Ən ağır, çətin anlarımda Anar haqqında yazmışam, ovqatım düzəlib, yaşamaq eşqim yüksəlib, bütün qara enerjidən azad olmuşam. Beləcə, Anar haqqında yazmaqla çox çətinliklərə dözmüşəm. Həm qonorar almışam, həm də tanınmışam. Mənim Anara qarşı patoloji nifrətim bütün sevgilərimdən səmimidir. Ən ağır anlarımda Anar haqqında yazmaqla güc toplamışam, rahatlanmışam. Amma bir gün Anar haqqında yazmamaq qərarına gəldim. Dostlarıma da daha o adam haqqında yazmamağı, ona baş qoşmamağı məsləhət gördüm.
Artıq üç ildir ki, Anar haqqında yazmıram. Onun müsahibələrinə, açıqlamalarına cavab vermirəm. Düz üç ildir ki, mən öz sevimli mövzuma toxunmuram. Ona görə yox ki, həyatımda hər şey qaydasındadır. Yox. Çox çətinliklər olub bu üç ildə. Ona görə Anar mövzusuna toxunmurdum ki, mən artıq bu yaşlı adam haqqında yazmaqdan utanmağa başlamışdım. Mən "sən Aanardan nə istəyirsən" sualından bezmişdim. Yüz dəfə, min dəfə bir mövzuda yazasan və adama belə sual verələr...
"Sən Anardan nə istəyirsən?"
Şükür, Anar, Elçin, Əkrəm sağlıqlarında bütün yaxşı (dırnaqsız) sözləri eşitdilər, oxudular. Biz onları qəhrəman kimi ölməyə qoymadıq. Soçidə, Yesentukidə, Kislovodskidə çəkdikləri kefləri burunlarından gətirdik. Bir ovuc yetim-yesir uşaq pullu, vəzifəli, sovet dövründə tirajlanmış qoca məmur-yazıçılara cəhənnəm əzabı yaşatdı. Ardıcıllıq, mövqeyimizdə bərk dayanmağımız qələbə çalmağımızın ən böyük səbəblərindəndir. Onları zəlil günə qoyduq. Müsahibə verməyə qorxurlar. Doğrusu, bu çox gözəl mənzərədir. Bizim yazdıqlarımız bir yana, Anar özü özünə ən böyük zərbəni vurdu. Bir adam özünü nə qədər gülünc vəziyyətə qoya bilərdisə, Anar özünü o qədər gülünc vəziyyətə qoydu. Vəzifə, kreslo hərisliyi Anarı daha da nüfuzdan saldı. Zarafat deyil, bu adam iyirmi dörd ildir bir vəzifədən yapışıb. Özü haqqında ən ağır cümlələrə dözdü. Halbuki gedib evində oturub nəvələri ilə oynaya bilərdi. Neçə illərdir Anar vəzifədə oturmasını əsaslandırmaqla məşğuldur. Yaşı yetmişi ötmüş bu adam həyatdan bir qram da müdriklik əxz edə bilmədi. Əksinə, qocaldıqca müdrikləşmək əvəzinə, reallıq hissini itirdi. Onun haqqında ən ağır cümlələri yazmağa şərait yaratdı. Həkimlər bu yaşlı yazıçıya qəzet oxumağı qadağan ediblər, amma o qadağanı pozaraq qəzetlərdə öz adını axtarır. Mən doğurdan da yaşı yetmişi ötmüş bir adam haqqında yazmağa utanıram. Amma iyirmi dörd il bir vəzifədə oturmuş adam özü "mənim haqqımda yazın" deyir. İnsanda bu qədər vəzifə hərisliyi haradan qaynaqlanır? Səbəbi sadədir. Bilir ki, vəzifə olmasa, heç kim Rəsul Rzanı yada salmayacaq. Eləcə də prezident təqaüdü...
Qalib gəldi, qalib getdi
Şəhər uşaqları Anarı özlərinə bir az doğma sayıblar. Kənd uşaqları Anarın qarşısında güclü natamamlıq hissi keçiriblər. Anarın eynəyi, qəlyanı kənd uşaqlarını əzib. Biz Anar haqqında yazmağa başlayanda ən güclü təpkini müxalifət qəzetlərinin yazarlarından görürdük. Zamin Hacı istisna olmaqla. Bir də Xaliq Bahadır. Halbuki Anar daima hakimiyyətin yanında olub. Məşhur "Qalib gəldi, qalib getdi" məqaləsinin müəllifidir. Hakimiyyəti dəstəkləyən bir adamı tənqidlərdən qorumaq cəhdlərinin bir adı var: Yarımçıqlıq. Qəribədir, bu yarımçıqlar monarxiyanın əleyhinə çıxdıqları halda, başqa bir qrumda monarxiyanı dəstəkləyirlər. Ən yaxşı halda dözürlər. Yenə təkrar edirəm, bunun adı yarımçıqlıqdır. Onlar bilməli idilər ki, kiçik monarxiyalar sonda böyük monarxiyanın qurulmasına gətirib çıxaracaqdı. Başqa cür ola bilməzdi. Allahşükür Paşazadə özünü ömürlük şeyx elan edəndə ölkə bir-birinə qarışmalı idi. "Ömürlüklər" ölkədə monarxiyanın qurulmasına hər cür şərait yaratdı. Anar ömürlük, Allahşükür Paşazadə ömürlük, Novella Cəfəroğlu ömürlük, Arif Əliyev ömürlük, Səidə Qocamanlı ömürlük... Hətta AzTV-də nümayiş olunan "Ailə həkimi" verilişinin aparıcılığı da atadan oğula ötürülür. Budur, bəlanın mənbəyi. Əgər bir müxalifətçi yazar monarxiyanı bəyənmirsə, o, dünəndən Allahşükür Paşazadəni, Anarı bəyənməməlidir. Aha, bir fakt yadımdan çıxdı. Rauf Arifoğlu həbs olunanda qəzetə rəhbərliyi qardaşı Azər Ayxana tapşırdı. Bəli, biz Anar haqqında yazanda ən sərt cavabları müxalifətçi, yarımçıq yazarlardan alırdıq. Onların bəsit bir fikirləri vardı: "Siz, Anarın yazdıqlarını yazın, sonra Anarı tənqid edərsiz". Biz isə deyirdik ki, yumurtanın dadı haqda fikir söyləmək üçün toyuq olub yumurtlamaq vacib deyil. Anar ictimai fiqurdur, dövlətdən maliyyələşən qurumun rəhbəridir. Gedib evdə oturub, nəvələri ilə oynasa, heç kimin onunla işi olmaz. Onda məntiqlə belə çıxır ki, hansısa naziri tənqid etmək üçün adam mütləq nazir olmalıdır. Məsələn, Misir Mərdanovu tənqid etmək üçün mütləq nazir postunda oturmalısan. Yarımçıqlar deyirdilər: "Mən Anarın mövqeyini bəyənməsəm də (ən yaxşı halda), onu yazıçı kimi sevirəm". Mütaliə çatışmamazlığından əziyyət çəkən bu adamlara dəfələrlə "Madam Bovari" əsərini oxumağı məsləhət görmüşəm. Anar Floberin suyunun suyudur. Və yumşaq variantda. Onun romanlarını qadınlar və bir də arvadyosunlu, qeybətə meylli kişilər sevə bilər. Bəli, o, əsərlərində qadın intriqalarını, qeybətlərini gözəl yazır. Amma bu onun peşəkarlarından yox, xislətindən xəbər verir. Onun əsərlərində bir qram da həyat yoxdur. Başdan ayağa quramadır. Bəli, şərtiliksiz ədəbiyyat yarana bilməz. Amma Anar şərtiliklə saxtakarlığı daima səhv salıb. Siz Azərbaycanda mənə bir qadın adı deyin ki, spirtli içki içməkdən qara ciyərini yaman günə qoyaraq, ölüb. On ildir mətbuatdayam, ən müxtəlif təbəqələrdə olmuşam, amma belə söhbət eşitməmişəm. Yox, əgər söhbət Azərbaycan ədəbiyyatından gedirsə, yaxşı, canlı, həyatla dolu əsərlər axtarırsınızsa, İsi Məlikzadənin, Sabir Əhmədovun əsərlərini oxuyun. Anara qarşı bütün nifrətimi kənara atıb, sağ əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətlə yazıram: İsi Məlikzadənin "Evin kişisi", "Quyu", "Yaşıl gecə" povestləri Anarın, Rəsul Rzanın, Nigar Rəfibəylinin bütün yaradıcılığından ağırdır. İsi Məlikzadənin "Talisman" hekayəsi Anarın bütün "novastroykalarına" dəyər.
Deputat Əkrəm Əylisli
Əslində, Anara ən böyük zərbəni xidmət etdiyi, vəsf etdiyi hakimiyyət vurdu. Anarı deputat seçmədilər. Bu azmış kimi onu təhqir etdilər. Anarın adının qarşısına yüz səs yazmışdılar. Bu azmış kimi deputat mandatı bu dəfə başqa birdəfəlik şpirisə, Əkrəm Əylisliyə verildi. Anar üçün bundan ağır zərbə ola bilməzdi. Bu cəza deyildi, həm də zülm idi. Və günlərin bir günü parlamentə getməyə illərlə adət etmiş Anarın yolu parlamentə düşür. Onu içəriyə buraxmırlar. Qapıda dayanan şəxs altı jurnalistin gözü qarşısında çox möhtəşəm söz deyir: "Anar müəllim, bu dəfə Əkrəm Əylislini seçiblər". Bu, faciədir. Anardan yazmışkən, Əkrəm Əylisli 70 yaşında Prezident Administrasiyasından təbrik gəlmədiyi üçün şiddətlə göz yaşı tökmüşdü. Gözümüzün qarşısında özlərindən mif yaratmış adamların öz miflərinin qəniminə çevrilməsinin şahidi olduq.
Yaxşı padşahın nağılı
Guya nə vaxtsa Anar Rzayev kodlarla, sətiraltı fikirlərlə imperiyanın əleyhinə çıxıbdır. Hər adam hərbi xidmətindən qəhrəmanlıq nağılları danışır. Amma inanıb-inanmamaq haqqı dinləyənindir. İndi "Xəzər" kanalı, İctimai Televiziya "Təhminə" filmini nümayiş etdirəndə söyüşlər olan, öpüşmə səhnələrini qayçılayırlar. Və bir vaxtlar "imperiya əleyhinə çıxmış" Anar indi İsmayıl Ömərova söz deyə bilmir. Bəs, mən onun nağıllarına necə inanım, ay camaat?
Nəticə
Zaman çox qəddardır. Tortyeyən balaları, ədalı məmur-yazıçılar nə günlərə qaldılar, ilahi! Biz yazıb qonorar alırıq, onların səhərləri zəhərə dönür. Enerjiləri çatmaz yazılanlara cavab verməyə. Qaçqınların həyatından hekayə yazıb, hekayənin yazıldığı məkanı, Kislovodski şəhərini unutmamaq Elçinə baha başa gəldi. Adam qaçqın həyatından hekayə yazır, hekayənin altında isə "Kislovodski" yazır. Yəni mən bu hekayəni Kislovodskidə yazmışam. Nə böyük saxtakarlıq. Vaxt vardı, bu tortyeyən balaları hekayələrinin dərc olunması üçün onlara yaltaqlananlara, onların nazını çəkənlərə necə həqarətlə baxırdılar. Zaman dəyişdi. Ah, necə kef çəkməli əyyam var idi. İndi biz bu məmur-yazıçı tayfasına qan uddurmalıyıq. Bu il Rəsul Rzanın yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Şəxsən mən bu yazını yubiley münasibəti ilə yazdım. İndidən hər şeyi zəhərə çevirmək üçün yazdım. Ədalət bərpa olunmalıdır. Mikayıl Müşfiqin, Cavidin qanına əli bulaşmış bir adamın yubileyinə xoş sözlərlə start verilməməlidir. Dostlarımın da Rəsul Rza haqda növbəylə yazmalarını istərdim. Çox güman ki, xahişimi yerinə yetirərlər. Qəribə ölkədə yaşayırıq. Çox maraqlı ölkədir. Ata (Rəsul Rza) Cavidin Sibirə göndərilməsində canfəşanlıq edir, oğul (Anar Rzayev) Cavid haqqında çəkilmiş "Cavid ömrü" filminin ssenarisini yazır. Bu qədər.