"Şənbə Sevil Nuriyeva ilə" verilişində "qabardılan teatr problemləri" ATV-də yenidən müzakirə mövzusuna çevrildi. ANS-in efirində arzularını tamamlaya bilməyən xalq artisti Amaliya Pənahova ATV-yə gəlib "El içində" verilişinə çıxdı. Mövzu eyni olsada dəyişən bir şey idi-qonaqlar. Rejissor Vidadi Əsədov, Cənnət Səlimova, Elvin Mirzəyev və aktirisa Mehriban Xanlarova. Hamı danışdı, biri özünə yer etmək, biri də özünü gözə soxmağa çalışdı. Təbii ki, bunlar sadəcə sözdəydi.
Hər iki verilişdən bir nəticə çıxdı - "Ata yurdu"na qayıdış. Xanım Pənahova nəyin bahasına olursa-olsun bir vaxtlar cövlan etdiyi Akademik Milli Dram Teatrına qayıtmaq arzusundadır. Amma bu dəfə aktirsa yox, direktor kimi. Bu iddiada o, tək deyil, rəqib var-xalq artisti Fuad Poladov. Hər ikisi "savaşır". Aktirisa xanım açıq şəkildə, F.Poladov isə sakitcə. Adı çəkilən sənətkarların hər ikisi sözügedən məkandan vaxtiylə küsüb-incidiyi üçün teatrı tərk edib. Biri mərhum sənətkar Həsənağa Turabov hakimiyyətini qəbul etmədiyi, digəri isə həmin vəzifəyə təyin edilmədiyi üçün çörək yediyi səhnəyə arxa çevirərək getdi.
Veriliş boyu Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadovun səriştəsiz rəhbərliyini isbat etməyə çalışan xanım özündən asılı olmayaraq, teatr haqqında qəbul olunan qanunun əksinə yeridi: "Teatrı bir şəxs idarə etməlidi, baş rejissor və direktor eyni adam olmalıdı",- dedi. Sən bir iddiaya bax. Burda deyiblər, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Qadın hikkəsini illərdir ürəyində gəzdirən xanım Pənahova üzünü Mehriban Xanlarovaya tutaraq "O vaxt mənim ünvanıma cürbəcür sözlər danışırdınız. Deyirdiniz ki, Amaliya xanım imkan vermir ki, bizə rol versinlər. Getdim, filmlərdə çəkildim. Amma yenə qayıtdım. Nəyə görə? Çünki baş rollarda oynayan aktirsa yox idi. Yenə baş rollarda oynadım. Sizə kim mane olurdu? İndi də deyirsiniz filakəs icazə vermir. Əsas odur ki, bacarığın, istedadın olsun, varsa irəli gedəcəksən". Bu sözlərlə o, Akademik teatrın bütün xanım aktirisalarının-Məleykə Əsədova, Bəsti Cəfərova, Zemfira Nərimanova, Firəngiz Mütəllimova, Zərnigar Atakişiyeva, Kübra Dadaşova, Səfurə İbrahimova, Şəfiqə Məmmmədova sənətinə gölgə saldı.
Həmin vaxt bu adları çəkilən aktirsaların gözü ekrana dikildi. Hamı düşündü ki, xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumu teatrın xanım aktirisalarının ünvanına vurulan "təpiyə təpiklə" cavab verəcək. Gözlənilməz bir an. Futbol dünyasında buna 11 metrlik məsafədən qol deyərlər. Onu qapıdan keçirmək üçün yüngül bir təpik lazım idi. Təəssüf ki, xanım Xanlarvanın vurduğu qol qapı dirəyinə dəyib onun özünə qayıtdı. Məsəl var, dəmiri isti-isti döyərlər. Mehriban xanım neylədi? Susdu, xanım Pənahovanın qarşısından geri çəkildi. Bir il bundan əvvəl eyni məkanda, eyni verilişdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevlə üz-üzə oturub ona "meydan oxuyan" bu xanım, Pənahovanın ittihamları qarşısında nədənsə aciz qaldı. Niyə? Amaliya xanımın səsi gurdu, yoxsa hazırda rəhbərlik etdiyi Bələdiyyə Teatrında çox işlər görüb? Xanım Xanlarova! 6 aydan yuxarıdır ki, səsi-sədası az qala dünyaya yayılan böyük bir kollektivin ümidi həmin anda sizdəydi. Danışa, Amaliya xanıma cavab verə bilməyəcəkdinizsə niyə çıxırdınız efirə? Gəlin, biz bunu xanım Xanlarovanın öz insafına buraxaq. İstəyər danışar, istəyər susar.
Azərbaycan teatr sənətinə Amaliya Pənahova adı necə və hansı həriflərlə yazıldı?
Cavabı çox asan... Səhnədə gözəl, bir-birindən yadda qalan obrazlar yaratdı. Təbii ki, söhbət Akademik Teatrda işləyən vaxtlardan gedir. Amma etiraf edək ki, Siz bunu öz hünərinizə etmədiniz. İstedadınızla yanışı sizi Amaliya Pənahova edənlər də az deyildi. Mərhum dramaturq İlyas Əfəndiyevin həmin bu qalmaqallı teatrın səhnə arxasında çaldığı bütün havalara qol qaldırıb oynayan kim idi? O zaman teatrın "dirijor çubuğu" kimin əlində idi? İlyas Əfəndiyevin. Teatrı məhz o, idarə edirdi. O, sizi baş qəhrəman görürdü, sizin üçün əsərlər yazırdı. Sizin üçün yazılan rola kimin hünəri nə idi sahib çıxsın? O qədər istedadı olanlar var, adamları olmadığından bilinmir ki, harda ölüb, harda itib.
Bu qədər irəliləməyin, tanınmağın, sevilməyin, şöhrətin qarşılığı necə oldu? Yaxud sizi xanım Pənahova edənlərin mükafatı nə oldu? Sadəcə və sadəcə teatr sənətini qadın hikkəsinə qurban verib getmək. Vəsallam... Görəndə ki "Amaliya, sən bu teatrı kimin ümidinə qoyub gedirsən, qayıt",- deyən yoxdur, məcbur olub Bələdiyyə adında teatr yaratdınız. Bəs orda neylədiniz? Guya bu teatrda "xarüqələr" yaratdınız? Hanı o "xarüqələr"? Niyə səsi gəlmir? Akademik Milli Dram Teatrının səhnəsində olan istedadınızı orada niyə davam etdirib gözə soxmadınız? Necə teatr yaratdınız ki, Bakı Şəhər İcra Hakimiyyəti sizə məskən salmaq üçün yer vermir? Bəlkə deyəsiniz, bu kimin problemidi? Kreslosuna göz dikdiyiniz Maqbet Bünyadovun, yoxsa savadsızlıqda ittiham etdiyiniz Akademik teatrın xanım aktirisalarının?
Amaliya Pənahova teatrının səsi-sorağı xarici ölkə teatrlarının səhnələrindən gəlməliydi. Bunun üçün sadəcə yaratdığınz teatra maliyyə qoymaq lazım idi. Siz də xəsislik edib əlinizi cibinizə salmaq istəmədiniz. "Nəyimə lazımdır, başqası necə məndə elə" prinsipini işə saldınız. Axı, siz başqası deyildiniz. Siz nə Mübariz Həmidov, nə Maqbet Bünyadov, nə də Əliqismət Lalayevsiniz. Deyirsiniz ki, "Akademik Teatrın direktor problemi var. Mərahim Fərzəlibəyovun əli-qolu bağlıdı, Maqbet Bünyadov ona imkan vermir". Məqsədim cənab Bünyadovu müdafiə etmək deyil, əsla, amma haqq-ədalət var. Hanı Mərahim Fərzəlibəyovun son 5 ildə səhnəyə qoyduğu "şedevr" əsəri? Yanılırsınız, xanım Pənahova, rejissorun başı yaşayış imkanlarının genişləndirmək üçün çabalamağa qarışıb. Teatr heç kəsin yadına düşmür. Birdə ki, quyuya su tökməklə deyil, su gərək quyunun özündə olsun. Rejissorun beyinində fantaziyalar yoxdursa, ona tamaşaçı, yaxud aktyor neyləsin? Baş rejissor tutduğu vəzifəsinin öhdəsindən gələ bilmirsə, direktorun qarşısında əzilib-büzülürsə ona Maqbet Bünyadov günahkardı?
Başqasını suçlayan xanım, unutmayın ki, siz də öz məkanınızda meydan sulayır, "qapını çöldən ört" deyə bir çoxlarına qapı göstərmisiniz. Deyirsiniz ki, "bizə Türkiyədə qal dedilər". Qal dedilərsə niyə qalmadınız? Ən azı istedadsızlıqda itiham etdiyiniz xanım həmkarlırınızı görməyəcəkdiniz, güzəranından şikayət edən kollektivinizin ağır günlərinə son qoymuş olardınız. "Bələdiyyə teatrı tarixi mövzular səhnələşdirib",- deyən xanım bu tamaşalarla hara getmisiniz? Neçə ölkədə olmusunuz? Sonra da çıxıb deyirsiniz ki "məndən yoxdur, mən belə rəhbərəm".
Hə lap yadımdan çıxmışdı, arada millət vəkili də oldunuz. Neylədiniz? Hansı aktyor və aktirsanın sözünü deyib, pozulmuş hüququnu bərpa etdiniz? Kimə əl tutub, kimi qabağa çəkdiniz? İstedadlı bir aktyora İlyas Əfəndiyev kimi "dayılıq" edib irəli çəkdinizmi? Etmədiniz, həmin vaxtlar sanki göylərdə uçurdunuz bir qanadınız yox idi, qəbulunuza belə düşmək olmurdu. Bəlkə, həmin verilişdə bundan söz açaydınız. Əgər sizin Akademik Milli Dram Teatrı ilə görüləsi haqq-hesabınız yoxdursa, o məkanın adını niyə dilinizə gətirdiniz?
Sonda da utanmadan üzünüzü ictimaiyyətə tutub deyirsiniz: "Ay camaat, bizə necə teatr lazımdır?"
Bu sualın bir cavabı vardı-onu da akademik Ramiz Mehdiyev verdi - "Azərbaycanda elə tamaşa göstərin ki, ictimaiyyətin diqqət mərkəzində olsun".