(hekayə)
– Uşaqlar, sabah saat 5-də valideyn iclası olacaq, – 4a sinfinin yeni rəhbəri Dilarə müəllimə dərsin bitməsinə az qalmış üzünü şagirdlərə tutub dedi. – Hamınız ata-ananıza deyin, mütləq iştirak etsin. Kimin atasının vaxtı yoxdursa, anası gəlsin, anası da gələ bilməsə, böyük bacı-qardaşı varsa, o gəlsin. Bəri başdan deyirəm, kimin valideyni gəlməsə, dərsə buraxılmayacaq, eşitdiniz?
– Bəli, – uşaqlar bir ağızdan qışqırdılar.
Ertəsi gün Dilarə müəllimə bu gün saat 5-də valideyn iclası olacağını yenidən xatırlatdı.
– Uşaqlar, hamınız valideynlərinizə demisiniz? – o soruşdu.
– Bəli, – uşaqlar yenə həmişəki kimi xorla cavab verdilər.
– Baxın, – o, sözünə davam etdi, – əgər kimin yadından çıxıbsa, valideyninə deməyibsə, evə çatan kimi desin, unutmayın ha!
Aynur hələ dünən evə çatan kimi valideyn iclası barədə anasına söyləmişdi, atası nahara gələn kimi ona da dedi, o da söz verdi ki, gedəcək. Buna baxmayaraq, bu gün günorta yeməyi zamanı ona bir daha xatırlatdı və atası bir daha onu arxayın etdi ki, iştirak edəcək…
Valideyn iclasının səhərisi günü birinci saat Dilarə müəllimənin dərsiydi. Zəng vuruldu, şagirdlər bir-birini itələyə-itələyə, çığırışa-çığırışa ədəbiyyat otağına doluşdular və hərə öz yerinə keçib kitab-dəftərini çıxartdı. Sinifdə ağız-deyəni qulaq eşitmirdi. Sinif rəhbərinin içəri daxil olmasıyla elə bil fonoqrama oxuyan qurbağaların işığını kəsdilər.
– Salam, uşaqlar, – müəllimə əlindəki jurnalı masanın üzərinə şappıldadıb ucadan dedi.
– Salam, – uşaqlar onu əsgərsayağı salamladılar.
– Kimin valideyni iclasa gəlməmişdi, ayağa qalxsın, – Dilarə müəllimə əsəbi tonda dedi.
Şagirdlər bir-birinin üzünə baxa-baxa yavaş-yavaş ayağa qalxıb başlarını aşağı dikdilər. Sinfin, demək olar ki, yarısı ayaq üstdəydi.
– Çıxın sinifdən, – o barmağının işarəsiylə qapını göstərdi, – valideyni gəlmədən heç kəsi dərsə buraxmayacağam.
Uşaqlar sakitcə sinif otağını tərk etməyə başlamışdılar ki, Dilarə müəllimə üzünü Aynura tutdu.
– Aynur, bəs sən niyə ayağa qalxmırsan, axı sənin də valideynin gəlməmişdi?
Bayaqdan bəri özündən razı halda ata-anaları iclasa gəlməyən uşaqları ləzzətlə seyr edən Aynur xəyalən allah bilir haralarda olduğundan müəllimənin nə dediyini eşitsə də, bir anlığa başa düşmədi. Gözlərini döyüb müəlliməyə baxdı.
– Səninləyəm, Aynur, valideynin niyə iclasa gəlməmişdi? – müəllimə sərt tonda soruşdu.
Qızcığaz qeyri-ixtiyari ayağa qalxdı.
– Müəllimə, mən, mənim xəbərim yoxdur, – o, dili topuq vura-vura dedi, – mən atama demişdim, o söz vermişdi ki, gələcək. Gəlməmişdi? – təəccüblə soruşdu.
– Yox, gəlməmişdi, – o, dedi.
– Yəqin işi olub, müəllimə, yoxsa gələrdi.
– Atanın işi vardısa, anan gələ bilərdi.
– Doğrudur, – o, cavab verdi, – amma atam özü gələcəyinə söz vermişdi.
– Elə isə get atana de, məktəbə gəlsin, – müəllimə tonunu bir qədər də sərtləşdirdi, – sən heç kəsdən artıq deyilsən.
Aynur pərt halda sinifdən çıxıb atasının məktəbdən cəmi beş-on dəqiqəlik məsafədə yerləşən iş yerinə tələsdi. Qəbul otağı adamla doluydu. Makina arxasında oturub həmişəki kimi nəsə çıqqıldadan ortayaşlı dolubədənli katibə qadın onu görən kimi təşviş içində ayağa qalxdı.
– Nə olub, – o masanın arxasından çıxaraq qızcığaza doğru addımladı və qəddini azca əyərək soruşdu. – Bu vaxt bura niyə gəlmisən, qızım? Atanın gəlməyinə hələ xeyli var.
Doğrudan da, lap unutmuşdu, atasının işi axı saat 9-da başlayırdı. Divardakı saata baxdı, doqquza on dəqiqə işləyirdi.
– Heç, elə-belə, – o dedi, katibəyə daha ağzını açmağa imkan vermədən dərhal geri dönüb qapıdan çıxdı və sürətlə evlərinə sarı götürüldü.
Evlərinə yaxınlaşanda atasının xidməti maşınını darvazanın qənşərində görüb sevindi; «demək, hələ evdədir». Onu görəndə eynilə katibə kimi heyrətlənən sürücüylə könülsüz salamlaşıb həyətə girdi və qapıdan çıxmağa hazırlaşan atasıyla qarşılaşdı. Məktəbdə dərs getdiyi bir zamanda qızının özünü qapıdan qaranəfəs halda içəri saldığını görən atanın halını özünüz təsəvvür edin.
– Qızım, bu vaxt burda nə gəzirsən, – o heç də katibəsindən və sürücüsündən az heyrətlənməyərək dedi. – Məgər, dərsiniz yoxdur?
– Ata, dünən valideyn iclasına niyə getməmisən? – o, suala ittihamedici sualla cavab verdi.
– Bağışla, qızım, rəhbərlikdən təcili çağırdılar…
– Müəllimə də məni dərsdən çıxartdı ki, get atanı gətir, – o şikayətlənərək atasının sözünü kəsdi.
– Bəlkə nəsə bir problem var, – ata bic-bic gülümsünərək qızına baxdı.
– Heç bir problem yoxdur, valideyni dünən iclasa gəlməyənlərin hamısını dərsdən çıxartı, mənə də dedi ki, sən heç kəsdən artıq deyilsən, odur ki, sən də get, valideynini gətir. Düz deyir də, ata, axı valideyni gəlməyən bütün uşaqları dərsdən çıxartdı…
– Yaxşı, qızım, gəl minək maşına, gedək, görək nə deyirlər.
«Qaz-24»-ün iki kilometrlik məsafəni qət etməsi onca dəqiqə çəkmədi. Aynur ədəbiyyat otağının qapısını aralayıb içəri girəndə Dilarə müəllimə uşaqlara nəsə izah edirdi. Dərsdən çıxarılan uşaqlardan hələ heç kəsin valideyni gəlməmişdi. Aynurun arxasınca atası da qapıda göründü. Uşaqlar dərhal ayağa qalxdılar. Ayaq üstdə olan müəllimə isə ağ köynəyi istisna olunmaqla, şlyapasından çəkmələrinədək tünd rəngdə, amma olduqca şıq geyinmiş ucaboylu və ciddi görkəmli adamı görər-görməz özünü itirdi.
– Aynurun atasısınız? – onun üzündə qeyri-ixtiyari yaltaq ifadə yarandı və əllərini ovuşduraraq cavab gözləmədən birnəfəsə dedi. – Siz allah, bağışlayın, sizə də zəhmət verdim, Aynur elə yaxşı qızdır ki, çox tərbiyəli, qanacaqlı, ağıllı, fərasətli uşaqdır, dərslərini də çox yaxşı oxuyur, mənim fənnimdən də, başqa fənlərdən də həmişə əla qiymətlər alır, bütün tapşırıqları yerinə yetirir, üst-başı həmişə təmiz və səliqəli olur, kitab-dəftəri, çantası da olduqca təmiz və səliqəlidir, kaş bütün şagirdlər onun kimi olaydı, mən siz…
Üz-gözündən dilxor olduğu açıq-aşkar sezilən valideynin Dilarə müəllimənin dialoqunu sonadək dinləməyə səbri çatmadı. Deyəsən, müəllimə də fikrini sona çatdırmaqda çətinlik çəkirdi, qadına elə bil ilham gəlmişdi, eyni sözləri, ifadələri, cümlələri dönə-dönə elə təkrarlayırdı, ki, sanki Əminə Yusifqızı Almazın monoloqunu söyləyirdi. Onun bu alovlu nitqini yalnız, aktyorlar demişkən, tərəf müqabilinin müdaxiləsi kəsə bilərdi və belə də oldu.
– Müəllimə…
– Mən sizə öz təşək…
– Müəllimə, – valideyn Dilarə müəllimənin səsini kəsmək üçün bir az da ucadan dedi və təkrar müraciət öz effektini verdi, – beləydisə, niyə uşağı dərsdən çıxarmısız, səhər tezdən o boyda yolu bir də geri qayıdıb, qız uşağıdır, yolda başına bir iş gələrdi, mən də deyirəm, görəsən nə olub, nə isə, – o, narazı halda başını bulayıb sinifdən çıxdı.
– Mən istəyirdim ki… – deyə Dilarə müəllimə fikrini tamamlamaq üçün onun ardınca yüyürdü, ancaq dərhal da pərt halda geri qayıtdı. Görünür, valideyn çıxıb getmişdi.
Fikirli-fikirli öz masasına doğru gedən Dilarə müəlliməni məktəb zənginin adamın qulaqlarını dələn aramsız cingiltisi xəyaldan ayırdı. Bayaqdan bəri müəllimə ilə valideyn arasında baş verən dialoqu göz qırpmadan dinləyən şagirdlər yerlərində qurcuxmağa başladılar.
– Dərsimizin üzərində qalırıq, uşaqlar, – Dilarə müəllimə könülsüz halda dedi və sinif jurnalını götürüb ağır addımlarla sinifdən çıxdı.
16.11.09