Füzulidəki "N" saylı hərbi hissənin komandiri arxa sırada dayanmış çəlimsiz əsgəri göstərib, belə dedi: "Siz bunun balacalığına baxmayın. Ermənilər mövqelərimizi atəşə tutanda bir dəfə də gözlərini qırpmır. Əmr etsəm, təkbaşına Xankəndinə gedər".
Bu sözləri eşidən əsgər sifətinə məmnunluq ifadəsi verməyə çalışsa da, gözlərinin dərinliyindəki kədəri gizlədə bilmədi. Şaxtadan yanmış sifəti azca allansa da, ciddiyyətini qorumağı bacardı. Təxminən özü boyda olan avtomatını sinəsinə sıxıb, əmrə müntəzir dayandı. Əynindəki nimdaş forması, ayaqlarındakı cırıq çəkmələri onu əsgər yoldaşlarından xeyli fərqləndirirdi. Bir dəri, bir sümük olan bu oğlan çiynindəki "veşmeşok"un ağırlığı altında müvazinətini güclə saxlamışdı. Hətta xəfif bir külək də onu sanki yıxmağa qadir idi. Həmin vaxt beynimdən keçən ilk fikir bu oldu: yəqin ki, bu çəlimsiz oğlan hansısa yoxsul bir ailənin övladıdır. Yoxsa, heç olmasa, üç-beş aydan bir yanına gələr, rəngi çoxdan bozarmış çəkmələrini təzələyərdilər. Nə qədər çalışsam da, bu şübhələri özümdən uzaqlaşdıra bilmədim. Jurnalist marağı güc gəldiyi üçün ondan valideynlərinin hansı peşənin sahibi olduğunu soruşdum. İlk baxışda dilsiz-ağızsız adam təsiri bağışlayan bu arıq, balaca oğlan mənə Vaqif Səmədoğlunun ssenarisi əsasında çəkilmiş məşhur filmin sərxoş qəhrəmanının sözləri ilə cavab verdi: "Detdom uşaqlarının atası olmur".
Sadəlövhlüyümə özüm də güldüm. Guya ki, erməni mövqeləri ilə cəmi yüz addım arası olan bu səngərlərdə Səfər Əbiyevin oğlu dayanmalıymış... Dəfələrlə Ağdamın, Füzulinin, Tərtərin, Tovuzun cəbhə xəttində yerləşən hərbi hissələrində olsam da, əsgərlər arasında bircə məmur oğluna da rast gəlməmişəm. Valideyn himayəsindən məhrum olan, taleyinə yoxsulluq, kasıblıq yazılan gənclərin hamısı cəbhə xətti boyunca səpələniblər. Vətənin bir cüt təzə çəkməni qıymadığı əsgərlər öz cavan canlarını vətənə qıymaq üçün növbəyə düzülüblər...
Yəqin ki, diqqətli oxucularımız Vüsalı xatırlayırlar. Artıq üçüncü dəfədi ki, onun haqqında yazıram. Taleyin bircə dəfə belə üzünə gülmədiyi Vüsal Azərbaycanın üzünü güldürmək üçün əsgər formasını geyinib. Vüsaldan təzə xəbər var. Vüsal yenə xəstələnib. Böyrəkləri ağrıdığı üçün onu hospitala yerləşdiriblər. İndi qohumları borc-xərc edib, onu həyata qaytarmağa çalışırlar. Həkimlər xəstəyə maraqlı diaqnoz qoyublar: şaxta oğlanın iliyinə qədər işləyib.
Yanına gedib-gələn qohumları Vüsalın soyuqlamasının səbəbini belə izah edirlər: uşağın çəkmələri cırıq olub. Sən demə, o, ayaqları nəm çəkdiyi üçün xəstələnib. Hərbi hissənin yekəboyun komandiri əsgəri hospitala göndərməklə vəzifə borcundan çıxdığını deyib. Yəqin ki, zavallı əsgəri cırıq çəkmə ilə qarlı dağlara göndərdiyi üçün heç kim onun yaxasından yapışıb, haqq-hesab çəkməyəcək. Bunun üçün heç olmasa, bircə dəfə cəbhə bölgəsinə getmək, təmas xəttində yerləşən hərbi hissələrə baş çəkmək lazımdır. Amma Səfər Əbiyev və onun "şanlı" generaliteti Biləcəridən o tərəfə keçmədikləri üçün Vüsalın cırıq çəkmələrini görmək heç vaxt onlara qismət olmayacaq...