Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



ARAŞDIRMALAR : Havaya sovrulan milyonlar

  Sayta qoyulub: 19:01 17.12.2009 (1219 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Tenderlər büdcə vəsaitlərinin mənimsənilmə mənbəyinə çevrilib

Azərbaycanda «İnvestisiya» adı altında maliyyələşən layihələr əsasən infrastrukturu əhatə edir. Onlar cəmiyyət üçün tam qapalıdır. Ən azından ayrı-ayrı layihələr üzrə xərclər, müxtəlif sferalar üzrə investisiya xərclərinin strukturu (həmin xərclərdə əmək haqqının, mal-materilların, ayrı-ayrı xidmətlərin xüsusi çəkisi) tam gizli saxlanılır. Məsələ burasındadır ki, parlamentin dövlət büdcəsinə nəzarət etmək, onu təsdiq etmək hüququ konstitusiya ilə təsdiq olunsa da, o, faktiki olaraq vəsaitlərin istifadəsinə effektiv nəzarəti həyata keçirə bilmir. Parlament hökumətdən faktiki olaraq hansı sənədləri alırsa, o sənədlərin nöqtə, vergülünə toxunmadan, bir çox hallarda isə həmin sənədlərin üzünü belə açmadan təsdiqləyir. Layihələr isə əvvəlki illərdəkindən çox az hallarda fərqlənir. Bu onu göstərir ki, hökumət faktiki olaraq layihələrin hazırlanması, onun ekspertizası, qiymətləndirilməsi kimi vacib olan komponentlərə əməl etmir. Son vaxtlar həyata keçirilən iri infrastruktur layihələrin isə həm miqyası, həm də dəyəri sürətlə artır. Maraqlıdır ki, layihələrin əksəriyyəti əsasən eyni şirkətlər tərəfindən həyata keçirir. Deməli, tenderlərin necə keçirilməsi sual doğurur. Tenderdə qalib olan şirkətlər isə «Dövlət satınalmaları haqqında» Qanundakı boşluqdan yararlanıraraq gizli maliyyə sxemləri qurur və xarici şirkətləri cəlb etməklə maliyyə maxinasiyaları aparırlar. Unutmayaq ki, bu Qanun Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir(Maddə 1). Ona görə də, tenderlə bağlı saxtakarlıqlar dövlətin maraqlarına təsir edir. Görünür, cənab prezidentin narahatçılığı da bununla bağlı olub. Bəzi nazirlik, dövlət idarə və təşkilatları tərəfindən yol verilən israfçılıqdan narahatlığını gizlətməyən Dövlət Başçısı ölkəmizin artan gəlirlərinin xərclənməsi üzərində nəzarətin gücləndirilməsini vacib sayır. Onun sözlərinə görə, müxtəlif dövlət qurumları, nazirliklər tərəfindən hökumətə, Maliyyə Nazirliyinə sifarişlər göndərilir. Bəzi hallarda bu sifarişlər şişirdilir. Bütün sifarişlər isə reallığı və real imkanları əks etdirməlidir. Deməli, külli miqdarda dövlət vəsaitləri kimlərinsə cibinə gedir və onlar dövlət büdcəsindən infrastrukturlara ayrılan vəsaitlərinin bir hissəsini özüngüləşdirirlər.

Normal nəqliyyat proqramı ortaya qoyulmayıb

Bu gün Azərbaycanda çox təəssüf olsun ki, Qazaxıstandan, Rusiyadan fərqli olaraq normal nəqliyyat proqramı ortaya qoyulmayıb. İqtisadçı Rövşən Ağayev bildirir ki, hazırda Azərbaycanda yolların cəmi 4-5 faizi birinci kateqoriyaya aiddir. Yəni Azərbaycanda yollar doğrudan da bərbad vəziyyətdədir və bu səbəbdən heç kim deyə bilməz ki, ölkədə yol çəkilməsinə vəsait xərclənməməlidir. «Amma bunun üçün bir proqram olmalı, ciddi şəkildə əsaslandırılma aparılmalı və ölkənin yol-nəqliyyat xəritəsi çəkilməli idi. Azərbaycanda layihələrin hətta bir çoxunun texniki iqtisadi əsaslandırması olmur. Amma Rusiya hökumətinin nəqliyyatla bağlı 25 illik proqramında çəkiləcək yolların dəyəri illərdən asılı olaraq necə dəyişəcəyi göstərilir. Azərbaycandakı layihələrin isə ekspertizası qanunvericilikdə nəzərdə tutulsa da, buna qarşı konkret tələblər yoxdur və layihələrin seçim qaydaları məlum deyil. Nəticədə layihələrin xərclərinin nə dərəcədə reallığı əks etdirdiyi ictimaiyyətə məlum olmur»,-Rövşən Ağayev deyir. Məsələn, bu gün dövlətin 1 km yola (Zığ-Aeroport yolu) 17 mln. dollar xərcləməsinin nə dərəcədə səmərəli olması əsaslandırılmalı idi. Dünyanın heç bir ölkəsində bu qiymətə yol çəkilmir. Dünyanın ən müasir və keyfiyyətli yolu sayılan Texas ştatlararası magistralının büdcəsi 509 kilometr üçün 6 milyard dollar miqdarında planlaşdırılmışdı. Eni 100 metrdən də çox olan bu nəhəng magistralın tikintisi zamanı hər kilometr 11 milyon dollara başa gəlib. Bizdə isə eni 100 metr olan yol yoxdur. Qazaxıstanda da yol tikintisinə sərf edilən məbləğ bizdəkindən dəfələrlə azdır. Bu ölkədən Qırğızıstana çəkilən birinci dərəcəli avtomobil yolunun bir kilometrinə 3.5 milyon dollar xərclənir.
Göründüyü kimi dünya praktikasında əla növ, yəni ən yüksək keyfiyyətli yolun qiyməti heç bir halda 14 milyon dolları keçmir. Birinci növ yolun 1 kilometrinin ən yüksək xərclərlə tikintisi 11 milyon dollara başa gəlir. Bu məntiqlə, uzunluğu 14 kilometr olan Əzizbəyov dairəsi-aeroport yolunun istifadəyə verilməsi üçün 120 milyon manat və yaxud 148 milyon dollar yetərli vəsait idi, hələ 8 milyon da «artıq» qalırdı. Həmin yol heç birinci növ yol kateqoriyasına da uyğun tikilmədiyindən 148 milyon dollar da kifayət qədər çoxdur.
Ancaq Nəqliyyat Nazirliyi bu vəsaitlə kifayətlənməyərək hökumətdən əlavə maliyyə resursu istəyib. Əzizbəyov dairəsi-aeroport yolunun tikintisinə daha 135 milyon manat ayırıb. İndi uzunluğu 14 kilometr olan yolun tikintisi 255 milyon manata-1 kilometr yol 22,5 milyon dollara başa gəlir. Layihənin nə vaxt başa çatacağı (yol kənarı işlər) isə məlum deyil. Bu, sonradan həmin layihənin başa çatdırılması üçün büdcədən əlavə vəsait ayrılmasını yenidən gündəmə gətirə bilər. Belə problemlərin yaşanmasının əsas səbəblərindən biri layihələrin icrasını həyata keçirəcək şirkətlərin seçilməsi üçün təşkil olunan tenderlərin qeyri-obyektiv keçirilməsidir. Eyni sözləri körpülərin, keçidlərin tikintisi də daxil olmaqla digər infrastruktur layihələri barədə də demək olar. Məsələn, 3-cu mikrorayon dairəsində tikilən yol qovşağının smeta dəyəri 14 milyon olduğu halda, ora 32 milyon manat pul xərclənib. Bununla belə layihədə nəzərdə tutulan işlərin bir hissəsi - yerüstü piyada keçidləri və avtodayanacaqlar inşa edilməmişdi. «Əzizbəyov» dairəsində inşa edilən yol qovşağı layihəsinin icrası isə davam edir. Bu layihəyə smeta dəyərindən əlavə vəsait ayrılması adi hal alıb. Əgər tenderin qalibi şəffaf və ədalətlilik prinsipi əsasında müəyyənləşdirilsə idi, o halda layihələrin xərclərinin sonradan ciddi artımı müşahidə olunmazdı. Halbuki tenderə təqdim olunmuş sənədlərdə satın alınacaq malların dəqiq qiymətləri, görüləcək işlərə çəkiləcək xərclər dəqiqliklə göstərilməlidir. «Dövlət satınalmarı haqqında»Qanunun 26-cı maddəsinə görə, satınalan təşkilat tender prosedurlarının başlanmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini mövcud qanunvericiliyə əsasən müəyyənləşdirməli, zəruri hallarda satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb etməlidir. Hər hansı tender təklifinin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənirsə, satınalan təşkilat həmin təklifi rədd edə bilər. Amma buna da əməl edilmir. Şişirdilmiş rəqəmlər, mənimsənilən pullar isə göstərir ki, layihələrlə bağlı satınalmalarda saxtakarlıqlara yol verilir. Yaxud layihələrin reallaşması ilə bağlı dövlət satınalmaları sahəsində əlverişli rəqabət mühiti yoxdur. Ölkə qanunvericiliyinə görə isə dəyəri 50 min manatdan çox olan bütün iş və xidmətlər Qanunun 17.1-ci maddəsinin müddəalarına əsasən açıq tender üsulu ilə keçirilməlidir. Rəqabəti təmin etmək məqsədi ilə müvafıq sahədə ixtisaslaşmış və potensial imkanı olan şirkətlərə fərdi dəvətlər göndərməli, tələb olunan hallarda mətbuatda elan və ya bildiriş dərc etdirməlidir. Buna da çox vaxt əməl edilmir.
TENDERLƏRDƏ MƏMUR “AĞALAR”
“Dövlət satınalmaları haqqında” Qanunun 25-ci maddəsinin birinci və ikinci bəndinə görə açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, ikimərhələli tenderin elanında isə bu müddətlər müvafiq olaraq 60 və 40 bank günü əvvəl verilməlidir. Tender elanları rəsmi mətbuatda dərc edilsə də, nəticələri barədə məlumat nadir hallarda verilir. Bu onun şəffaf keçirilməməsindən xəbər verir. Beynəlxalq praktikaya görə, tenderi o şirkət udmalıdır ki, o təklif olunan iş və ya xidməti daha ucuz qiymətə, daha qısa müddətə, daha keyfiyyətli görür. “Dövlət satınalmalırı haqqında” Qanun da satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydaları özündə əks etdirir. Ancaq bu gün Azərbaycanda satınalmalar prosesində baş verənlərdən aşkarlıqdan çox uzaqdır. Ümumiyyətlə, ölkə ictimaiyyətinin çox vaxt tenderlərdən xəbəri olmur. Çünki tenderə adətən məmurların himayə etdiyi şirkətlər buraxılır. Rövşən Ağayevin sözlərinə görə, bir məmurun himayəsində olan 10-15 şirkət tenderə qatılır, kənar hüquqi və ya fiziki şəxslərin iştirakının qarşısı alınır. Sonunda yüksək vəzifəli məmuraun himayəsində olan şirkətlərdən biri tenderin qalibi elan olunur. Bir sözlə tender elan edilməmiş adətən onun nəticələri artıq bəlli olur. Bununla da qanunun 8.1 maddəsi pozulur. Orada isə deyilir: “Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər”. Amma məmur özbaşınalığı bu maddənin də pozulmasına səbəb olur və neqativ halların ortaya çıxmasına təkan verir. Beləliklə, Azərbaycanda hər şeyin imitasiyası olduğu kimi, tender müsabiqəsini də imitasiya edirlər. Nəticədə, saxta tenderlərlə milyonlarla dövlət vəsaiti yoxa çıxır... Kimlərinsə mənimsəmə şikarına çevrilir. Tenderlərin gizli keçirilməsinin bir özəlliyi də orada yüksək vəzifəli məmurların yaxınlarının iştirakıdır. «Avtovağzal”la bağlı layihəni həyata keçirmiş “ZQAN Holdinq»in rəhbəri Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. İqtisadçı Zöhrab İsmayıl bununla bağlı deyir: «Əgər bu avtovağzal Nəqliyyat Nazirliyinin sifarişiylə tikilibsə və burda nazirin oğlunun rəhbərlik etdiyi şirkət tikinti işlərini həyata keçiribsə, bu, başdan-ayağa korrupsiyadır». Şirkətin büdcə pulları ilə həyata keçirdiyi layihələrin dəyəri barədə isə bir kəlmə də yoxdur. Nəqliyyat Nazirliyi də layihələrin smeta və yekun dəyəri, tenderdə iştirak edən başqa şirkətlərin adları və təklifləri barədə məlumatları indiyədək açıqlamayıb. «Dövlət satınalmaları haqqında» qanuna görə, əgər maraqlar toqquşması baş verərsə, həmin şəxslərin tenderdə iştirakına yol verilmir. Tenderi Nəqliyyat Nazirliyi elan edirsə və bu tenderin qalibi nazirin oğludursa, burda vəzifədən sui-istifadə var. Bunlar göstərir ki, dövlət satınalmaları sahəsində bir monopoliya var. Eyni vəziyyət, Oğuz-Bakı su kəmərinin inşasında istifadə olunacaq boruların hazırlanması məqsədilə keçirilən tenderdə də özünü göstərib.Tenderin qalibi «Azkompozit» zavodu olub. «Azkompozit» zavoduna isə spiker Oqtay Əsədova qohum olan şəxslər rəhbərlik edir. Spiker vaxtilə «Azərsu» Açıq Tipli Səhmdar Cəmiyyətinə rəhbərlik edib. Oğuz-Bakı su kəməri ilə bağlı tenderi elə bu cəmiyyət keçirib. Maraqlıdır ki, bu layihənin həyata keçirilməsi 480 milyon dollara başa gəlməli idi. Lakin həmin vəsaitə tikintini sona çatdırmaq mümkün olmayıb və nəticədə vəsait 600 milyon dollaradək artırılıb. Əslində dövlət vəsaiti hesabına aparılan investisiya layihələrində xərclərin dəyişdirilməsi ilə bağlı qərarı Nazirlər Kabineti kollegial şəkildə, bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınmaqla verməlidir. Beynəlxaq təcrübədə həyata keçirilən bu kimi iri layihələrin dəyəri maksimum 10 faiz artırıla bilər. Qiymət artımı 10 faizdən artıq olarsa, demək, qiymət artımına iqtisadi faktorlar yox, başqa amillər təsir edir. İqtisadçı Rövşən Ağayev də bu fikirdədir. Göründüyü kimi hər bir sahənin öz yüksək vəzifəli məmur “ağası” var. Bu cür tenderlərdə “ailə”yə daxil olmayanların qalib gəlməsi mümkün deyil. «Oray» MMC-nin rəhbəri Qaşqay Həsənov onlardan biridir. O deyir ki, hökumət orqanlarının keçirdiyi tenderlərdə iddiaçılar arasında texniki, maliyyə və təcrübə sarıdan üstünlük əldə etmək üçün bir neçə şirkətin alyansını yaradıb. Yenə də qaliblər cərgəsinə düşmə bilməyib. O, yalnız xarici təşkilatların və özəl qurumların keçirdiyi tenderlərdə uğur qazana bilir. Bu da onu göstərir ki, müsabiqə qalibinin seçilməsi zamanı tender təkliflərinin qiymətləndirilməsində subyektivliyə yol verilir, rəqabətin təmin edilməməsi, iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmələr isə korrupsiya dələduzluqdan xəbər verir.


TENDERİN KEÇİRİLMƏSİNDƏ ƏN TƏHLÜKƏLİ MƏQAM
Azərbaycanda keçirilən tenderlərlə bağlı faiz söhbəti də var. Tenderə çıxarılan xidmət və iş üçün müqaviləyə uyğun olaraq ayrılan vəsaitin bir hissəsi bəri başdan tenderi keçirənlər tərəfindən “qalib” şirkətdən alınır. Qanunun 39-cu madəssinə əsasən tender prosedurları zamanı verilmiş tender təklifi ilə əlaqədar satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında danışıqlar aparılmasına yol verilmir. Qanun yol vermir, amma reallıqda bunun tərsi baş verir. Dövlət satınalmalarında ən təhlükəli məqam da budur. Aydındır ki, tenderdə qalib gələn şirkət verdiyi faizi kompensasiya etmək və daha böyük gəlir əldə etmək üçün keyfiyyətsiz iş görür. İstifadəyə verildikdən qısa müddət sonra yolların, körpülərin bərbat hala düşməsi, çökməsi adi hal alması da bundan xəbər verir. Məsələn, bu yaxınlarda “Xalqlar Dostluğu” metrosunun yaxınlığında istifadəyə verilmiş körpüdə problem yaranıb. Körpünün “Yeni Günəşli” istiqamətdə gedən yolda çökmə baş verib. Eyni vəziyyət paytaxtda istifadəyə verilmiş körpülərin əksəriyyətində müşahidə edilib. Onların altında və üstündə müxtəlif çökəkliklərə tez-tez rast gəlinir. Kosmetik təmirlə bunları gizlətməyə çalışsalar da, problem başqa bir yerdə özünü göstərir. Qaçqın və məcburi köçkünlər üçün tikilən evlərin döşəməsinin çökməsi, divarlarının çat verməsi və sairə, və ilaxırlar da görülən işlərin keyfiyyətsizliyini ortaya qoyur. Deməli, tenderlərdə korrupsiya, məmur özbaşınalıqları məsələləri var.
Bəzi məmurlar müəyyən məsələlərlə bağlı infomasiyaların verilməməsində maraqlı olmamaları da bundan xəbər verir.
Bu özbaşnalfığın nəticəsidir ki, adı olan və heç bir fəaliyyəti olmayan əldəqayırma şirkətlər tenderdə qalib gəlir. Sabirabadda kanalizasiyanın təmiri ilə bağlı tenderin qalibi olan şirkətinn nizamnamə fondu 6 manat, işçisinin sayı isə prezident olmaqla bir nəfər olub. Bir işçisi olan şirkətin tenderdə qalib gəlməsi çox şeydən xəbər verir. Əslində satınalma müqaviləsinin icrasını təmin etmək üçün qalib şirkətlərin müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı diqqətə alınmalı idi. Bunu qanunun 6-cı maddəsi tələb edir.
Göründüyü kimi buna da əməl edilmir. İşçisi olmayan şirkətlər layihəni həyata keçirərkən küçələrdən qeyri-peşakar insanları işə cəlb edirlər. Onlar ilə əmək müqavilələri bağlanmır və nəticədə işçilərə görə şirkətlər tərəfindən məcburi sosial sığorta haqları da ödənilmir. Bu azmış kimi əmək haqqları nəzərdə tutulduğundan bir neçə dəfə az ödənilir. Məqsəd az xərclə daha çox qazanmaq hərisliyidir. Neqativ hallar Tender komissiyasının məsuliyyətsizliyini göstərir. Qanunun 38-ci maddəsinə görə, tender komissiyasının sədri və üzvləri vəzifələrini yerinə yetirərkən obyektiv və bitərəf mövqedən çıxış etməlidirlər. Əgər onlarn qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunmalı və satınalan təşkilat həmin iş üzrə yeni tərkibdə tender keçirməlidirir. Türkiyədə bu təcrübədən istifadə olunur. «PETKİM» şirkətinimn nəzarət-səhm paketinin alınması ilə bağlı keçirilən birinci tenderin nəticələri dövlətin maraqlarına cavab vermədiyindən ləğv olunmuşdu. Təkrar keçirilən tenderdə isə ARDNŞ qalib gəlmiş, «PETKİM» şirkətinin nəzarət-səhm paketinə sahib olmuşdur.
Türkiyənin bizdən fərqli daha bir özəlliyi var. İstanbul Böyük Şəhər Bələdiyyəsində Hüquq İdarəsinin keçmiş rəisi Musa Hacıöməroğlu deyir ki, onlarda tenderin keçirilməsi Azərbaycandan fərqlənir: "İş əvvəlcədən təsbit edilən qiymətə başa gəlmirsə, dayandırılır. Əlavə tender keçirilir.
Bizdə qaydalar belədir". Təki Azərbaycanda da belə olsun
Təhsil simstemində fərqli məbləğdə oxşar layihələr gerçəkləşdirilir. Məsələn, ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyilə Bakının Əzizbəyov rayonunun Yeni Qala qəsəbəsində 20 sinifilik (Təhsil Nazirliyinin normativlərinə görə 400 şagirdlik) məktəb tikdirib və Azərbaycanın Təhsil Nazirliyinə təhvil verib. Həmin məktəb 300 min dollara (255 min manata) başa gəlib. Bu Təhsil Nazirliyinin büdcənin pulu ilə Qəbələdə tikilmiş təxminən eyni ölçülü (380 şagirdlik) məktəbdən 6 dəfə ucuzdur. Özü də səfirliyin tikdiyi məktəbin hər cür təchizatı var. Xudatda 1 şagirdə düşən xərc 1185 manat təşkil edibsə, Xaçmazda isə bu rəqəm 3020 manata çıxıb. Kifayət qədər böyük fərq var. Bu günədək bu fərqi soran yoxdur. Çünki tikintini məmur «ağalar»ın öz adamları və ətrafları aparır. Ya da şişirdlilmiş layihənin dəyərinin təqrimbən 30 faizini bəri başdan ödəmiş şirkətlər yerinə yetirir. Məktəblərin kompüterlə təchizatında da anoloji vəziyyət olub. Proqramla bağlı satınalmalar prosesində qeyri-şəffaf və qeyri-obyektiv tender keçirib, tenderin qalibi olmuş "KÜR" MMC prosesə qatılmaqla yanaşı, “qalib gəlməsi” də ciddi qanun pozuntuları ilə müşayiət olunub. Maxinasiyalar elə tenderdən başlayıb. Təhsil Nazirliyindən təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov "KÜR"-ün tender qalibliyi əldə etməsini MMC-nin təklif etdiyi qiymətlərin çox aşağı olması ilə əlaqələndirib. Maraqlıdır ki, qarşı tərəf olaraq "KÜR" MMC-nin direktoru Rizvan Osmanov isə çəkiliş zamanı “çox sağ olsun tender komissiyasının üzvləri ki, bizə üstünlük veriblər, hətta qiymətlərimizdə bir az üstünlük də olsa", - deyib. Bu, Qanının Xidmət təkliflərinin qiymətləndirilməsi və müqayisəsi ilə bağlı olan 44-cü maddənin pozulması deməkdir.
Açıq, ikimərhələli, qapalı və məhdud tenderlərdəki korrupsiya, milyonlarla manat vəsaitin mənimsənilməsi Azərbaycanda inkişafın qarşısını kəsir. Nəticədə iqtisadiyyatın balanslaşdırılmış inkişafına problemlər yaranır, xarici borcları aprtırır. Təyinatı üzrə xərclənməyən 40-50 faiz vəsaitə ölkədə rəqabət qabiliyyətli qeyri-neft sektorunun inkişafında müəyyən uğurlara nail olmaq, ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək istiqamətində xeyli işlər görmək mümkün idi. Dövlət satınalmalarındakı neqativ hallar isə Qanunda dəyişikliyə ehtiyac olduğunu ortaya qoyur.
Pünhan Qarapapaqlı
Yazı İqtisadi TəşəbbüslərəYardım İctimaiBirliyi “Azərbaycanda dövlət satınalmaları sistemində şəffaflıq” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#ARAŞDIRMALAR bölümünün son 20 xəbəri:



#ARAŞDIRMALAR bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829