Sabiq daxili işlər naziri İsgəndər Həmidov "Azadlıq" radiosuna verdiyi müsahibəsində 20 Yanvar hadisələrindən danışarkən belə deyib: "SSRİ daxili işlər naziri Vadim Bakatin əlini mənə uzatdı. Dedim ki, əlini çək. Sənin əlin bizim millətin qanına bulaşıb. Partbiletimi onun ağzına soxdum. Bir anda silahlar mənə tuşlandı..."
Ağlı başında olan heç kim İsgəndər bəyin danışdığı bu nağıla inanmır. Çünki bizlər, yəni onun müasirləri İ.Həmidovu çox yaxşı tanıyırıq. Sabiq nazirin AXC-Müsavat hakimiyyətinin süqutundan sonra Milli Məclisdə etdiyi çıxış indiki kimi yadımdadır. Çiyinlərində general ulduzları gəzdirən bu adamın qorxudan dili tutulmuşdu. Bu həmin vaxt idi ki, demokratik hökumətin İ.Həmidovdan xeyli gənc olan əksər nümayəndələri artıq ortaya prinsipial mövqe qoymuşdular. Amma sadə insanları Bakıya bir maşın erməni başı gətirəcəyinə inandıran polis generalı analoji qaydada davrana bilmədi. Sadəcə, buna cəsarəti çatmadı.
İ.Həmidovun hansı "cəsarətin" sahibi olduğunu sübut edən başqa arqumentlər də var. Əgər xatırlayırsınızsa, həbsxanadan çıxdıqdan bir müddət sonra polislər hüzr məclisində onu həbs etdilər. SSRİ daxili işlər naziri V.Bakatinin ağzına partbilet soxduğunu iddia edən adam, nədənsə, 200 nəfərin gözünün qabağında qoluna qandal vuran çavuşun üzünə ağ ola bilmədi...
İ.Həmidov məhbəsdə olanda onu müdafiə edən bir neçə yazı yazdım. Yox, onun qəhrəman obrazını yaratmaq fikrindən xeyli uzaqdım. Tərəfsiz bir jurnalist olaraq, digər siyasi məhbuslar kimi İ.Həmidovun da hüquqlarını qorumağı özümə borc bilirdim. Amma İsgədər bəy məhbəsdən çıxandan sonra təkcə məni deyil, vaxtilə onu müdafiə edən demokratik fikirli jurnalistlərin hamısını xəyal qırıqlığına uğratdı. O, heç vaxt dediyi sözün ağası olmadı. Novxanıda böyük öndər Məmməd Əmin Rəsulzadənin abidəsi önündə verdiyi bəyanatı üç gün sonra dandı. ATV-dəki məşhur çıxışı isə onun siyasi karyerasına son qoydu. Yaxşı ki, bu hadisədən bir müddət sonra mədəni şəkildə meydanı tərk etdi. Əgər İsgəndər bəy 20 Yanvar hadisələrilə bağlı məlum açıqlamaları verməsəydi, onun haqda bu sətirləri yazmazdım. 20 Yanvar şəhidlərinin qanı bahasına tarixdə qalmağı heç kimə bağışlamaq olmaz.
Əslində, günah təkcə İ.Həmidovda deyil. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımızın sovet qoşunları tərəfindən qətlə yetirilməsindən 20 il keçməsinə baxmayaraq, hələ də bu hadisəyə hüquqi qiymət verilməyib. Yəqin buna görədir ki, indiyə kimi bu qanlı olayın Azərbaycan tarixindəki yerini və rolunu müəyyənləşdirmək mümkün olmayıb. Təəssüf ki, 20 Yanvar hadisələrinə hələ də müxtəlif kontekstlərdən yanaşanlar var. Habil Əliyevin dizinin üstündəki kamanın hər il yanvar ayının 20-də insan şüurunun alt qatına işləyən qəmli sədası bu tarixi hadisənin ətrafında yaranmış pessimist ovqatı bir qədər də qüvvətləndirib. Bu isə hadisələrin mərkəzində olduqlarını iddia etdikləri halda, burunları belə qanamayan İ.Həmidov kimi adamların özlərini qəhrəman kimi təqdim etməsinə imkan yaradıb.
20 Yanvar milli qürur günümüzdür. Bu tarix bir gün azad olmağı 40 il qul kimi yaşamaqdan üstün tutan vətən övladlarının qanı ilə yazılıb. Onların arasında isə İ.Həmidov yoxdur.