Astroloq deyir ki, dövlət orqanları jadugərlərə qarşı mübarizəyə başlamalıdır"Ölkəmizdə baş verən bütün neqativliklərin kökündə qara magiya durur". Bu fikirləri Müstəqil İnformasiya Agentliyinə astroloq Səbuhi Rəhimli söyləyib. Onun dediyinə görə, insanlarımızın sifətində nurun qalmaması, ailə üzvləri arasında müntəzəm münaqişələr, boşanmalar, intihar və cinayətlər məhz bu səbəbdəndir. Astroloq bildirib ki, ölkəmizdə, xüsusən də Bakıda meydan sulayan falçı və cadugərlərə qarşı nəinki mübarizə aparılmır, hətta onlara komfort şərait yaradılır: "Bu qorxulu və təhlükəli sahə demək olar ki, tamamilə nəzarətsiz qalıb. Hər tində, hər binada görücülük adı ilə insanların pulunu soyan və ümidsizləşdirən bir fırıldaqçı, bir şarlatan var. Amma dövlət qurumları, ələlxüsus da vergi orqanları onları cinayətə cəlb etmək əvəzinə susurlar. Belə olan halda isə ortaya haqlı şübhələr çıxır".
S.Rəhimlinin sözlərinə görə, elə falçılar var ki, qəbulu 100 dollardan başlayır. Gündə 7-8 adamı qəbul etməklə onların hansı durumda olmaları, rəsmi dairələrdən "xəbərsiz" ciddi məbləğdə gəlir əldə etmələri hamıya bəllidir. Astroloq daha sonra deyib: "Onların populyarlaşmasında, daha çox müştəri qazanmasında mətbuatın da ciddi rolu var. Bəzi qeyri-ciddi jurnallar belə falçılardan müəyyən məbləğdə pul alıb onların reklamını, müsahibə və digər cəfəng fikirlərini dərc edirlər. Hamıya bəlli olduğu kimi, qalmaqal formatlı bəzi verilişlər də belə şarlatanları efirə buraxıb, onlar haqqında ciddi imic formalaşdırmağa çalışırlar".
Sonda S.Rəhimli bu "ideoloji zəhər"ə qarşı sıravi insanların mübarizə aparmasının səmərəsiz olacağını bildirərək, "Bu neqativliyin qarşısını yalnız dövlət orqanları ala bilər, ona görə də əlaqədar orqanlar mübarizəyə başlamalı və Azərbaycanı şarlatanların əsarətindən xilas etməlidir",- deyib.