Cənab səfir, Sizi səmimi qəlbdən təbrik edirəm! Şəhərin mərkəzində, metronun "Nizami" stansiyasının yaxınlığında iki mərtəbəli "Rus kitab evi" açılıb və fəaliyyət göstərməkdədir. Həmin kitab evində üç nüfuzlu nəşriyyatın kitabları satılır. Tibbə, texniki sahələrə aid nəfis, keyfiyyətli kitablar... Xəritələr, açıqcalar, uşaq ensiklopediyaları... Tarixə aid kitablar... Antik ədəbiyyatdan tutmuş, Viktor Pelevinə qədər əsərlər... Qiymətlər çox ucuzdu. Mən satıcılardan bunun səbəbini soruşdum. Çünki Rusiyadakı qiymətlərdən xəbərim var. Məsələn, Andrey Platonovun qalın üzlü kitabı (içində "Can" və "Çevenqur" romanları var) cəmisi üç manat səksən qəpiyə satılır. Toyemin kitabı (içində "Teatr", "Ay və qara şahı" romanı var) altı manatadır. Bu, fantastik dərəcədə ucuz qiymətdir. Daha bir misal. Əli Əkbər Əliyev öz oğlu üçün üç ədəd şəkilli, nəfis uşaq ensiklopediyası aldı. Üç ensiklopediya cəmi otuz manata başa gəldi. Halbuki şəhərin digər kitab mağazalarında bu cür ensiklopediyaların biri 25-30 manata satılır. Qiymətlərin belə ucuz olması bizi çox maraqlandırdı. Yuxarıda yazdığım kimi, səbəbini satıcılardan soruşduq. Dedilər ki, bu bir dövlət proqramıdır.
Cənab səfir! Yəqin ki, Sizə açıq məktub yazmağımın səbəbi bəlli oldu. Şəhərin mərkəzi... İki mərtəbəli "Rus kitab evi"... Ucuz qiymətlər... Məncə, məsələ aydındır. Kitab mağazası sonuncu müştəri mağazasını tərk edənə qədər işləyir. Çox zəngin mağazadır. Üstəlik, sifarişlər qəbul olunur.
Cənab səfir! Şəxsən mən və dostlarım mütəmadi olaraq, Türkiyə dövlətinin Azərbaycana yönəlik siyasətini dəfələrlə tənqid etmişik. Ölkənin siyasi həyatına, seçki hoqqabazlığına, siyasi, məhbuslar məsələsinə, jurnalist həbslərinə öz münasibətinizi bildirməməyi hardasa başa düşmək olar. Biz artıq buna alışmışıq. Reallıq kimi qəbul edirik. Bəs, sizin mədəni fəaliyyətiniz, mədəniyyətlə bağlı proqnozlarınız hardadır? Bakı boyda bir şəhərdə, səksən milyonluq bir ölkə doğurdanmı kitab mağazası açmaq qüdrətində deyil? Bildirmək istəyirəm ki, xəyali olaraq "Türk kitab evi" adlandıracağımız kitab evinə böyük ehtiyac var. Rus dilini bilməyənlər dünya ədəbiyyatını türk dilində oxumaq istəyirlər. Kitab, kitabların satıldığı mağaza yoxdur. Əlac yalnız Türkiyəyə gedib-gələnlərə sifariş verməyə qalıb. Oralara gedənlər də belə sifarişlərə çox laqeyd münasibət göstərirlər. Bir ara "Nil" mağazalar şəbəkələrində türk dilində kitablar satılırdı. Amma həmin mağazalarda satılan kitabların çoxu dini kitablar idi. Məsələn, Səid Nursinin risalələri... Həkimoğlu İsmayılın "Mənan cinləri", "Minayəli Abdullah" əsərləri... "Nil" mağazalarında türk dilinə çevrilmiş dünya ədəbiyyatı nümunələrinə rast gəlmək çətin məsələdir.
Cənab səfir! Türkiyə səfirliyinin mədəni fəaliyyəti bərbad vəziyyətdədir. Halbuki "Rus kitab evi" kimi bir kitab mağazasını siz açmalı idiniz. Özü də 10 il əvvəl. Siz deyəndə, konkret olaraq sizi yox, səfirliyi nəzərdə tuturam. Həmin mağazada türk dilində kitablar öz maya dəyərindən ucuz satılmalı idi. Bəyəm, Türkiyə boyda bir ölkə üçün bir kitab mağazası açmaq çətin məsələdir? Bəlkə sizə icazə vermirlər? Mən Azərbaycanda Türkiyə səfirliyinin mövcud olmasını yalnız sizin qalaya çevirdiyiniz səfirlik binasının yanından keçəndə hiss edirəm. Yaxşı, tutaq ki, mövcud siyasi vəziyyət Bakıda "Rus kitab evi" açmaq üçün bütün şərtləri diqtə edir. Siz bəlkə də kitab mağazası istəyirsiz, amma şəhərin mərkəzində yer tapmırsız. Tutaq ki, bu belədir. Bəs, 10-15 gənc yazarı Türkiyəyə aparmaq, orda görüşlər təşkil etmək, nəşriyyatlarda gəzdirmək olmazdı? Yaxud bir tanınmış türk yazarını Bakıya gətirib ustad məşğələləri keçirmək, görüşlər təşkil etmək çətin məsələdir sizin üçün? Buna yəqin ki, heç kim mane ola bilməz.
Cənab səfir! Əgər sizin fəaliyyətiniz ildə bir dəfə redaktorlarla görüş keçirib, onlara türk paxlavası ərmağan etməkdən ibarətdirsə, o zaman sizə öz fəaliyyətinizdə uğurlar arzulayıram. Bir az hörmətli Fəti Gədikli fəaliyyət göstərirdi. Bir az Fəti bəyin sayəsində mədəni əlaqələr qurulmuşdu. Fəti bəy Türkiyəyə qayıtdıqdan sonra səfirliyin mədəni fəaliyyətinin nəfəsi kəsildi.
Cənab səfir! Bilin və agah olun ki, Türkiyə dedikdə mənim gözlərim önündə dönərxanalar, dönərçilər canlanır. Çox təəssüf ki, iyirmi il ərzində Türkiyədən Azərbaycana dönərdən, tantunidən, İsgəndər kababından savayı bir şey gəlmədi. Mən hələ gələnlərdən ən yaxşısının adlarını sadaladım.
Rusiya səfirinə təşəkkür məktubu
Cənab səfir! Şəhərin mərkəzində, metronun "Nizami" stansiyasının yaxınlığında iki mərtəbəli "Rus kitab evi" açdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Həmin mağazada kitabların çox ucuz qiymətə satılması mağazanın qısa müddətdə uğur qazanmasında böyük rol oynayıb. "Rus kitab evi"nin açılması ölkənin mədəni həyatında önəmli hadisədir. Mağazaya güclü kitabsevərlər axını var. Siz iyirmi ildə böyük dözüm və səbr nümayiş etdirdiniz. Və sonda "Rus kitab evi"ni açmaqla öz sözünüzü dediniz ki, rus xalqı, Rusiya dövləti öz maarifçilik ənənəsinə sadiqdir. Bu ənənə bu gün də davam edir. Bir vaxtlar Şərqin Lenini adlandırılan Nəriman Nərimanov deyirdi: "Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır". Bizim əksər işıqlı şəxsiyyətlərimiz ya Rusiyada, ya da rus dilində təhsil alıblar. Məsələn, böyük maarifçi Mirzə Cəlil "Qurbanəli bəy" hekayəsində yazır: "Allah sənə rəhmət eləsin, Qoqol". Təsadüfi deyil ki, günü bu gün dünya ədəbiyyatının bəzi nümunələri orjinaldan deyil, rus dilindən Azərbaycan dilinə çevrilməkdədir.
Cənab səfir! "Rus kitab evi"nin açılması münasibəti ilə sizə bir daha öz təşəkkürümü bildirirəm. Kitab mağazası açdınız. Eyni şərtlərlə bir rus restoranı, geyim malları mağazası açın, məsələ tamam bitsin.