Dünyada texnika və texnologiyanın inkişafı mediadan da yan keçməyib. Bəlkə də bu inkişaf özünü media sahəsində daha çox göstərir. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu «Əkinçi» qəzetindən başlayaraq, Azərbaycan mətbuatı uzun, çətin bir yol keçərək indiki vəziyyətinə gəlib çıxıb.
Amma dövrün, cəmiyyətin, dünyanın dəyişdiyi bir məqamda sözsüz ki, mətbuat yerində saya bilməzdi. Odur ki, modernləşmə, daha çox texnikaya meyllilik mətbuatımıza da sirayət etdi. Hazırda dünyanın ən operativ informasiya mənbələri elektron KIV-ləri sayılır. Elə son dövrlər ölkəmizdə də elektron KIV-lərin sayı xeyli artıb. Televiziyaları, radioları nəzərdə tutmuram. Azərbaycanda televiziya və radio açaçaraq fəaliyyət göstərmək sandığımızdan da çətin məsələdir. Ona görə də buna cəhd göstərən də yoxdur. Amma Internet qəzeti, agentlik kimi oxucuların hüzuruna gəlmək asan olmasa da, elə çətin də deyil. Artıq kağız qəzetçiliyi əvvəlki performansını göstərə bilmir. Əlbəttə bunun bir sıra səbəbləri var. Sadalayıb uzunçuluq eləmək istəmirəm…
Biz də elektronlaşan dünyadan təcrid olunmamaq üçün Müstəqil Informasiya Agentliyini yaratmağı qərarlaşdırdıq. Indi kiçik də olsa, amma inamlı addımlarla elektron KIV-lərin sırasına qoşulmuşuq. Və bu yolda sona qədər addımlamağı, bütün çətinliklərin öhdəsindən gəlməyi vacib məqsəd kimi qarşımıza qoymuşuq.
Müstəqil Informasiya Agentliyində nələri oxuya biləcəksiniz, demək olar ki, hər şeyi. Agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, reportaj, araşdırma, təhlil, köşə və digər janrlarında da oxuculara məqalələr təqdim edəcək. Gündəm, siyasət, cəmiyyət, kriminal,sosial, mədəniyyət və digər kateqoriyalara uyğun xəbərləri agentliymizi izləməklə ölkə daxilində və dünyada baş verənlərdən agah ola biləcəksiniz. Bizim əsas məqsədimiz ictimaiyyətə tərəfsiz informasiya çatdırmaqdır. Siyasi mövqeyindən, cəmiyyətdə hansı dərəcədə tanınmağından, müxaliət yaxud iqtidar nümayəndəsi olmasından asılı olmayaraq agentliymizin qapısı hər bir kəsin üzünə açıq olacaq. Qanunun imkan verdiyi şəkildə hər kəs öz fikrini sərbəst formada bildirə biləcək. Ölkənin tanınmış, ən çox oxunan və yazıları müzakirə olunan köşə yazarları da agentliymizin Internet səhifəsində çıxış edə biləcəklər.
Bir məsələni də diqqətinizə çatdırmaq istərdim, Müstəqil Informasiya Agentliyi adından göründüyü kimi, müstəqil olacaq. Heç bir qüvvədən asılı olmadığımızı Internet səhifəmizdəki xəbərlərin təqdimatından da özünüz görəcəksiniz. Nə isə planlarımız və gələcəkdə həyata keçirmək istədiyimiz işlərimiz çoxdur, ancaq hələlik bu qədər. Onsuz da perspektivdə həyata keçirəcəyimiz layihələri oxucularımız özləri izləyəcəklər.
Zaur ƏHMƏD