Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Bahar Rüstəmli : Saray adəti

  Sayta qoyulub: 16:39 14.02.2010 (568 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bahar oldu, gəl, ey dilbər, tamaşa qıl bu gülzarə..."

Novruz bayramı haqqında ilk məlumatlara ta qədim dövrə aid yazılarda belə rast gəlinir. Lakin saralıb-solmuş əlyazmalarda daha çox "Şah Novruzu", yaxud "Soltan Novruzu" adlanan bu milli şənliyin sırf hökmdar bayramı olması xüsusi vurğulanır.
Şahların, soltanların, məliklərin Novruzu? "Görəsən, o, niyə belə adlanır"?


Bayram sahibi
Keçmişin danışmayan, amma ibrət verən şahidlərindən - əlyazmalardan sətir-sətir oxuduqlarımızı bu günün sahiblərinə çatdırırıq.
Ey qafillər, bilin ki, rəsmi saray tədbiritək qeyd olunan bu bayram sözügedən statusunu, yəni "Soltan Novruz"luğunu XIX əsrə qədər saxlayırdı. Və bayram günü sübh tezdən oyanmış taxt-tac sahibi gündəlik şahanə qırmızı libas əvəzinə "bəsri" deyilən düm ağ bir xələt geyinər, başına "novruzi" adlı xüsusi biçimli ağ papaq qoyub (o, bunu ildə yalnız iki dəfə - Novruz və ondan 6 ay sonra keçirilən Xəzan bayramları günü edirdi) taxta qalxar və rəsmi bayram qəbuluna başlayardı.
Bu məqamda onun önünə 7 ağ kasa və yenicə zərb edilmiş 7 ağ, gümüş sikkə düzülmüş bir sini qoyulurdu. Digər gümüş sinidə isə şəkər və qabıqdan təmizlənmiş hind qozu gətirilirdi. Taxt-tac sahibi - tacidar hind qozunun südündə isladılmış xurmalardan bir-bir dadıb onları yaxınlarına yedirdərdi. Sonra üzünü qarşısında dayanmış saray əyanlarına tutub deyirdi: "Həzərat, bu gün mübarək Novruz günüdür, Allahın bizə bəxş etdiyi bütün nemətlərə şükür edərək, rəiyyət ilə ədalətlə rəftar edək.
Allah-Təala yeni ilinizi uğurlu etsin!"
Bu sözlərdən sonra hamı xüsusi bir dua oxuyaraq tacidara uzun ömür, hədsiz hakimiyyət illəri və şan-şöhrət arzular, ardınca musiqinin müşayiəti ilə və avazla "Novruziyyə" qəsidəsi ifa edərdi (Nəsiminin "Bahar oldu, gəl, ey dilbər, tamaşa qıl bu gülzarə" və Füzulinin "Eyş üçün bir türfə məzəldir bahar əyyamı bağ..." və s. bu qəbildəndir). "Novruziyyə" bitdikdən sonra hamıya təzə süd paylanır və saray əhli öz yerini tuturdu. Bu zaman "mirşikar"ın (şikar başçısı) qəfəsdə gətirdiyi düm ağ şahin quşunu (vaxtilə "mürği-Novruz" adı daşımış bu quşu sonralar ağ qağayı əvəz etdi) açıq səmaya buraxırdılar.
Yeri gəlmişkən, Novruz günü yalnız taxt-tac sahibi və saray əhlinə məxsus olan bu qayda-qanun sonralar adi rəiyyət üçün də vacib sayıldı. Bayram günü dövlət başçısının, sonralar isə bütün əhalinin ağ libas, ağ papaq geyib "qar kimi ağ, süd kimi saf" şəkər (bir vaxtlar ağ rəngə "şəkəri" də deyirdilər), pendir, qatıq, süd və bu kimi ağ-bəyaz təamların yeyilib-içilməsi, habelə səmaya ağ bir quşun buraxılması, əski etiqada görə (bütün həyatın ağ maddə-"gövhər"dən törənməsi), bilavasitə ağ-bəyaz rəngin güclü sehr və ovsunla aşılanıb bütün bədxah ruhlara qarşı qoruyucu vasitə olması ilə bağlıdır.
Novruz gününün məxsusi duası:
Ey qəlbləri və gözləri haldan-hala salan! Ey gecə ilə gündüzü tədbirlə nizamlayan! Ey ili dolandıran və əhvallara yaxşılıq, pislik verən! Əhvalımızı yaxşılığa doğru dəyiş!

Bayram hədiyyəsi

VII əsrdə saraylarda keçirilən bayram ziyafətlərində taxt-tac sahibi, başqa hədiyyələrlə yanaşı, şəxsən saraya yaxın əyanlara ənbərdən hazırlanmış qızılgül - "gülənbər" və digər fiqurlar paylayırdı (Qədim inanca görə, insanlar mirvari, müşk-ənbər və ona bənzər ətriyyatı da Novruz günü aşkarlayıblar).
XVII əsrin əlyazmalarına əsasən, bayram günü sarayda yaşayan xanımlar hökmdardan, bir qayda olaraq yaraşıqlı piyalə, cam və tərəzi gözlərində qızıl suyuna çəkilib üzəri incə naxış və rəsmlərlə işlənmiş "yumurta" alırdılar. Yumurta müqəddəs dörd varlığın (yumurtanın soyuq və rütubətli ağı - Suyu, istilik verən sarısı - Odu, quru qabığı - Torpağı, incə pərdəsi isə - Havanı təmsil edirdi) bir-birinə qovuşması nəticəsində canlıların yaranmasının və s. rəmzi təcəssümü idi.
Ertəsi gün hökmdara təqdim olunan digər gümüş sini və ya məcməyinin ortasında 7 meyvə ağacı - alma, heyva, nar, innab, lumu, üzüm və zeytundan kəsilmiş iki-üç bəndəmli çubuqlar düzüb, onların ətrafına isə 7 hübubatın hərəsindən bir dənə yerləşdirilirdi. Qəbulun sonunda onları bargahın (sarayın) döşəməsinə səpərdilər.

Bayram yürüşü

Hələ miladdan öncəyə, V-IV yüzilliklərə aid salnamələr belə təsdiq edir ki, əski çağlarda Yaxın Şərq hökmdarlarının cülus, yəni tacqoyma mərasimi münasibətilə icra edilən təmtəraqlı keçidlər məhz Novruzda icra olunurdu. Adətən bayram yürüşünün ön sıralarında aparılan gümüş atəşdanın ardınca, bir ildəki günlərin sayına müvafiq al qırmızı geyimli, başlarında çələng, əllərində ucuna qızıl-gümüşdən nar, alma və heyva fiqurları taxılmış nizə tutan 365 cəngavər addımlayırdı. Onların ardınca 8 atın qoşulduğu ikitəkərli araba (bəzən arabanın özündə Günəşin qulac boyda qızıl heykəli yerləşdirilirdi) gedir, ondan sonra hamıda heyrət doğuran ağ-bəyaz at - "xing" addımlayırdı.
Əlyazmalarda qeyd edilir ki, bu iri cüssəli atın sinəsi, yalmanı, qarını, quyruğu və ayaqları adətən xınaya boyanmış, onun döşü və çulu müxtəlif biçimli güzgü, muncuq və pardaxlanmış dəmir qırıntılar ilə bəzədilirdi. At yeridikcə üzərindəki bəzəklər par-par parıldayaraq bərq vurur, Günəştək nur saçıb ətrafdakıların gözünü qamaşdırırdı. Həm "xing", həm ikitəkərli araba yanında ağ geyimli cilovdarlar addımlayırdı.
XII əsrdə də Novruz günü eyvanda, xüsusi taxtda əyləşmiş tacidarın qarşısından seçmə ağ at "xing"lər, qızıl və gümüşdən hazırlanmış qoşqu ləvazimatı nümayiş etdirilirdi. Bəzən Novruz keçid yürüşünün ən axır sıralarında ram edilmiş bir şir də yeriyirdi.
Ümumiyyətlə isə Novruz yürüşlərinin iştirakçıları arasında, zodiakın (bürclərin) sayına müvafiq olaraq bir qayda kimi, 12 növ heyvan da yeriyirdi. İlkin çağların canlı heyvanları sonralar heyvan cildinə girmiş masqarabazlar əvəz olunurdu. ...O uzaq çağlardan xeyli sonra Qarabağda, xanlıq dövründə Novruz bayramında yürüşə çıxmış bir dəstə bəy Şuşadan Cıdır düzünə yola düşürdü. Təntənəli mərasimdə yalları xınaya boyanmış ağ at belində, əyninə ağ çuxa, ağ arxalıq geyib başına ağ dəridən papaq qoymuş Qarabağ xanı özü irəliləyirdi.
Qafilə ardınca su tuluqları, səfər qəlyanları, asma manqallar və s. sursatla yüklənmiş zınqırovlu qatırlar yeriyirdi. Yürüş iştirakçıları Cıdır düzündəki təpədə qurulmuş çadırlar düşərgəsi - "xeyməgah"a çatdıqda hamı atlardan enib çadırlara keçir, bundan sonra şeypur çalınır və Cıdır düzündə müxtəlif oyun və yarışlar icra olunurdu...


Bayram hakimi

Səfəvilər dövründə əhali arasından bayram sərəncamçısı - "Əmiri-Novruz", yaxud "Mirnovruz" seçilirdi. "Mirnovruz" (ayrı-ayrı dövrlərdə ona "Kəyan", "Padşah", "Novruz ağası", "Novruz əmi", "Həzrət Novruz" və "Hacı Novruz" da deyiblər) bayram tədbirlərinin idarə edirdi.
O, üzünə un sürtüb, qırmızı, yaxud sarı rəngli xələt geyərək, ağ at ("xing"), yaxud dəvə belinə qalxıb bir əlində qızılquş (inama görə, bu quş insanlara xoşbəxtlik, var-dövlət bəxş etdiyinə görə Novruz günü onu əldə saxlamaq xoş bir adət sayılırdı) tutur, onu müşayiət edən bir dəstə ilə yürüşün ön sıralarında yeriyə-yeriyə ətrafdakılardan "novruzpayı" toplayırdı.
Rəiyyət arasında isə "Soltan Novruzu"nun adətlərini yamsılamaq adəti mövcud idi. Adətən, "mirnovruzu" yamsılayan şəxs üç gün qırmızı geyinib başına tovuz lələyi sancılmış bir "tac" qoyar, əlində "bayraq" tuturdu (Su çərşənbədə isə diribaş bir qadını "şah" seçirdilər). O və müşayiətçiləri - "vəzir-vəkil", "fərraş", çalğıçı, xanəndə, meyxanaçı və təlxək haray salaraq, küçə-bazarı gəzib-dolaşır, sonra bir yerdə üçgünlük "əmirlik taxtı"na əyləşməklə "ədalət divanı" qururdu.
Bu zaman adamlar dəstə-dəstə onun "hüzuruna" gələrək əlini öpür, ətəyindən tutub, itaətdə olduqlarını bildirirdilər. "Bayram hakimi" isə onların şikayətlərini dinləyir, bəzən "günahkarlar"a bir-iki "şallaq" vurmaq və ya bığlarını qırxmağa fərman verir, "günahsız həbs olunanları" zindandan "azad edirdi".
Qaydaya görə, "hakim" gülməməli idi, o, özünü saxlaya bilməyib azca belə gülsəydi, ətrafdakılar onun üstünə cumub onu döyməyə başlayır və yalançı şah qaçaraq canını qurtarırdı.

Bayram süfrəsi

Novruz günü taxt-tac sahibi, yaxud şəhər hakimi zəngin bayram süfrəsi - "altun xan"ı təntənəli şəkildə şəhərin-paytaxtın baş küçələri ilə gəzdirtdirirdi. (Xoşrəftarı ilə əhalinin yaddaşında qalmış İrəvan xanı Hüseynəli xan isə, bir tarixi qeydə əsasən, bayram günlərində şəhərin yaxınlığındakı təpənin başına qalxar, əlini alnının üstünə qoyub ətrafdakı evləri seyr edərdi. Hansı evdən tüstü qalxmazdısa, nökərini çağırıb deyərdi: "Bu düyü və kişmişi aparıb həmin evin sahibinə ver. Qoy o evin də dudkeşindən tüstü qalxsın").
Bayram süfrəsinin ərsəyə gətirilməsi ilə xüsusi qənnadı ustaları - "sükkər nəqqaşları" məşğul olurdular. Novruz yürüşlərindəki "altun xan" ilə yanaşı, qiymətli parça, xalça-palaz və gül-çiçəklə bəzənmiş "nəxil" (mənası "xurma ağacı" deməkdir) adlı bir xərək-təxti-rəvan da gəzdirilirdi. 12 nəfərin çiynində gəzdirdiyi həmən "nəxl"in ortasında, təqribən müasir ikimərtəbəli bir ev hündürlüyündə, biçiminə görə sərv ağacını xatırladan nəhəng bir sütun yerləşdirilirdi. Bu qeyri-adi "sütun" büsbütün mumdan hazırlanır, əlvan boyalı süni meyvə, gül-çiçək və zərvərəqlə bəzədilirdi, onun kəlləsinə isə aypara nişanı sancılırdı. Bu, əfsanəvi "Olma-Olum Ağaci"nın (Varlıq Ağacı) rəmzi idi.

Bayram iştirakçıları

Bayram yürüşlərində müxtəlif peşə və tacir birlikləri də fəal iştirak edirdilər. Bir əcnəbi səyyahın xatirələrində qeyd olunur ki, həmin yürüş-nümayişdə çörəkçi "nanpəz"lər müxtəlif növ çörəklərdən uca bir köşk quraşdırdığı halda, həllaclar boyanmış pambıq və qamışdan nəhəng bir minarə düzəldib onun başına leylək fiqurunu keçirirdilər. Kəndir, ip toxuyanlar (rəsimanbaflar) yalnız taxta, qamış və kəndirdən iri "dəvə" fiquru düzəldib, içində bir nəfəri gizlətməklə fiquru hərəkətə gətirirdilər...
Şənliklərin ən baxımlı anlarından biri "atəşbazlıq-fişəngbazlıq" tədbiri idi. Atəşbaz ustalar nəhəng "div" və "əjdaha" fiqurları, əcinnə-şeytan müqəvvalarını gəzdirdikdən sonra onları düzənliyə və ya geniş bir meydana gətirir və hava qaraldıqdan sonra onları burada yandırırdılar...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829