Azərbaycan tarixinə qara hərflərlə yazılmış günlərin əksəriyyəti təqvimdə ilin birinci rübünə təsadüf edir. Yanvarda azadlıq aşiqləri, fevralda Xocalı faciəsinin qurbanları, martda isə 1918-ci ildə daşnaklar tərəfindən qətlə yetirilən soydaşlarımız üçün göz yaşı axıdırıq. Hər yeni təqvim ili azərbaycanlılar üçün qara gəlir...
Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımızın işğalçı sovet ordusu tərəfindən qətlə yetirilməsindən 20 il keçir. Amma düz 20 ildi ki, Azərbaycan xalqı bir suala cavab tapa bilmir: 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr faciədir, yoxsa qəhrəmanlıq nümunəsi?
Təəssüf ki, ötən zaman kəsiyində 20 Yanvar hadisələrinə hüquqi qiymət verilmədiyi kimi, bu qanlı olayın Azərbaycan tarixindəki yerini və rolunu müəyyənləşdirmək də mümkün olmayıb. Yəqin buna görədir ki, 20 Yanvar hadisələrinə hələ də müxtəlif kontekstlərdən yanaşanlar var. Müstəqillikdən sonrakı tariximizdə kədərli notların çox olması "ümumxalq hüzn günü" ifadəsini leksikonumuza daxil edib. Habil Əliyevin dizinin üstündəki kamanın hər il yanvar ayının 20-də insan şüurunun alt qatına işləyən qəmli sədası bu tarixi hadisənin ətrafında yaranmış pessimist ovqatı bir qədər də qüvvətləndirib.
Azərbaycanın istiqlalına qovuşmasında payı olmayan adamların dilindən tez-tez bu sözləri eşitmək mümkündür: "20 Yanvar hadisəsi baş verməsəydi belə, Azərbaycan yenə müstəqil olacaqdı". Yəqin sizlər də razılaşarsınız ki, Qarabağ müharibəsində uğur qazana bilməməyimiz Azərbaycan xalqının mübarizə əzmini ciddi şəkildə zədələyib. Mənə elə gəlir ki, tariximizin ayrı-yarı dövrlərinə öz damğasını vurmuş qəhrəmanlarımıza qarşı hücumların son vaxtlar intensiv xarakter alması bu mənfi tendensiyanı daha da gücləndirib. Hətta 1200 il əvvələ qayıdıb, Xürrəmi hökmdarı Babəki ittiham edənlər də var. Arqumentləri isə xeyli düşündürücüdür: "Əgər Babək hiyləgər Afşinə boyun əysəydi, başını cəllad kötüyündən xilas edə bilərdi".
Bu ifadənin alt qatında gizlənmiş məna insanları yaltaqlığa, dönüklüyə sürükləyir. Yəni, başının sağ olmasını istəyirsənsə, özündən güclünün qabağında əyil, diz çök. O, haqsız olsa belə...
Babək mübarizə simvoludur. Onun ayrı-ayrı adamlar tərəfindən hədəfə götürülməsi dini təəssübkeşlikdən irəli gəlmir. Burda məqsəd millətin mübarizə əzmini zədələmək, köləliyi, itaəti təbliğ etməkdir. Amma bir məqamı unutmamalıyıq: Babək doqquzuncu əsrdə başını edam kötüyünə qoymasaydı, Ќəsimi on beşinci əsrdə əqidəsi uğrunda diri-diri soyulmayacaqdı. Əgər Babək, Ќəsimi nümunəsi olmasaydı, Xətai tarixdə böyük sərkərdə deyil, karvanbasan quldur kimi qalacaqdı. Yəqin sizlər də razılaşarsınız ki, Cavad xan qəhrəmanlığı Keçəl Həmzədən deyil, Babəkdən, Xətaidən öyrənib. Yoxsa, rus generalının qarşısına qılıncla deyil, allı-güllü xonça ilə çıxardı. Əgər Cavad xan 200 il əvvəl doğma şəhərinin azadlığı uğrunda şəhid olmasaydı, indi onun nəvələri rus ayısını tumarlayırdılar.
Babək, Nəsimi, Xətai, Cavad xan, 20 Yanvar şəhidləri bir gün azad olmağı 40 il qul kimi yaşamaqdan üstün tutduqları üçün bu gün biz onları ehtiramla anırıq. Tarixdə bir qaşıq qanını əqidəsindən üstün tutan milyonlarla insan olub. Amma onların hamısı müasirlərinin lənətinə tuş gəlib. Əqidəsinə dönük çıxanlara isə heç tarixin zibil yeşiyində də yer yoxdur.