Dostumuz Natiq Cavadlı aylardır Ramiz Rövşəndən müsahibə almaq eşqi alışıb-yanır. Ramiz bəyə də allah insaf versin, ha bu gün, ha sabah deyə, Natiqi yola verməklə məşğuldur. İTV-də hansısa mənasız verilişə dəvət alınca uça-uça gedən ünlü müxalifət ziyalısı ölkənin meydanda qalan iki-üç tənqidçi qəzetindən birinə illah ki, danışmamaq üçün günü-günə calamaqla məşğuldur. Ramiz Rövşənin susqunluğu 2005-ci ildən başlayır. Müxalifətin tamamən sıradan çıxarıldığı, azad sözün başına daş salındığı, repressiya maşınının tam gücü ilə işə düşdüyü, hakimiyyəti ən yumşaq şəkildə tənqid etməyin belə, qəhrəmanlığa çevrildiyi bu beş ildə Ramiz Rövşənin ağzını bıçaq kəsmir. Həm də təkcə onun deyil, 2003-cü ildə hakimiyyət qoxusunu hiss edib şirə-pələngə dönən, rejimin eninə-geninə döşəyən ziyalıların hamısının. Xalid Əlimirzəyevin, Kamil Vəli Ќərimanoğlunun, Flora Kərimovanın, Cəmil Həsənlinin... Müxalifətdən iqtidara yolun bir addım olduğu vaxtlarda meydanlarda, qəzet səhifələrində kükrəyənlər bu gün ya vəlvələdən, ya zəlzələdən gizlənirlər. Axı nə qədər də olmasa, indi 2003 deyil. Heç 2005 də deyil. Müxalifətin hakimiyyəti götürmək şansları qat-qat aşağıdır. Və bunu çox yaxşı anlayan "dejurnı" ziyalılar bir göz qırpımında ortadan "buxarlanıb"lar. İnanıram ki, 2010 seçkiləri ərəfəsində proseslər yenidən müxalifətin xeyrinə dəyişsə, yaptokratiya üzərində qələbə əhval-ruhiyyəsi güclənsə, onlar yenidən üzə çıxacaqlar. Dünənəcən müsahibə verməyə can çəkdikləri halda, yenidən dil-dil ötəcəklər.
Oysa adını ziyalı qoymuş bu adamların daha çox məhz indi danışması gərəkməzmi? Onların məhz indi - kütləvi depressiya və total qorxu hissinin at oynatdığı bir vaxtda susmaması gərəkməzmi? İnsanlarda gələcəyə ümid hissi aşılaması gərəkməzmi? Xalqda öz gücünə inam hissi yaratması gərəkməzmi?
Bu gün susan ziyalı sabah rejimin devrilməsi an məsələsinə çevrilən ha asıb-kəssin, ha bülbülə dönsün, ha dil-dil ötsün, nəyə lazımdır, kimə lazımdır? Ziyalılığın ölçüsü qalın-qalın kitablar deyil, heç "Kitablar kitabı" da deyil, ağıllı-ağıllı fikirlər üyütmək deyil, zaman, məkan, insan haqqında boşboğazlıq eləmək deyil. Ziyalı "haqsızlıq, ictimai zülm qarşısında hamı susarkən danışan adamdır. Ziyalı - hamı Mersinə gedərkən, tərsinə gedən adamdır. Ziyalı - hamı irtica qarşısında altını batırarkən, içindəki qorxunu dəfn edə bilən, mübarizənin ön sırasında dayanmağı bacaran adamdır. Bu gün varmı beləsi? Kimdir o? Hardadılar? Ortada yenə də susmayan, danışan, dirəşən qələmlər adına "tərbiyəsiz", "əxlaqsız", "küçə uşağı", "rus-erməni casusu" deyib aşağıladıqları, söydükləri, bəyənmədikləri beş-üç gənc yazar qalıb. Demokratiya, ədalət uğrunda mübarizənin böhran keçirdiyi bu günlərdə yenə də ən acı həqiqətləri onlar deyir, onlar yazır. Hər kəsin qorxub qınına çəkildiyi bu günlərdə rejimə qarşı savaşı ayaqda tutan, diktaturaya qarşı ictimai müqavimət ruhunu ölməyə qoymayan yenə də onlardır - hakimiyyətdəkilərin də, müxalifətdəkilərin də sevmədikləri, burunladıqları beş-üç gənc yazar!
Bununla kimsəyə minnət qoymaq istəmirik. Özümüzdən əvvəlkilərdən fərqli olaraq, üzərimizə düşən missiyanı çox gözəl anlayırıq. Anti-insani bir sistemə qarşı dayanmağın da ədəbiyyatın hədəflərinə daxil olduğunu gözəl bilir, elə buna görə də, ətrafımızdakı çirkinliklərə, murdarlıqlara qarşı susmuruq, yazdıqlarımızı, düşündüklərimizi həyat reallıqlarından kənarda təsəvvür etmirik.
Amma bunu da yazmaq məcburiyyətindəyik. İndiki situasiyada ictimai maraqları şəxsi mənafeyə qurban vermiş, titul, fəxri ad, prezident təqaüdü, mənzil, deputat mandatı, Fəxri Xiyaban naminə despotizmin alətinə çevrilmiş saray ədəbiyyatçıları ilə müxalifətin yaxşı günündə hakimiyyət qoxusunu ciyərlərinə çəkərək, özünü qəhrəman kimi göstərib, amma mübarizəmizin çətin anlarında ortadan qeyb olan, havaya buxarlanan "dejurnı" müxalifət ziyalıları arasında heç bir fərq yoxdur. Mən bu gün hakimiyyət haqqında mədhiyyələr danışan Sirus Təbrizli ilə hakimiyyətin eybəcərlikləri qarşısında susan Ramiz Rövşən arasında heç bir fərq görmürəm. Mən bu gün bir müxalifət qəzetinə müsahibə verməkdən hər dəfə bir yolla yaxasını kənara çəkib, amma fəlsəfə "kaçatlamaq" üçün hakimiyyət telekanalının efirinə uça-uça gedən Ramiz Rövşənlə o hakimiyyət telekanalında sazdan basıb-bağlayan Zəlimxan Yaqub arasında heç bir fərq görmürəm.