra çıxdım. Hava hələ də açılmamışdı, yüngülvari duman da vardı. Həyətdə sakitlik olduğunu görüb sevindim və kimsəyə hesabat vermədən xəlvətcə açıq darvazadan küçəyə çıxıb arxama baxmadan evimizə sarı götürüldüm. Evə çatanadək bir daha ürəyimdə doğru hərəkət edib-etmədyimi götür-qoy etdim və düzgün qərar verdiyimə qəti əmin oldum.
Həyətimizə girdim, heç kəs yoxdu. Bağçanın tən ortasında, çılpaq meyvə ağaclarının yerə tökülmüş sarı yarpaqları arasında gözümə bir qaraltı dəydi. Axı bağçanı təzəcə təmizləyib səliqəyə salmışdım, bu qara şeyi kim atıb ora. Ürəyimdə uşaqların qarasına deyindim, ancaq dərhal da fikrimi dəyişdim: «yəqin, qara sellafon torbadır, külək gətirib.» Qeyri-ixtiyari başımı qaldırıb ağacların başına, budaqlarına baxdım ki, onlarda da bu zəhləmgetmiş torbalardan ilişib qalmayıb ki… «Başımın daşıdır ağac başında sellafon torba…» Aqibət xeyir, yox idi. «Gedim götürüm barı.» Yaxınlaşdıqca torba yavaş-yavaş şəklini dəyişib düzbucaqlı əşyaya çevrilirdi. Dumanlı havada gözüm yaxşı seçmədiyindən düzbucaqlı cismin nə olduğunu hələ də kəsdirə bilməmişdim. Lap yaxına gəldim. İlahi, ola bilməz, bu ki ağzıbağlı «diplomat» çantadır. «Bunu bura kim atıb?! Eynilə Ələkbərin toyunda nəmər yazanın qarşısındakı çamadandandır; qara, ortası gümüşü-ağ nikelli. Bizdə bundan yoxdur, əvvəllər orta məktəbin yuxarı sinfinə gedəndə imkanlı uşaqların çoxu bunlardan götürdüyündən mən də atama aldırmışdım, sonra heç bilmirəm necə oldu, deyəsən qohumlardan, ya qonşulardan kiminsə uşağına verdim.» Çöməlib diqqətlə baxdım, üzərinə şeh qonsa da, qəttəzə olduğu bəsbəlliydi. Açdım və gözlərimə inanmadım. İçi xırda pullarla doluydu: on, on beş, iyirmi, əlli qəpiklik gümüşü sovet sikkələriydi, aralarında Leninin başı əks olunmuş dəmir manatlıqlar da (uşaq vaxtı biz ona nədənsə danqa manat deyirdik) vardı. Sevincək pulları ovuclayıb gödəkçəmin, şalvarımın ciblərinə doldurmağa başladım, sanki çantanı bütövlükdə götürmək mümkün deyildi. Yalnız ciblərim ağırlaşanda gözüm sikkələrin altına sərilmiş qəzetə sataşdı. Dimlomat bu qədər dayaz ola bilməzdi, qəzetin altında da nəsə vardı. Qəzeti qaldırdım, altında dəstələnmiş kağız pullar vardı: onluq, iyirmi beşlik, əllilik, yüzlük. «Bu nə xoşbəxtlikdir, ya rəbbim, adam az qalır dəli olsun…»
Tez «diplomatın» ağzını qapayıb evə girdim və ikinci mərtəbədəki otağıma qalxdım. Otaqdakı «Belorus» pianosunu toz basıb. «Axı mən bunu satmışdım, bunu kim qaytarıb gətirib?» Bu barədə düşünmək istəmədən pianonun qapağını qaldırıram, çantadakı kağız pullardan bir az cibimə doldurub qalanını kağıza bükürəm və ehmalca «Belorus»un içinə qoyuram. Xırda pulları isə yenidən çantaya töküb divanın içində gizlədirəm. «Hə, indi alnıaçıq, üzüağ toya qayıtmaq olar. Yox, yaxşısı budur, əvvəlcə Məmişi götürüm, gedib Sarıxanlı döngəsində yaxşıca yeyib-içək, sonra toya da gedərik».