Kitab oxumaq istəməyən adamlar üçün bəhanə həmişə var. Kitab-dəfətərdən uzaq düşən, ayda bir dəfə qəzet-jurnal üzü görməyən bəzi gənclərin dilindən tez-tez bu iradı eşitmək mümkündür: "Oxumağa yaxşı kitab yoxdur".
Yaxşı əsərlər isə həmişə yazılıb. Kitabxanalarda istər elmi, istərsə də bədii mövzuda yazılmış saysız-hesabsız əsərlər var. Bu kitabların çoxunun üstünü toz basıb. Çünki onlar gənclərin "maraq dairəsi"nə daxil deyil. Yaşlı və orta nəsil isə bu əsərləri uzun illər əvvəl oxuyub. Bu cür əsərlər müasir dövrdə də yazılır. Bəzən həftədə üç-dörd kitabın təqdimatı keçirilir. Məclisdə isə adətən eyni adamlar iştirak edirlər. İndi yazan da, oxuyan da kiçik bir qrupdur. Kənar adamlar isə ekranda görünmək üçün gəlirlər.
Bir müddət öncə tanınmış jurnalist Qafar Çaxmaqlının ermənilərin məkrli siyasətini ifşa edən "Dağlıq Qarabağ işğaldan əvvəl və sonra" adlı yeni kitabı işıq üzü görüb. Qafar müəllim bu kitabı yazmaq üçün uzun müddət Azərbaycan, rus, erməni və türk mənbələrini araşdırıb. Kitabda bu günə kimi geniş oxucu kütləsinə məlum olmayan 20-yə yaxın sənəd haqda məlumat verilir. Mənim ən çox diqqətimi cəlb edən isə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırovun 1945-ci il dekabr ayının 10-da Sov.İKP MK-nın birinci katibi İ.Stalinə yazdığı məktub oldu. Gəlin, həmin məktubun qısa məzmunu ilə tanış olaq, sonra söhbətimizə qaldığımız yerdən davam edərik. M.Bağırov yazırdı: "Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutyunov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə qarabağlı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur. 1928-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə Müsavat hökuməti dövründə mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general-qubernatorluq təşkil edilmişdir. Dağlıq Qarabağ Muxtar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və hazırda da bitişik deyildir".
M.Bağırov İ.Stalinə ünvanladığı məktubda daha sonra yazır: "Bununla belə biz Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə qatılmasına etiraz etmirik, lakin Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmasına baxmayaraq, hazırda da əsasən azərbaycanlıların yaşadığı Şuşa rayonunun Ermənistan SSR-yə verilməsinə razı deyilik.
Şuşa rayonu bina edildiyi gündən Qarabağın inzibati-siyasi və mədəni mərkəzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının öz müstəqilliyi uğrunda İran işğalçıları ilə apardığı mübarizədə əsas rol oynamışdır. Azərbaycan xalqının ən zəngin musiqi mədəniyyəti bu şəhərdə formalaşmışdır. İbrahim xan, Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət və mədəniyyət xadimlərinin adları bu şəhərlə bağlıdır.
Eyni zamanda, ÜİK(b)P MK-nin nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların yaşadığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Mədəni və iqtisadi cəhətdən son dərəcə geri qalan bu rayonların Azərbaycana verilməsi əhalinin maddi-məişət şəraitini və ona mədəni-siyasi xidmət işini yaxşılaşdırmağa imkan yaradardı.
ÜİK(b)P MK-dən yuxarıda göstərilənlərdən əlavə aşağıdakı məsələlərə baxılmasını xahiş edirik:
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-nin Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79 min nəfər olduğu halda, 9 min gürcü-inqiloyun yaşamasına baxmayaraq, biz bu məsələyə baxılmasına etiraz etmirik, lakin bu məsələ ilə bir zamanda, Gürcüstan SSR-nin, demək olar, yalnız azərbaycanlıların yaşadığı və bilavasitə Azərbaycan SSR-yə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Və nəhayət biz, Dağıstan SSR-nin keçmişdə Azərbaycanın bir hissəsi kimi Bakı quberniyasının tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-yə bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR-nin tərkibinə qatılması məsələsini nəzərdən keçirmənizi xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin doqquz ayını Azərbaycan ərazisində keçirir.
Qaldırılmış bütün məsələlər üzrə təkliflərin hazırlanması üçün tərkibinə marağı olan hər bir respublikadan nümayəndələr daxil edilməklə ÜİK (B)P MK komissiyasının yaradılmasını məqsədəuyğun hesab edirik".
...Təqdimat mərasimi Atatürk Mərkəzində keçirilirdi. Tədbirdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, elm adamları və jurnalistlərlə yanaşı, bir qrup tələbə də iştirak edirdi. Təşkilatçılar əvvəlcədən masanın üstünə çoxlu sayda kitab düzmüşdülər. Tədbir başa çatandan sonra qonaqların hərəsi bir ədəd kitab götürüb, salonu tərk etdi. Tələbələrin qarşısına düzülmüş kitablar isə masanın üzərində qalmışdı. Hətta 10-a yaxın natiq də onlarda Azərbaycan tarixinin bu ziddiyyətli dövrünə maraq oyada bilməmişdi...
Məşhur filmdəki sual ortaya çıxır: kimdir günahkar? Məncə, əsl həqiqət bu sualın arxasında gizlənib.