Bir neçə gün əvvəl ölkəmizdə səfərdə olan türkiyəli jurnalistlər azərbaycanlı həmkarlarını əməlli-başlı təəccübləndiriblər. Onların Türkiyənin nüfuzlu dövlət xadimləri, siyasi partiya liderləri və millət vəkillərilə əlaqələrindən bəhs etdikləri söhbətlər Azərbaycan mətbuatının təmsilçilərinə yuxu kimi gəlib.
Türkiyəli jurnalistlərin şərəfinə təşkil olunmuş ziyafətdə iştirak edən həmkarlarımdan biri danışır ki, qonaqlar Azərbaycanın media təmsilçilərinin onlara inanmadığını görəndə ciblərindəki telefona əl atıblar. Yox, onlar ölkənin siyasi həyatında təxminən Bədrəddin Quliyev qədər çəkisi olan hansısa "cırtdan" partiyanın sədri ilə danışmayıblar. Dedikləri sözlərin gerçək olduğunu sübut etmək üçün birbaşa Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlunun nömrəsini yığıblar. Çağırıya şəxsən Mövlud bəy özü cavab verib. Türkiyəli jurnalistlər onunla hal-əhval tutandan sonra telefonu azərbaycanlı həmkarlarına uzadıblar. Valeh Ələsgərovun qəbuluna düşə bilməyən, Siyavuş Novruzovun arxasınca sürünən, Əhəd Abıyevin tənəsi ilə üzləşən həmkarlarım AŞ PA prezidenti ilə hal-əhval tutaraq, onu belə nüfuzlu bir qurumun rəhbəri seçilməsi münasibətilə təbrik ediblər.
Hə, təəccübləndinizmi? Sizi deyə bilmərəm, amma mən bu hadisəni eşidəndə təəccübümü gizlədə bilməmişdim. Fərqə bax, ha! Türkiyənin ucqar əyalətlərinin birində çalışan sıravi jurnalistlər istədikləri vaxt AŞ PA prezidenti ilə danışdıqları halda, bizlər Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidovdan müsahibə götürə bilmirik. Bu həmin Seyidovdur ki, hər dəfə AŞ PA-da Azərbaycanla bağlı məsələ müzakirə olunanda onu danlayırlar. Bu həmin Səməd müəllimdir ki, Azərbaycanı sanksiyalardan sığortalamaq üçün avropalı parlamentarilərə vermədiyi vəd qalmayıb. Amma azərbaycanlı jurnalistlərə müsahibə verməyi özünə sığışdırmır. Təbii, standart sualları hazır dua kimi üstündə gəzdirən üç-dörd iqtidaryönlü jurnalist istisna olmaqla...
Bədbəxtlikdən, bu ölkədə hətta Tağı Əhmədov da jurnalistlərə üstdən aşağı baxır. Yəqin ki, sizlər Metropoliten rəisinin bir neçə il əvvəl ANS telekanalının xanım əməkdaşını necə təhqir etdiyini xatırlayırsınız. Həmin vaxt çoxları "hər kəs öz ədəbini nümayiş etdirir", - deyib bu hadisənin üstündən sükutla keçmişdi. Amma Tağı Əhmədov ötən illər ərzində də jurnalistlərlə necə davranmalı olduğunu öyrənə bilmədi. Ötən həftə Bakı Metropoliteninin fəaliyyətində fasilə yarananda o, növbəti dəfə mətbuat nümayəndələrini təhqir etdi. Normal ölkələrdə Tağı Əhmədov kimi adamlara heç kərpic daşıyan "KamAZ" da etibar etmirlər. Amma Azərbaycanda yüz minlərlə sərnişinin taleyini ona tapşırıblar. Buna görə də 13 min adam eyni vaxtda tuneldə qalır. Tunelin sonunda isə işıq görünmür. Çünki Tağı Əhmədov kimi feodal təfəkkürün daşıyıcısı olan adamlar iri gövdələri ilə bu işığın qarşısını kəsiblər...