İlin-günün hansı vədəsi olduğunu dəqiq xatırlamıram. Amma bilirəm ki, əvvəllər bu mövzuda bir dəfə də yazmışam. İndi haqq dünyasında olan dostumuz Elçinin yadigarı olan gənc Səlcuqun imzasını qəzet səhifələrində görəndə həmin mənzərə yenidən gözlərimin qabağında canlandı.
Zabratdakı köhnə qəbiristanlıqda qara mərmərdən hazırlanmış əzəmətli bir məzar daşı var. Baş daşına mərhumun rəsmi ilə yanaşı, bir parça ağ kağız və qələm şəkli də həkk olunub. Bu günlərdə öyrənmişəm ki, həmin məzarda uyuyan şəxs Sovet dövrünün ən məşhur jurnalistlərindən biri olub. Övladları atalarının ruhunu şad etmək üçün onun baş daşına jurnalistikanın rəmzi olan kağız və qələm şəkli həkk ediblər. İlk dəfə bu mənzərə ilə qarşılaşanda öz-özümə demişdim: "Taleyin işinə bax, jurnalist dünyadan köçəndə qələm-dəftərini də özü ilə aparır". Amma "Azadlıq"da gənc Səlcuqun imzasını görəndə bu qənaətimdə yanıldığımı başa düşdüm. İndi jurnalist qələm-kağızını övladlarına miras qoyub dünyadan köçür.
Mərhum Rəsul Rza Anarın ilk qələm təcrübəsi ilə tanış olandan sonra belə deyib: "Sən də yazıçı oldun". Bu həmin vaxt idi ki, Rəsul müəllimin şöhrəti Azərbaycanın hüdudlarını aşmışdı. Yazmaq ona təkcə şan-şöhrət deyil, həm də mal-mülk, var-dövlət qazandırmışdı. Bir çox müasirlərindən fərqli olaraq, Rəsul Rza məişət problemlərini çoxdan həll etmişdi. Buna baxmayaraq, şair yeganə oğlunun yazı-pozu adamı olmasını istəmirdi. Görünür, otuzuncu illərin repressiyalarını öz gözlərilə görən Rəsul müəllim Anarın da eyni iztirabları yaşayacağından qorxurmuş. Amma təxminən yarım əsr davam edən yaradıcılığı dövründə tale heç vaxt Anardan üz döndərmədi. O, Sovet yazıçısı üçün nəzərdə tutulan bütün imtiyazlara sahib oldu, çox az adama nəsib olan titulları bir-birinin ardınca əldə etməyi bacardı. Bəzən mənə elə gəlir ki, Rəsul Rza Anarın gələcək həyatını gözləri önündə canlandıra bilsəyidi, onun yazı-pozu adamı olmasına görə heç vaxt təəssüf hissi keçirməzdi. Axı, Anar yazıçı olmaqla uzun illərdən bəri təkcə özünü deyil, həm də valideynlərini gündəmdə saxlamağı bacarır.
Həmkarı və həmyaşıdı Əkrəm Əylislidən fərqli olaraq, Anar heç vaxt məişət problemlərilə üzləşməyib. Dünyaya gəlməmişdən əvvəl valideynləri onu bu qayğıdan azad ediblər. Dostumuz Elçindən isə Səlcuqa yalnız təmiz ad qalıb. Səlcuq bu adın işığında yola çıxıb...
Elçin Səlcuq dostları ilə eyni taleyi yaşayırdı. Bu tale neçə illərdi ki, azad sözün təəssübünü çəkən insanlardan üz döndərib. Azərbaycanda jurnalistika bütün namuslu qələm sahiblərinə kədər və iztirab bəxş edib. Yəqin Səlcuq da bilir ki, bu ölkədə həqiqəti çəkinmədən zamanın üzünə çırpan insanların səsi məhbəsdən gəlir. Səlcuq onu da bilir ki, heç kimin fələyin kələyindən baş açmadığı bu ölkədə azərbaycanlı jurnalistlər ağır və məşəqqətli həyat yaşamağa məhkumdurlar. Səlcuq bunları bilə-bilə yola çıxıb. Səlcuq Elçinin adını yaşatmaq üçün hələ bərkiməmiş çiyinlərini özü boyda ağır bir yükün altına verib. Bizə isə ancaq ona dözüm və dəyanət arzulamaq qalır.
Yolun açıq olsun, Səlcuq!