Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyinə verilərkən, çoxları sözügedən xidmətə 17 il rəhbərlik etmiş Arif Qaraşovun həbs ediləcəyini proqnozlaşdırırdı. Amma bu, baş vermədi. Buna baxmayaraq, Qaraşovun başı üzərində hələ də "qara buludlar" dolaşır. Doğrudur, o, bir neçə dəfə hakimiyyətə jest edərək, yaranmış qeyri-müəyyən durumdan çıxmağa çalışıb, yeni vəzifə arzusunu da büruzə verib. Lakin proseslərin axarı göstərir ki, onun bu yöndəki çabaları əbəsdir. Əksinə, işlədiyi dönəmlərdə vəzifəsindən sui-istifadə edərək, korrupsiya yolu ilə əldə edilən vəsait hesabına ayrı-ayrı adamların adına paytaxt Bakıdan tutmuş, xarici ölkələrə qədər xeyli daşınmaz əmlaklara sahiblənməsi, həmçinin biznesdəki yaxın adamlarının qanunsuz vasitələrlə başqalarının əmlaklarını ələ keçirmələri və digər xoşagəlməz faktların meydana çıxması A.Qaraşovun vəziyyətini bir qədər də qəlizləşdirib. Elə Nəsimi rayon Polis İdarəsində A.Qaraşovun himayəsində olduğu şübhə doğurmayan "Kaspian Servis" MMC, "Günəş Holding" MMC-lərin sahibi Rəhim Ələddin oğlu Sultanovla bağlı şikayətlərin icraata götürülməsi və hətta bir neçə nəfərə cinayət işinin açılması ilə bağlı qərarların çıxarılması da DƏDRX-nin sabiq rəisinin hazırkı vəziyyətinin ağırlığını göstərə bilər.
Bu barədə "Reytinq"ə çoxsaylı faktlarla yanaşı, bir neçə şikayət məktubları da daxil olub. Məsələn, Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Dəniz küçəsi 3, mənzil 3-ün sahibi Qurban Arif oğlu Verdiyevin, 4 saylı mənzilin sahibi Elmaz Arif oğlu Hüseynovun, 5 saylı mənzilin sahibi Faiq Çingiz oğlu Abdullayevin, 6 saylı mənzilin sahibi Firəngiz Əliheydər qızı Kərimovanın Prezident Adiminstrasiyasının rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladıqları şikayət məktublarında çox ilginc məqamlar yer alıb. Bəlli olub ki, A.Qaraşovun himayəsinə sığınan "Kaspian Servis", "Günəş Holding", "Mars" və digər bu kimi MMC-lərin sahibi Rəhim Sultanov Bakı şəhər icra hakimiyyəti başçısının 4 mart 2003-cü ildə verdiyi sərəncama əsaslanaraq, adıçəkilənlərin mənzillərini hətta zorla ələ keçirməyə çalışıb: "Halbuki, həmin sərəncamda açıq yazılıb ki, şirkət sakinlərin köçürülməsini qarşılıqlı razılaşma ilə həyata keçirməlidir. Lakin Rəhim Sultanov və onun törəmə şirkətlərinə direktorluq edən qohumları sakinləri aldatmaqla onların bəzilərinin kupçalarını əllərindən alaraq, yeni mənzillərlə təmin edəcəyi vədini verib. Az sonra isə aldadıldıqlarının fərqinə varan şikayətçilər mənzillərinin sənədlərini geri tələb etsələr də, buna nail ola bilməyiblər. Ard-arda ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciətlərin edilməsindən sonra sakinlərin adına saxta müqavilələr bağlamaqla guya onlara mənzil verdikləri görüntüsünü yaratmaq istəyiblər. Elə Firəngiz Kərimovanın adına bir neçə mənzillə bağlı müqavilənin bağlanılması və sonradan etibardan salınması da şirkətin çirkin məqsədini sübut edir. Bu arada yaranmış fürsətdən istifadə edən şirkət rəhbərliyi hətta sözügedən mənzilləri sökərək yararsız hala salıb. Mənzilsiz qalan sakinlərə isə yeni bina tikilən müddətədək kirayə haqqı ödəyəcəklərini deyiblər. Lakin son aylar artıq həmin kirayə haqlarını da verməkdən imtina ediblər. Əsas isə o olub ki, sakinlər şirkət rəhbərliyindən şikayət edir. Arif Qaraşovun biznes şəriklərinin belə hərəkətləri isə sakinləri daha da aqressivləşdirib və onları ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qoyub. Maraqlıdır ki, hadisələrin gərgin istiqamətdə cərəyan etdiyi bir ərəfədə, daha dəqiqi, 2008-ci ilin noyabr ayının üçüncü ongünlüyündə başlayaraq Rəhim Sultanov, qohumları Sirac Həsənov və MMC-nin digər rəhbərləri mənzil sahiblərinin üzərinə hücum edərək, onların əmlakına bilərəkdən maddi zərər vurmuşlar. Bununla bağlı sakinlərin əllərində video çəkilişlərin və digər faktların olmasına baxmayaraq, Nəsimi rayon hüquq-mühafizə orqanları bu şirkətə qarşı tədbir görmürdü. Üstəlik, şikayətlərin əsassız olması barədə qərarlar da çıxarıblar. Bu vəziyyətdən ruhlanan Rəhim Sultanov isə 5 fevral 2009-cu il tarixdə sakinlərin mənzilləri üzərində həbs qərarının çıxarılmasına da nail olub. Bu qanunsuz qərarı isə Nəsimi rayon Məhkəməsinin hakimi Xuraman Məhərrəmova verib. Maraqlı məqamlardan biri də elə həmin günü DƏDRX-in Bakı Ərazi İdarəsindən sakinlərin forma-1 arayışları üçün yazdığı təkrar ərizəyə yenə də eyni cavab gəlməsidir. Bu isə onu bir daha göstərir ki, Arif Qaraşov bu prosesin mərkəzində olub. Lakin gözlənilmədən Arif Qaraşovun "vurulması" durumun tədricən dəyişməsinə səbəb olub".
Sakinlərin qanuni nümayəndəsi Nazim Rəcəbov "Reytinq"ə deyib ki, Rəhim Sultanov və onun dəstə üzvlərinin sakinlərə hücum edib, onlara maddi və mənəvi zərər vurmaları ilə bağlı şikayətlər də yenilənib. Belə ki, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi ötən ilin dekabr ayının 25-də "Kaspian Servis" rəhbərliyinin barəsində 321-ci maddə ilə cinayət işinin başlanılması haqda qərar verib: "Doğrudur, qərarda açıq şəkildə Rəhim Sultanov və ya Arif Qaraşovun adları yoxdur, ancaq "Kaspian Servis" MMC-nin iş icraçısı Sirac Həsənovun özbaşınalıqlarının cinayət tərkibi yaratdığı açıq mətnlə göstərilib. Bununla yanaşı, Rəhim Sultanovun yalan və ziddiyyətlərlə dolu olan iddiası əsasında hakim Xuraman Məhərrəmovanın çıxardığı qərar da tamamilə əsassız olub. Həmin iddiada Rəhim Sultanovun guya sakinlərlə mənzillərinin satılması barədə şifahi razılaşma əldə etdiyi vurğulanıb və bu səbəbdən də sakinlərin mənzilləri şirkətin mülkiyyətinə verilməlidir. Çox təəssüf ki, X.Məhərrəmova heç bir qanunvericliyə söykənməyən bu iddia əsasında qərar çıxarıb və onu da dərhal icraya yönəltmişdi. Çünki bu məsələ ilə bağli qanunvericiliyin tələblərində və Konstitusiya Məhkəməsinin bir sıra müvafiq qərarlarında (maraqlısı odur ki,həmin qərarlar özü hüquqşunas olan R.Sultanovun atası hakim Ə.Sultanovun bilavasitə iştirakı ilə qəbul olunub-şikayətçilər) aydın və konkret göstərişlər var: daşınmaz əmlakın özgəninkiləşdirilməsi (satılması, bağışlanması və s.) barədə bütün əqdlər hökmən yazılı formada olmalıdır və hökmən notariat qaydasında rəsmiləşdirilməlidir. Bu iki şərtdən birinə riayət edilməməsi əqdin dərhal qüvvəsini itirməsinə səbəb olur. Həqiqətən, heç təsəvvür etmək də mümkün deyil ki, konstitusiya və beynəlxalq normalarla əsas insan hüquqları sayılan mülkiyyət və mənzil hüquqları ancaq bu cür "şifahi" dəlillərlə şübhə altına qoyulsa və məhkəmələr də belə iddiaların təmin edilməsinin yolverilməzliyini əvvəlcədən bilə-bilə onları icraata qəbul edirlərsə, o zaman dövlətin və vətəndaşların külli miqdarda vəsaitlərinə, vaxtlarına israfçılıq etmiş olur, eyni zamanda, cəmiyyətdə gərginlik yaratmaqda maraqlı görünürlər".
N.Rəcəbov qeyd edib ki, artıq Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının sədri, cənab Ramiz Mehdiyevə və vergilər naziri, cənab Fazil Məmmədova etdiyi müraciətlər də öz effektini verməkdədir: "İş elə gətirib ki, mən, təkcə sizin yuxarıda adlarını çəkdiyiniz sakinlərin hüquqlarını deyil, Rəhim Sultanovun çoxsaylı şirkətlərinin özbaşınalıqlarından əziyyət çəkən bir çox insanların haqlarını məhkəmələrdə qoruyuram. Onlardan biri də Emin Arif oğlu Hüseyndir. Bu şəxs "Kaspian Servis"in törəməsi olan "Dəniz" MTK-nın inşa etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 204-də 2004-cü ildə mənzil alıb. Lakin sonradan o, mənzili başqasının adına sənədləşdirmək istədikdə, ona problemlər yaratmağa başlayıblar. Deyiblər ki, sənin qardaşın bizdən şikayət edib. Elə bu səbəbdən də ona müvafiq sənədləri verməkdən imtina ediblər. Bundan sonra tərəfimdən araşdırma aparıldıqda bəlli oldu ki, mənzilləri satarkən əlavə vəsaitləri rəsmən göstərməmək üçün şirkət rəhbərliyi ciddi qanun pozuntularına yol verib. Onlar mənzil sahibləri ilə "Dəniz" MTK arasında mənzillərin faktiki olaraq satılmasını pərdələmək və dövlətə vergi ödəməkdən boyun qaçırmaq məqsədi ilə vətəndaşların guya həmin MTK-da "payçı" olması adı ilə müqavilələr bağlayıblar. Bununla da guya onlar payçı olublar. Lakin Vergilər Nazirliyində aldığımız cavabda açıq göstərilib ki, MTK-nın cəmi 4 payçısı var. Yəni E.Hüseyn sözügedən 12 mərtəbəli binada mənzil almaq üçün payçı adı ilə pul verib, ancaq sonradan bəlli olub ki, onun kimi, digər mənzilləri alan vətəndaşların adları da payçı kimi rəsmi sənəddə yoxdur, tikinti şirkəti tərəfindən götürülən külli miqdarda pullar isə müvafiq dovlət qurumlarında qeydiyyatdan keçirilməyib. Bu və ya digər faktları da əsas tutub, qeyd edilən dövlət qurumlarına bu şirkətlərin vergidən yayınma və digər korrupsiya əməllərinə yolvermə ehtimallarının araşdırılmasını xahiş etdim və adıçəkilən rəhbər şəxslərin tapşırığı əsasında məni nazirliyə dəvət etdilər. Dəlilləri orada təqdim etdim. Təxminən 20 gün əvvəl isə Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik baş idarəsi rəisinin birinci müavini, Daxili audit idarəsinin rəisi, baş vergi xidməti müşaviri Haley Bəkirov tərəfindən mənə yeni məktub gəlib. Orada yazılıb ki, Vergi Məcəlləsinə uyğun olaraq "Dəniz" MTK-da səyyar yoxlamalar aparılacaq. Ümid edirəm ki, bu şirkətlərin vergidən yayınmaq üçün etdiyi saxtakarlıqların qarşısı layiqincə alınacaq".
N.Rəcəbov deyib ki, sakinlərə kupçaların verilməsi istiqamətində də A.Qaraşova qələbə çalmaq üzrədirlər: "Məhkəmə qaydasında buna nail olmuşuq. Artıq qanuni qüvvəsini almış Yasamal rayon Məhkəməsinin qərarı ilə sakinlər - Faiq Abdullayev, Elmaz Hüseynov, Firəngiz Kərimova, Qurban Verdiyevə məxsus olan kupçalar DƏDRX tərəfindən veriləcək. Eyni zamanda, sakinlər hesab edir ki, "Kasian Servis" şirkəti ilə bağlı cinayət işində onlara hücum edənlərin hər birinin adları müəyyənləşməli və təqsirkarlar layiqli cəzalarını almalıdırlar".
Sonda N.Rəcəbov sakinlərlə birlikdə, A.Qaraşov və onun biznes maraqlarını icra edən şəxslərin haqsızlıqlarına qarşı sonadək mübarizə aparacaqlarını vurğulayıb.
"Reytinq"