Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Gürcüstan boyda pəncərə

  Sayta qoyulub: 16:40 17.12.2009 (970 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Mirzə Cəlil, "Molla Nəsrəddin" jurnalı... Ötən əsrin əvvəllərində Tiflis Qafqazın mədəni paytaxtı idi. İndi də belədir. Beynəlxalq təşkilatların Qafqaz üzrə mərkəzi ofisləri Tiflisdə yerləşir.
Ötən əsrin əvvəllərində normal və zamanəsindən bir addım qabaqda olan insanlar təmiz hava udmaq üçün Tiflisə gedirdilər. İndi də belədir.
Qori seminariyası, "Molla Nəsrəddin" jurnalı... Bunlar bizə Gürcüstandan gələn işıqlardır. Çoxlu-çoxlu eşq, sevgi məcarələri... Gedib-gələnlərin əksəriyyətinin danışmağa söhbəti var. Danışanlara qulaq asanlar isə xatırlayırlar. Bu da bir şəhəri sevmək üçün bəsdir.
Hər dəfə Tiflisi tərk edəndə düşünürəm ki, bu dəfə də az oldum, az qaldım. Yer vardı, getmədim. Adam vardı, görüşə bilmədim. O qədər də böyük olmayan bir şəhər üçün bu, çox böyük qiymətdir. Tiflis özümü ən sərbəst hiss etdiyim şəhərdir. Orda çox şey mənim xoşuma gəlir. Yağış, adamların geyiminə baxmaq, siqaret çəkmək, səhər yeməyi, içmək, küçələrdə məqsədsiz gəzmək...
Qəribə bir ruhu var Tiflisin. Bir az pafoslu çıxacaq, amma mənə həmişə elə gəlib ki, Tiflis kafelərində ən sevdiyim, hörmət bəslədiyim adamlarla qarşılaşacam. Həmçinin, bu dünyada olmayanlarla. Başımı çevirəcəm, bir də görəcəm ki, ötən əsrin kişiləri qonşu masada əyləşiblər. Mübahisə edirlər, şeir oxuyurlar, əsəbləşirlər, küsüb-barışırlar...
Tiflis həm də yeganə şəhərdir ki, mən, Azərbaycan dilində danışan adam görəndə sevinirəm. Bir fürsət axtarıb, bir bəhanə taparaq yaxınlaşıb tanış oluram. Başqa şəhərlərdə isə azərbaycanlı görəndə üzümü çevirirəm. Orada çox şey mənə doğmadır. Gürcüstana gedib-gələn hər bir jurnalist yorulmadan qonşu ölkə haqqında reportaj yazmalıdır. Yeri gəlmişkən, Səbuhi Məmmədlinin Gürcüstandan yazdığı və "Azadlıq" qəzetində dərc olunan reportajı çox dəhşətli idi. Bu reportaja görə, şəxsən Səbuhi Məmmədliyə təşəkkürümü bildirirəm.
Biz Gürcüstana çox diqqətlə yanaşmalı, Gürcüstana daha çox insanın gedib-gəlməsinə həvəs oyatmalıyıq. Hardasa təxminən yüzə qədər gənc tanıyıram, yeni ili Tiflisdə qarışlamağı planlaşdırıblar. Çox gözəl. Neft ölkəsinin gəncləri yeni ili Tiflisdə qarşılamaq istəyirlər. Bu hərəkat genişlənməlidir. Qiymətlər ucuz, sərbəstlik, daha maraqlı ölkə...

Tiflisi bir daha görmək məqsədiylə maraqsız, mənə dəxli olmayan seminarlarda, konfranslarda iştirak etməyə razılıq vermişəm. İndi Azərbaycanda populyar mövzu Gürcüstandır. Bu yaxınlarda səhhətimlə bağlı iyirmi gün şəhərdə olmadım. Tamam başqa atmosferə düşmüşdüm. Getdiyim məkana Azərbaycanın müxtəlif yerlərindən müxtəlif təbəqələrə mənsub, müxtəlif peşə sahibləri yığışmışdı. Beş-altı adam bir yerə toplanıb söhbət edirdilərsə, sonda və ya əvvəldə Gürcüstan haqqında danışırdılar: "Deyirlər, Gürcüstanda "QAİ" rüşvət almır". Kimi eşitdiyini, kimi gördüyünü danışırdı. Bəziləri hətta söhbəti şişirdirdi. Amma bu, zərərsiz şişirtmədir. Əksinə, bizim xeyrimizədir. Türkiyədə polisin rüşvət almaması bizim üçün təbiidir. Bu, söhbət mövzusu ola bilməz. Gürcüstana gəldikdə format dəyişir. Əvvəla bir imperiyanın tərkibində yaşamışıq. Eyni bölgədə yaşayırıq. Ən əsası Saakaşvili hakimiyyətinə qədər Gürcüstanda rüşvət tüğyan edirdi. Gürcüstan, "biz düzəlməyəcəyik",- deyib yaxasını kənara çəkmək istəyənlərə, mövqeyini bildirməkdən çəkilənlərə ən gözəl cavabdır. Məhz Gürcüstan nümunəsi göstərdi ki, rüşvətin tüğyan etdiyi ölkədə rüşvəti yığışdırmaq mümkündür. Yol polisi rüşvət almaya bilər. Yol polisi ağacın, kolun, daşın arxasında gizlənməməlidir. Yol polisi maşınların rahat hərəkət etməsinə şərait yaratmalıdır. Qoy, Gürcüstan mövzusu bütün söhbətləri işğal etsin. Daha çox insan Gürcüstana getsin və neft ölkəsinin gömrük məntəqəsiylə kasıb Gürcüstan dövlətinin gömrük məntəqəsi arasındakı fərqi öz gözləriylə görsünlər. Görsünlər və danışsınlar.
Gürcüstan bizim üçün bir pəncərədir. Biz bu pəncərəni daima açıq saxlamalıyıq. Saakaşvili hakimiyyəti Gürcüstanda rüşvətin kökünü kəsməklə qiymətli Şərq məsəlini daha da qiymətə mindirdi: "Pis zəmanə yoxdur, pis sultan var".
Rus nəsrinin gözəl bir nümunəsini xatırlayıb paralellər aparmaq istəyirəm. Qonçarovun "Oblomov" əsərində gözəl bir məqam var. Əsərin qəhramanı heç bir iş görmür. Onun təsərrüfatını idarə edən adamlar haqq-hesabda Oblomovu aldadırlar. Oblomovun xərcləri artmaqda, gəlirləri azalmaqdadır. Əkin sahələri sıradan çıxıb, bərbad vəziyyətə düşməkdədir. Oblomov evdən bayıra çıxmır. Bir gün Oblomov evin toz içində olduğunu görüb nökəri Zaxardan soruşur:
- Evi niyə təmizləmirsən?
Zaxar öz sadəliyi ilə mükəmməl cavab verir:
- Siz evdən çıxmırsız. Mən evi təmizləmək istəyəndə siz qışqırırsız. Toz qaldırmayın deyirsiniz. Bəs, mən evi nə zaman təmizləyim?
Beləcə, onların arasında mübahisə yaranır.
Zaxarın atası Oblomovun atasına xidmət edib. Oblomov Zaxarın gözləri qarşısında böyüyüb. Xüsusən bir söz Oblomovu mübahisə zamanı dəli edir. Zaxar Oblomova deyir:
- Başqaları sizin kimi hərəkət etmir.
"Başqaları" sözü Oblomova çox pis təsir edir. "Başqaları"- bu ağır ittihamdır. "Başqaları"nı həzm etmək çətindir. Bəli, "başqaları"nın yol polisi kol, ağac, daş dalında gizlənib rüşvət yığmır. "Başqaları"nın yol polisi sürücülərlə ədəb-ərkanla davranır. Bir tərəfimiz İran, bir tərəfimiz Rusiyanın Dağıstanı, Ermənistan, Türkiyə, Qazaxıstan, Türkmənistan...
İran bəlli məsələdir. Qazaxıstanda Nazarbayev hələ də hakimiyyətdədir. Dağıstan haqqında danışmağa dəyməz. Türkmənistanda hələ də orta əsr adət-ənənələri davam edir. Ermənistanla düşmənik. Türkiyə bizə serial, Harun Yəhyanın kitablarını, dönər, "Sirlər dünyası" serialı göndərməkdədir. Bütün bu ölkələr Azərbaycandakı vəziyyətə, dumanın daha da qatılaşmasına öz təsirini göstərir. Yəni, bizim düşdüyümüz vəziyyətə bir az haqq qazandırmış kimi olur. Qonşunun kim olması çox əhəmiyyətlidir. Ataların sözüylə desək: "Qonşu qonşu olsa, kor qızı ərə verər". Bizim qonşularımız Azərbaycandakı mövcud hakimiyyət üçün gözəl bir xonçadır. Vəziyyətimizi şərtləndirir. Qalır təkcə Gürcüstan. Hər mənada Gürcüstan bizim üçün dəyərlidir. Gürcüstan yeganə nəfəslikdir. Gürcüstan bizim "başqamız"dır. Bu nəfəslikdən gələn hava bizi tam boğulmağa qoymur. Siz Saakaşvilinin siyasi gedişlərinə əhəmiyyət verməyin. Bəzən o, Azərbaycan hakimiyyəti haqda xoş sözlər işlətməyə məcbur olur. Əsas odur ki, Gürcüstanda yol polisi daşın, kolun, ağacın arxasında gizlənib rüşvət almır. Əsas odur ki, kasıb Gürcüstanın idmançıları sovetdən qalma idman bazalarında məşqlər edərək hər bir şəraitlə təmin olunan Azərbaycan idmançılarından yarışlarda, çempionatlarda daha yaxşı nəticələr göstərirlər. Əsas odur ki, Gürcüstan şirkətləri, bankları, iş adamları teatra, ədəbiyyata daha çox qayğı göstərirlər. Əsas odur ki, Saakaşvilinin yemək yediyi restoranın yerləşdiyi küçə saatlarla bağlanmır. Əsas odur ki, Gürcüstanda Ziya Məmmədovun qoçuları sürücüləri xalqın gözü qarşısında təpiyin altına salmırlar. Əsas odur ki, mən yenə də Tiflisə getmək, Batumidə dəniz kənarında gəzmək istəyirəm.
Son
Bir məsələdə xüsusən diqqətli olmalıyıq. Xüsusən jurnalistlər. Azərbaycanın bölgələrini "yaddan çıxarıb" Borçalı dərdindən danışanlar unutmamalıdırlar ki, Saakaşvilinin adını korrupsiyada hallandırmırlar. Hər dəfə qəzetlərdə Gürcüstandan reportaj dərc olunandan sonra Borçalını xatırlayanlar birmənalı olaraq, ya hakimiyyətin, ya da Rusiyanın müəyyən dairələrinin sifarişini yerinə yetirirlər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829